Məhkəmə qərarları › İş №2(011)-2579/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2579/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2579/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oruclu X1 Hüseyn Elman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat, nümayəndə xərci 100 manat və 31 manat dövlət rüsumu, ümumilikdə 1131 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, bankdan çıxarışlar gətirmişdir, özünün də 16-17 maşını vardır, buna görə ona başqa adamlar da ödəniş edir, bu səbəbdən cavabdehə etdiyi ödənişlərlə bağlı qəbzlərin ona verilməsini istəmişdir, bankdan araşdırması üçün borc ödənişləri ilə bağlı qəbzləri qarşı tərəfdən dəfələrlə tələb etmişdir, lakin cavabdeh qəbzləri, nə də onların surətlərini verməmişdir, indi isə borcu ödədiyini, amma qəbzlərin avtomobildə yandığını deyir, cavabdeh 540 manat ödəniş etmişdir, bunu qəbul edir, çünki bankdan çıxarış və qəbz var, cavabdehdə olan məhkəmədə dinlənilən səs onun səsidir, cavabdehdən işin məhkəməyə getməməsi üçün borcunu ödəməsini tələb etmiş, amma cavabdeh yenə də borcu ödəməmişdir, cavabdehin 510 manat borcu olmasını qəbul edir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə kredit müqaviləsi bağlamışdır, borcları hissə-hissə ödəmişdir, bu barədə qəbzləri vardır, ödəniş qəbzlərinin sadəcə ikisi yoxdur, avtomobili yanmış, həmin iki qəbz də bu zaman yanmışdır, ona görə həmin qəbzləri təqdim edə bilmir, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, axırıncı ödənişi xx.xx.2023-cü il tarixdə olmuş, 540 manat ödəniş etmişdir, iddiaçının səs yazıları da vardır, xx.xx.2023-cü il tarixdə iddiaçı ilə telefon danışıqları olmuşdur, xx.xx.2023-cü ilin aprelində 510 manat borcu olduğunu demişdir, itən qəbzlərin hansı tarixə aid olduğunu bilmir, lakin iddiaçıya olan borcunu ödəmişdir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc verən İddiaçı və borc alan Cavabdeh arasında bağlanmış 17 avqust 2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, borc verən borc alana 8910 manat məbləğində borc pul vermiş, borc alan krediti xx.xx.2022-ci il tarixinədək hər ay – ayda 405 manat olmaqla, 22 ay müddətinə kimi borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə əsasən, borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlər təsdiqləməlidir. Müqavilənin 8-ci bəndinə əsasən, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə, Cavabdeh “Azərpoçt” vasitəsilə pretenziya məktubu ünvanlayaraq, ondan 1000 manat pulu və nümayəndəyə ödədiyi 100 manat pulu qısa müddətdə bank hesabına ödənilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 6265 saylı qəbzin surətindən görünür ki, “eManat” ödəniş sistemi vasitəsilə İddiaçı “Kartmane” debit kartına 700 manat mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 3390 saylı qəbzin surətindən görünür ki, “eManat” ödəniş sistemi vasitəsilə İddiaçı “Rabitəbank” hesabına 300 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 10697 saylı qəbzin surətindən görünür ki, “eManat” ödəniş sistemi vasitəsilə İddiaçı hesabına 300 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 18616 saylı qəbzin surətindən görünür ki, “eManat” ödəniş sistemi vasitəsilə İddiaçı “Rabitəbank” hesabına 300 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 4763 saylı qəbzin surətindən görünür ki, “eManat” ödəniş sistemi vasitəsilə İddiaçı “Rabitəbank” hesabına 300 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, “Milliön” elektron ödəmə sistemi vasitəsilə İddiaçı (doğum tarixi xx.xx.1957) “Kartmane” debit kartına 300 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, “Milliön” elektron ödəmə sistemi vasitəsilə İddiaçı (doğum tarixi xx.xx.1957) “Kartmane” debit kartına 60 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, “Milliön” elektron ödəmə sistemi vasitəsilə İddiaçı (doğum tarixi xx.xx.1957) “Kartmane” debit kartına 100 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, “Milliön” elektron ödəmə sistemi vasitəsilə İddiaçı (doğum tarixi xx.xx.1957) “Kartmane” debit kartına 50 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, “Milliön” elektron ödəmə sistemi vasitəsilə İddiaçı (doğum tarixi xx.xx.1957) “Kartmane” debit kartına 50 manat ödəniş edilmişdir. İş materiallarında görünür ki, “X3” MMC və İddiaçı arasında bağlanmış 04 №-li müqaviləyə əsasən, sifarişçi icraçının hesabına nağd qaydada 100 manat ödəməyi, icraçı sifarişçinin bütün məhkəmə instansiyalarında və bütün dövlət təhqiqat, istintaq, polis, prokurorluq, icra orqanlarında və s. hüquq xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “X3” MMC-nin ƏFB seriyalı 579905 saylı 31 yanvar 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 31 yanvar 2023-cü il tarixli 04 nömrəli müqaviləyə əsasən 100 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 31 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli yazılı formada kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 8910 manat borc almış və onu xx.xx.2022-ci il tarixinədək hər ay – ayda 405 manat olmaqla, 22 ay müddətinə kimi borc verənə qaytarmağı öhdəsinə götürmüş, lakin qeyd olunan tarixədək borcu tam qaytarmamaqla müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir, müqavilə üzrə onun iddiaçıya 510 manat borcu qalmışdır, iddiaçı tərəfindən pul məbləğinin qaytarılması barədə xəbərdarlıq məktubu ilə cavabdehə rəsmi məktubla müraciət olunmuşdur, nümayəndənin göstərdiyi yardıma görə “X3” MMC-yə 100 manat ödənilmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan kredit müqaviləsi əsasında 8910 manat borc alması, həmin məbləği müqavilədə nəzərdə tutulmuş müddətinə kimi borc verənə qaytarmağı öhdəsinə götürməsi, lakin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada tam yerinə yetirməməklə iddiaçıya borcunun qalması iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Məhkəmə, iddiaçının cavabdehin borc məbləği barədə etiraflarını, bu barədə məhkəmə iclasında dinlənilmiş səs yazısını nəzərə alaraq, kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə ödənilməli olan məbləğin iddia tələbində göstərilən məbləğə uyğun olaraq deyil, 510 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, iddia tələbinin “nümayəndə xərci kimi 100 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 100 manat pul məbləğini, 1000 manat qiymətində olan iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Məhkəmə, cavabdehin borcun tam qaytarması barədə dəlillərinə münasibətdə hesab edir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə borc almasını etiraf etdiyindən, həmin məbləği geri qaytarması barədə sübutetmə yükü daşıyır. Bu, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.3-cü maddəsinin tələblərindən də irəli gəlir. Həmin maddəyə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Göründüyü kimi, kredit müqaviləsi üzrə 510 manat qalıq borcun qaytarılmasını təsdiq edən, borcun tam qaytarılması hallarına dair sübutlar məhkəməyə təqdim edilməmiş, belə hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, borc məbləği kimi 510 manat, nümayəndənin göstərdiyi yardıma görə çəkilmiş xərc kimi 100 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, tərəflərin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət iddianın təmin edilmiş hissələrinə uyğun olaraq onlara aid edilməli, təmin edilmiş iddia qiymətinin 1000 manatadək olması olması nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə (1 manat) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh borc məbləği kimi 510 (beş yüz on) manat, nümayəndənin göstərdiyi yardıma görə çəkilmiş xərc kimi 100 (yüz) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar