Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-26/2022 08.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “borc verilmiş pulun məcburi alınması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.000 ABŞ dolları borc verilmiş pulun və 30 manat dövlət rüsumunun məcburi alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıların mərhum atası X4 2018-ci ildə notarial qaydada təsdiqlənən müqavilələrlə iki dəfə borc almışdır. 26 yanvar 2018-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat kontorunda rəsmiləşdirilmiş, reyestrdə 3M- 763 nömrə ilə qeydə alınmış, notarial qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən Cavabdeh iddiaçıların mərhum atası X4 26 aprel 2018-ci il tarixdə qaytarmaq şərti ilə 10.000 ABŞ dolları borc almışdır. 22 iyun 2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş, reyestrdə 3M-1254 nömrə ilə qeydə alınmış, notarial qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən Cavabdeh iddiaçıların mərhum atası X4 22 dekabr 2018-ci il tarixdə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları borc almışdır. Lakin cavabdeh notarial qaydada iddiaçıların mərhum atası ilə müqavilələr bağlayıb öhdəlik götürməsinə baxmayaraq həmin borclarını, yəni cəmi 30.000 ABŞ dolları pulu qaytarmamışdır. X9 09 oktyabr 2018-ci ildə vəfat etmişdir. Bakı şəhəri 54 saylı Notariat Ofisindən verilmiş 31 may 2019-cu il tarixli, 316 saylı rəsmi arayışa əsasən X6 vəfatı ilə əlaqədar vərəsəlik açılmış və 23 yanvar 2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında İddiaçı1 və İddiaçı2 müvafiq şəhadətnamə verilmişdir. Onlar dəfələrlə tələb etsələr də, cavabdeh borcunu ödəməkdən yayınır. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Öncəki məhkəmə iclasında şahid qismində iştirak edən X2 öz izahatında bildirmişdir ki, o, ustadır. O, Emini tanıyır, Emin maşın alveri ilə məşğuldur. Onlar Dubaydan maşın gətirirlər. O, dəfələrlə gətirilən avtomobilləri təmir etmişdir. Bir dəfə “Mercedes Vita” markalı qara rəngli avtomobil gətirmişlər. Müştəri olduğuna görə onlar təmiri tezləşdirməyini istəmişlər. Emin, Rüstəm və alıcılar gəlib avtomobilə baxmışlar. Maşını 25.000 dollara satmağa razılaşmışlar. Alıcının imkanı olmadığına görə Emin 23.000 dollara razı olacağını bildirmişdir. O, Rüstəmi Emin vasitəsilə tanımış, onu 10-15 dəfə görmüşdür. Rüstəm də maşın alveri ilə məşğul olmuşdur. Öncəki məhkəmə iclasında şahid qismində iştirak edən X1 öz izahatında bildirmişdir ki, onların Eminlə alveri olmuşdur. Eminlə birlikdə Rüstəm də gəlmişdir. Eminlə Rüstəm dost olmuşlar. Onlar müştəri çıxacağı halda məlumat verməyini bildirmişlər. Daha sonra müştəri çıxmış, o, Eminə məlumat vermişdir. Emin ona etibarnamə verəcəklərini bildirmişdir. Sonrakı gün Rüstəm gəlmiş, notariusda görüşmüşlər. O, Eminə 10.000 dollar vermişdir. Öncəki məhkəmə iclasında şahid qismində iştirak edən X5 öz izahatında bildirmişdir ki, o, maşın alveri ilə məşğuldur. Emini də uzun müddətdir ki, tanıyır. “Mercedes Vita” markalı maşını Dubaydan yalnız Emin gətirir. Bir müştəri Emindən “Mercedes Vita” markalı maşın gətirməsini istəmiş, o, Eminlə danışmış və maşın bazarında 25.000 dollara razılaşmışlar. Müştəri maşını bəyənmiş və pulunu Eminə ödəyəndə o, pulu Raufa verməli olduğunu bildirmişdir. O, Raufa 25.000 dollar pulu vermişdir. Rauf həmin pulun 11.000 dollarını Eminə vermişdir. 14.000 dollar isə Emində qalmışdır. O, Raufu 2012-ci ildən tanıyır. Bu, onun Raufla ilk alveri olmuşdur. Öncəki məhkəmə iclasında şahid qismində iştirak edən X3 öz izahatında bildirmişdir ki, o, Emini maşın alverçisi kimi tanıyır. Bir dəfə ona “Mercedes Vita” markalı avtomobil lazım olmuş, Emin Raufla birlikdə həmin avtomobili Dubaydan gətirdiklərini bildirmişdir. Bir neçə gün sonra Raufla Emin onun iş yerinə gəlmişlər. O, Raufla həmin gün tanış olmuşdur. 2018-ci ildə 25.000 dollara razılaşmışlar. O, alğı-satqını Eminlə etmiş, Rauf da orada olmuşdur. O, “Mercedes E Class” markalı avtomobili Eminə vermiş, 1 ay müddətində qalan 15.000 dolları verəcəyini bildirmişdir. 3-4 gün sonra ondan pulu istəyəndə ödəyə bilməmişdir. Təxminən 3 gün sonra pulu Raufun oğluna vermişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış 26 yanvar 2018-ci il tarixli, 3M-63 reyestr nömrəli kredit müqaviləsinə əsasən borcverən X9 borcalan Cavabdeh 26 aprel 2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 10.000 ABŞ dolları borc vermişdir. Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış 22 iyun 2018-ci il tarixli 3M-1254 reyestr nömrəli kredit müqaviləsinə əsasən, borcverən X9 borcalan Cavabdeh 22 dekabr 2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 20.000 ABŞ dolları borc vermişdir. Kredit (borc) müqaviləsindən göründüyü kimi, tələb hüququ yaranmış, borcun qaytarılması müddəti bitmişdir. İş materiallarından göründüyü kimi, X9 09 oktyabr 2018-ci ildə vəfat etmişdir. Bakı şəhəri 54 saylı Notariat Ofisindən verilmiş 31 may 2019-cu il tarixli, 316 saylı rəsmi arayışa əsasən X6 vəfatı ilə əlaqədar vərəsəlik açılmış və 23 yanvar 2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında İddiaçı1 və İddiaçı2 müvafiq şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı1, İddiaçı2, Bakı şəhəri 5 saylı notariat ofisinə və Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onunla mərhum X9 arasında bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(004)-491/2021 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli 2(103)-6159/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(004)-491/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırkı işin araşdırılması zamanı cavabdeh istinad edilən kredit müqavilələri üzrə pulun bilavasitə ona verilməməsini, mərhum Rauf Quliyevlə maşın alveri ilə məşğul olduqlarını və o vəsaitlərin məhz maşınların Dubaydan sifariş verilməsi üçün ödənildiyini qeyd etmişdir. İstinad etdiyi halları sübut etmək üçün məhkəmə iclasına şahidlər dəvət etmiş və gətirilmiş avtomobillərin satışından əldə olunmuş vəsaitin Rauf Quliyevə qaytarılması və beləliklə də öhdəliyi icra etməsi yönündə izahatlar vermişdir. İş materiallarını təhlil edərək məhkəmə hesab edir ki, kredit müqavilələri üzrə pul vəsaitinin cavabdehə verilməsi işin bütün halları ilə sübuta yetirilir. Lakin cavabdehin həmin məbləğləri iddiaçıya qaytarması ilə bağlı yalnızca şahid ifadələri mövcuddur. Şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, istinad edilən ifadələr iddia tələbinin rədd edilməsi üçün kifayət hesab edilə bilməz. Yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıların mərhum atası ilə aralarında olan kredit müqavilələri əsasında ona pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçılar mərhum atalarının qanuni vərəsələri olduqları üçün 30.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq onlara verilməsini tələb etməkdə haqlıdırlar. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçılara ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 30.000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-26/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-26/2022
08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver