Məhkəmə qərarları › İş №2(011)-2637/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2637/2023

16.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2637/2023 16.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi, İddiaçı3 və İddiaçı2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “maddi zərər tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu 335 manat maddi zərərin və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.A.Möhsümov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçıların mülkiyyətlərində olan Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində 0,1578 ha torpaq sahəsi hər birinə 0,0526 ha hissə olmaqla onlara ümumi şəkildə məxsusdur, o, 15 noyabr 2022-ci il tarixdə saat 09 radələrində həmin kənddə yaşayan Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsindəki xurma bağından ona məxsus xurma məhsulu yığıldığı üçün DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir, lakin Cavabdeh meyvələri yığmasının qarşısı vaxtında alınmadığı üşün o, meyvələri həmkəndlisi Eldar adlı şəxsə satmışdır, Şəmkir RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığı əsası ilə cinayət işi başlanması rədd edilmişdir, cavabdeh həmin sahədəki 78 ədəd xurma ağacının 134 yeşik olmaqla meyvələrini satmışdır, bir yeşiyin həmin mövsüm üçün satış qiyməti 2 manat 50 qəpik olduğundan nəticədə o, 335 manat maddi zərər vurmuşdur. Sonda F.A.Möhsümov iddia tələbinin təmin edilməsini məhəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı1 və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir rayon İcra Hahimiyyəti Başçısının Yuxarı Seyfəli kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 42 saylı arayışından görünür ki, X1 rayonunun Yuxarı Seyfəli kənd İƏD-də daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır və X12, X4 və İddiaçı3 ibarət ailə üzvləri vardır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən ölçüsü 0.1578 ha olan yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına qeydiyyata alınmışdır. Həmin çıxarışda torpaq sahəsininin hüquqi sahibləri aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı3 (payı - 0.0526 ha), İddiaçı2 (payı - 0.0526 ha), İddiaçı1 (payı - 0.0526 ha). İş materiallarında olan Şəmkir RPŞ-nin xx.xx.2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yaşayır, Fəxrəddin Mövsümov onun əmisidir, əmisi ilə atası Zaməddin Mövsümov arasında 4-5 ildir ki, torpaqla bağlı mübahisə vardır, Fəxrəddin Mövsümovun və onun yaşadığı evin yaxınlığında yerləşən 15 sot torpaq sahəsi mübahisəlidir, həmin torpaq sahəsi Fəxrəddinin uşaqlarının və keçmiş arvadının adına qeydiyyatda olmasına baxmayaraq onlarda da bununla bağlı akt vardır, həmçinin həmin torpaq sahəsində olan xurma ağaclarını onun atası, ailə üzvləri əkmişdir, hazırda da torpaqla bağlı mübahisələri ilə əlaqədar məhkəmədə araşdırma davam etdirilir, torpaq sahəsində olan ağacları onlar əkdikləri üçün məhsulun da onlara məxsus olmasını fikirləşərək, o, həmkəndlisi Eldar Hüseynova xurma məhsulunu satmış, Eldar Hüseynov xurma ağaclarından 134 yeşik xurma məhsulu yığdırıb həmin yeşiklərin 1 ədədini 2 manat 50 qəpiyə satmış, ümumilikdə 335 manat pul almışdır, ona sonradan məlum olmuşdur ki, əmisi Fəxrəddin Mövsümov bu barədə şikayət vermişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2394/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X2, İddiaçı3, İddiaçı2 cavabdeh X6 qarşı “maddi zərər tələbinə dair” iddiası qismən təmin edilərək, X3 dəymiş maddi zərərin əvəzi kimi 455 (dörd yüz əlli beş) manat pul məbləğinin alınaraq, 1/5 hissədə İddiaçı2, 1/5 hissədə İddiaçı3, 2/5 hissədə X5 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7127/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdrəsi tərəfindən verilmiş AN seriyalı 797674 saylı, xx.xx.2022-ci il “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən sahəsi 0.1578 ha olan yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 adına **********03 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adınadır, sahəsi 0.1578 ha olan həyətyanı torpaq sahəsi hər birinə 0.0526 ha olmaqla İddiaçı3, İddiaçı2, İddiaçı1 məxsusdur, cavabdeh həmin həyətyanı torpaq sahəsində məhsul toplayaraq satmış və bundan 335 manat qazanc əldə etmişdir. Bununla belə, cavabdehin həmin torpaq sahəsində olan ağacların bəhərindən istifadə hüququna əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin məcəllənin 135.3-cü maddəsinə əsasən, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Həmin Məcəllənin 135.12-ci maddəsinə əsasən, əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. Həmin Məcəllənin 238.2-ci maddəsinə əsasən, əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən,öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərəri vuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi 335 manat alınaraq paylara uyğun olaraq iddiaçılara ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməli, təmin edilmiş iddianın qiyməti 1000 manatadək olduğundan dövlət rüsumuna görə ödənilmiş 30 manat 40 qəpik məbləğində pul məbləği cavabdehdən alınaraq müştərək qaydada iddiaçılara ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi 335 (üç yüz otuz beş) manat pul məbləği alınaraq iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq iddiaçılara ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar