Məhkəmə qərarları › İş №2(011)-2566/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2566/2022

28.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2566/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus “BMW” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 3110 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “BMW” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir, həmin avtomobili etibarnamə əsasında idarə etmək üçün R.Rəsulova vermişdir, həmin avtomobil xx.xx.2021-ci il tarixdə Nizami rayonunda idarə edərkən cavabdehin idarə etdiyi “Kia Rio” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, hadisə ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmçinin cavabdeh AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsauliyyətə cəlb edilmişdir, Nizami rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinərək 200 manat inzibati cərimə edilmişdir, hadisə nəticəsində iddiaçıya 8110 manat məbləğində ziyan dəymişdir, bu barədə Avtoservis 888 tərəfindən qüsur aktı tərtib edilmiş, dəymiş ziyan 8110 manat müəyyən edilmişdir, dəymiş ziyanın 5000 manat hissəsi cavabdehə məxsus avtomobilin icbari sığorta şirkəti tərəfindən ödənilmişdir, lakin 3110 manat cavabdheh tərəfindən ödənilməmiş qalır, cavabdehə dəfərələrlə dəymiş ziyanın ödənilməsini tələb etmiş lakin cavabdeh bundan boyun qaçırmışdır, şəxsin təqsirkar olması ilə bağlı qərar da vardır, qərardan şikayət də verilmiş, qüvvədə qalmışdır, həmçini iş üzrə keçirilmiş ekspertizanın dəyəri də iddiaçı tərəfindən ödənilmişdir, lakin bununla bağlı qəbz yoxdur. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, hadisə baş verən zaman lazımi araşdırma aparılmamışdır, belə ki, cavabdehin avtomobili aşmış, daha sonra onun avtomobili ilə toqquşmuşdur, iddiaçı qarşı tərəfdən gələrək onun avtomobilini vurmuşdur, hətta buna dair video var, ancaq onu gizlədirlər, Polis idarəsinə məsələ ilə bağlı izahat vermişdir, iddia tələbini qəbul etmir, çünki hadisədə heç bir təqsiri yoxdur. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş 422492 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamənin surətindən görünür ki, İddiaçı “BMW 320” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2022-ci il tarixədək X5 vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə verilmiş 019120 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Rio” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Nəqliyyat vasitələrindən sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X2 Rio” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək və s. səlahiyyətini xx.xx.2022-ci il tarixədək Cavabdeh vermişdir. İş materiallarında olan Nizami RPİ TŞ-nin 30 noyabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində AR CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Nizami DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2021-ci i tarixdə saat 12:50də “Kia Rio” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Cavabdeh AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, xəta nəticəsində X1 qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət yetirilmişdir. İş materiallarında olan “Dəymiş Zərərin hesablanmasına” dair xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, 1997-ci il buraxılışlı “BMW” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ehtiyat hissələri - 4560 manat və işçilik – 3550 manat nəzərə alınmaqla cəmi 8110 manatdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2021-ci il tarixli 8/2709 №-li Ekspert Rəyinin surətinə əsasən, təqdim edilmiş “Kia Rio” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində və “BMW” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr, izlər öz formasında morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitələrinin bir-birləri ilə toqquşması nəticəsində yaranması mümkündür. İlkin Kontakt anında “Kia Rio” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə “BMW” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa nisbətən sol hissəsi arasında təxminən 10-15 dərəcə bucaq altında baş vermişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2021-ci il tarixli 8/2923 №-li Ekspert Rəyinin surətinə əsasən, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Rio” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində Yol hərəkəti haqqında AR Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 17 saylı Mütəxəssis Rəyindən görünür ki, “Avtoservis 888” in əməkdaşları tərəfindən tərtib olunmuş aktına əsaslanaraq “BMW” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğini 8110 manat, (ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) yəni ehtiyat hissələri 4560, manat, işçiliklərinə isə 3550 manat sərf olunduğu müəyyən edilmiş və həmin avtomobilin hansı hissələrinin təmirə, hansı hissələrinin isə dəyişdirməyə ehtiyac olması və hər birinin dəyəri ayrı-ayrılıqda tədqiqat hissəsində göstərilmişdir. İş materiallarında olan 10 №-li Hesabdan görünür ki, aparılmış işlərin cəmi məbləği 150 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “BMW” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur, həmin avtomobilə 24 noyabr 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində A.S.Mehtiyev oğluna məxsus olan və hadisə zamanı etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan “Kia Rio” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə zərər vurulmuşdur, E.S.X6 Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, haqqında inzibati xəta haqqında Protokol tərtib olunmuşdur, hadisə nəticəsində “BMW” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən R.Rəsulovun sağlamlığına yüngül xəsarət yetirilmişdir, həmin avtomobilin təmir-bərpa xərci ehtiyat hissələri - 4560 manat və işçilik – 3550 manat nəzərə alınmaqla cəmi 8110 manat təşkil edir, iddiaçıya sığorta şirkəti tərəfindən 5000 manat sığorta ödənişi edilmişdir, hazırki tələb geriyə qalan 3110 manat məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədədir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən 08 avqust 2022-ci il tarixli mütəxəssis rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği mütəxəssisin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq, ehtiyat hissələri - 4560 manat, işçilik – 3550 manat olmaqla cəmi 8110 manat məbləğində müəyyən edilməli, dəymiş ziyan hesablanarkən sığorta ödənişi kimi ödənilmiş 5000 manat məbləğ nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən dəymiş maddi ziyanın əvəzi kimi 3110 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olunması halları müəyyn edilmədiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh iddia tələbinin həcmi nəzərə alınmaqla (3110 manat) ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,10 manat alınaraq iddiaçıya, işə baxılması ilə əlaqədar keçirilmiş tədqiqatının dəyərini təşkil edən 150 manat tutularaq Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 3110 (üç min yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 (əlli bir) manat 10 (on) qəpik tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-yə (Bank: Kapital bank Neftçilər KM filial, hesab: AZ57A11B400500C**********211 Kod: 201229 Müxbir hesab: AZ37NABZ******************** VÖEN: **********, SVİFT: A11BAZ2XXXX) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar