Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2592/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
İşə baxan məhkəmənin mövqeyi:
4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
5. Belə ki, mülki peosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması zəruridir.
6. Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdeh qismində Cavabdeh1 və Cavabdeh2 qeyd edilmiş, iddiaçının tələbi maddi və mənəvi zərərə görə vurulmuş 3900 manat pul vəsaitinin tutulması, 150 manat- 555 saylı avtoservisə qüsur aktı ilə əlaqədar ödənilmiş məbləğ və Xətai Rayon Məhkəməsinə 66 manat dövlət rüsumu, Nərimanov Rayon Məhkəməsinə 66 manat dövlət rüsumu və Azərpoçta 5 manat rüsum, 4500 manat maddi və mənəvi təzminat, məktubların yazılmasına görə 9 manat pulun ödənilməsidir. Lakin iddiaçının iddia ərizəsinin tələb hissəsində qeyd etdiyi tələblər aydın və konkret ifadə edilməmiş, iddiaçının cavabdeh qismində cəlb edilmiş hər iki şəxsin hər birindən maddi ziyana və mənəvi zərərə görə nə qədər məbləğində pulun tutulması konkret olaraq göstərilməmişdir. Məhkəmə hesab edir ki, tələb aydın və dəqiq ifadə edilməmişdir.
7. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində qeyd edilməlidir. Hazırki iddia ərizəsi üzrə iddiaçının hər bir cavabdehə qarşı yönəlmiş tələbi aydın və dəqiq göstərilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
8. Eyni zamanda iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır.
9. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 114, 152, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.
3. İddiaçı tərəfindən Kapital Bank ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş ********** qəbz nömrəli 65 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.
4. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
5. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova