Məhkəmə qərarları › İş №2(011)-2634/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2634/2022

23.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2634/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Hyundai İ40” markalı, 2013-cü il buraxılışlı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 867,20 manat, Hyundai Avto Azərbaycan şirkətinə ödənilmiş 50 manat və 30 manat dövlət rüsumunun, ümumilikdə 947,20 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı etibarnamə əsasında idarə etdiyi “Hyundai İ40” markalı avtomobillə 03 oktyabr 2021-ci il tarixdə saat təxminən 20:00 radələrində Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ilə hərəkətdə olarkən Laçın Ticarət Mərkəzinin arxasında yolun sol hissəsində “Kia Optima” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilin yanından keçərkən qəflətən sağ arxa qapısının açılmağı nəticəsində iddiaçının avtomobilinin sol qabaq qanadına və sol qabaq güzgüsünə ziyan dəymişdir. İnzibati xəta haqqında protokoldan da görünür ki, qəza nəticəsində iddiaçının avtomobilinə maddi ziyan yetirilmişdir. Belə hadisə nəticəsində iddiaçının avtomobilinə 867,20 manat maddi zərər dəymişdir. Nizami rayon DYPŞ-nin 10 oktyabr 2021-ci il tarixli protokolu və qərarı ilə Cavabdeh barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh verilmişdir. Həmin qərarı Cavabdeh qəbul etmiş və protokolla razı olduğunu, cəriməni bir aya ödəyəcəyini qeyd etmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh idarə etdiyi “Kia Optima” markalı, **-PH-*** nömrəli nəqliyyat vasitəsinin icbari sığortasının olmadığını və dəyən zərəri özünün qarşılayacağını bildirmiş, lakin hadisə baş verməsindən çox vaxt keçməsinə baxmayaraq, o, iddiaçıya dəyən zərəri ödəməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı etibarnamə əsasında idarə etdiyi “Hyundai İ40” markalı avtomobillə 03 oktyabr 2021-ci il tarixdə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ilə hərəkətdə olarkən Laçın Ticarət Mərkəzinin arxasında yolun sol hissəsində “Kia Optima” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilin yanından keçərkən qəflətən sağ arxa qapısının açılmağı nəticəsində iddiaçının avtomobilinin sol qabaq qanadına və sol qabaq güzgüsünə ziyan dəymişdir. 10 oktyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 03 oktyabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, İddiaçı maddi ziyan dəymişdir. “Auto Azərbaycan” Servis Mərkəzində avtomobilə baxış keçirildikdən sonra dəymiş zərərin miqdarı 867,20 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinin (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyətlə törədilmiş zərərə görə məsuliyyət) 1-ci bəndinə əsasən ətrafdıkılar üçün təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd olunanlar kontekstində hesab edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş maddi zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsi Cavabdeh öhdəsinə qoyulmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, İddiaçı etibarnamə əsasında idarə etdiyi “Hyundai İ40” markalı, 99-SF396 dövlət qeydiyyat nişanlı avtomobilə 867,20 manat dəyərində maddi ziyan dəyməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh vurulmuş ziyana görə 867,20 manat alınıb İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “Hyundai Avto Azərbaycan” şirkətinə ödənilmiş 50 manatın tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı şirkətə 50 manat məbləğində rüsum ödəməsi ilə bağlı sənədi məhkəməyə təqdim etsə də, iş materiallarından görünür ki, avtomobilə dəymiş ziyanla bağlı qiymətləndirmə aktı 14 oktyabr 2021-ci il tarixdə çıxarılmış, rüsumun ödənilməsi barədə qəbz isə 18 oktyabr 2021-ci il tarixdə çap edilmişdir. Həmin ödənişin məhz baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı olaraq edilməsini sübuta yetirəcək hər hansı dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, ödənilmiş rüsumun baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqəsini müəyyən etmək mümkün olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 867,20 manat maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir, cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 867,20 (səkkiz yüz altmış yeddi manat iyirmi qəpik) manat maddi ziyan və ödənilmiş 30 (otuz) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar