Məhkəmə qərarları › İş №2(011)-2586/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2586/2025

04.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2586/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Rəman qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Rəman qızı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən edilmiş alimentin artırılaraq bir uşaq üçün 246 manat olmaqla, cəmi 492 manata çatdırılması və Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı iki övladları anadan olmuşdur. Müəyyən vaxtlar aralarında narazılıqlar olsa da, övladlarının xatirinə ailənin qorunub saxlanılmasına çalışmışdır. Lakin sonradan cavabdehin valideynlərinin müdaxiləsi nəticəsində münasibətləri pisləşmiş və cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-633/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 2065 saylı aktla qeydə alınmış nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 onun himayəsində saxlanması qət edilmişdir. Bildirir ki, övladları ilə birlikdə anasına məxsus olan evdə yaşayır. Uşaqlar böyüyüb, maddi tələbatları artıb. Lakin alimentin məbləğinin öz aralarında razılıq formasında artırılmasını xahiş etsə də, cavabdeh buna razılaşmamışdır. Cavabdehin qazancı isə çox yaxşıdır. Məhkəmənin təyin etdiyi bir uşaq üçün 235 manat aliment miqdarı indiki dövrdə övladının saxlanılması üçün çox az bir miqdardır. Uşaqlar məktəbli olduğuna görə həmin aliment pulu onların ehtiyacına kifayət etmir. İddiaçı Rəman qızı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb edərək, izahatında göstərmişdir ki, artıq digər məhkəmənin qərarı ilə uşaqlar üçün ödənilən alimentin məbləği indeksasiya edilmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3197/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3120/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X2 ödənilməsi qət edilmişdir. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı mövcud tələbini ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artırılması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmiş və həmin qərarın 8.4-cü bəndinə 8.4-3-cü yarımbənd əlavə edilmişdir və qeyd edilmişdir ki, “əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. Buna görə də minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması əsası ilə verilmiş hazırki iddia tələbinin təmin edilməsi üçün əsəs yoxdur. Belə ki, uşaqlar üçün yaşayış minimumunun artırılması tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması, sonuncunun zənginləşməsi anlamına gəlmir. Buna görə də iddia bu hissədə təmin edilməməlidir. Əlavə olaraq iddiaçıya izah edilməlidir ki, iddiaçı ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımına görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3197/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində göstərilmiş aliment məbləğinin indeksasiyası ilə bağlı tələbi irəli sürərsə, həmin tələb iddia ərizəsinin verilməsi yolu ilə deyil, icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri əsasında) həll edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Rəman qızının Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən edilmiş alimentin artırılaraq bir uşaq üçün 246 manat olmaqla, cəmi 492 manata çatdırılması və Cavabdeh tutularaq ona ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar