Məhkəmə qərarları › İş №2(011)-2616/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2616/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2616/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: Kreditor “Nikoyl” İKB kredit müqaviləsi üzrə borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18 iyul 2014-cü il tarixli 2-Z-1-0-474-14 nömrəli kredit müqaviləsindən irəli gələn 01 fevral 2016-cı il tarixədək hesablanmış ödənilməmiş 4.688 manat əsas borc və 962 manat faiz borcu, cəmi 5.650 manat borcun, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla, borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub “Nikoyl” İKB-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 11 fevral 2016-cı il tarixdə borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4.688 manat əsas borc və 962 manat faiz borcu, cəmi 5.650 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq “Nikoyl” İKB-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. Məhkəmə əmrindən borclu Cavabdeh3 etiraz vermiş və məhkəmənin 24 fevral 2023cü il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iş materialları iddia icraatına keçirilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh əmrdə göstərilən məbləğlə razı deyil. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: “Nikoyl” İKB ilə Cavabdeh1 arasında 18 iyul 2014-cü il tarixli 2-Z-1-0-474-14 nömrəli kredit müqaviləsi bağlanmış, sonuncuya istehlak məqsədləri ilə illik 30% dərəcəsi ilə 36 ay müddətinə 6.000 manat məbləğində kredit verilmişdir. Kredit borcunun qaytarılmasının təminatı üsulu kimi 25 iyul 2014-cü il tarixdə digər borclular Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişlər və bunun nəticəsində banka borcu qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 11 fevral 2016-cı il tarixdə borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4.688 manat əsas borc və 962 manat faiz borcu, cəmi 5.650 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq “Nikoyl” İKB-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh3 tələb olunan borc məbləği ilə razılaşmadığından əmrə etiraz etmiş, məhkəmə də kreditorun tələb etdiyi əsas və faiz borcunun düzgünlüyünü müəyyən etmək üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 ilə “Nikoyl” İKB arasında bağlanmış kredit müqaviləsi üzrə ödənilməli olan kredit borcu 4.690,19 manat əsas, 716.28 manat faiz borcu təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə digər cavabdehlərin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Nikoyl” İKB ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncu bankdan 6.000 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə “Nikoyl” İKB arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Odur ki, iddiaçı əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, işə verilmiş iddia tələbi həcmində baxılır. Belə ki, məhkəmə cavabdehlərdən tələb olunan əsas borca münasibətdə qeyd edir ki, iddiaçı əsas borc olaraq 4.688 manat tələb etsə də, təqdim edilmiş ekspert rəyində əsas borc məbləği 4.690,19 manat olaraq hesablanmışdır. Lakin məhkəmə verilmiş tələb həcmində qətnamə çıxardığından, cavabdehlərdən müştərək qaydada 4.688 manat məbləğində əsas borcun tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək, həmin rəyin sübut kimi qəbul edilməsini, həmçinin vətəndaşın maddi vəziyyətini nəzərə alaraq cavabdehlərdən müştərək qaydada 716.28 manat faiz borcunun tutularaq iddiaçıya ödənilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə belə hesab edir edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada əsas borca görə 4.688 manat, faiz borcuna görə isə 716.28 manat iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 20 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumunun ödənilməmiş qalan 10 manat hissəsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat da cavabdehlərdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4.688 (dörd min altı yüz səksən səkkiz manat on doqquz qəpik) manat əsas, 716.28 (yeddi yüz on altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 5.404,28 (beş min dörd yüz dörd manat iyirmi səkkiz qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manat alınaraq İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əlavə olaraq dövlət rüsumunun kəsirini təşkil edən 10 (on) manat və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar