Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2637/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-1092/2020 saylı icra vərəqəsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü övladı X7 anadan olub. Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-1092/2020 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilib. 2024-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir. Hazırda qızı böyüyür, orta məktəbə gedir onun xərcləri artıb, o, övladının aylıq xərclərini ödəməkdə əziyyət çəkir, buna görə də onun saxlanması üçün cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutulması məqsədə müvafiqdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı qeyd edilənlərin nəzərə alınaraq alimentin artırılması barədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, hazırda Müdafiə Nazirliyi MKİS-də mühəndis vəzifəsində işləyir, aliment məbləği çıxdıqdan sonra 400 manat məbləğində əmək haqqı qalır ona, "xxxx" MMC-də işləmir, orda cəmi 3 ay müddətində işləmişdir, ikinci dəfə ailə həyatı qurmuşdur və həmin nikahda da doqquz aylıq bir övladı var, gəliri azdır, ona görə də alimentin artırılacağı təqdirdə hazırki ailəsini və uşağını da saxlamaq onun üçün çətindir, buna maddi imkanı çatmayacaq, əmək haqqı çox olsa idi, övladının xərclərini ödəyərdi. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını onun ikinci ailəsinin də olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 416192 saylı Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh və X3 qızı arasında olan nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş edilmiş, nikahın pozulması barədə akt qeydləri kitabında 595 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə “Əliyev”, arvada “Hacılı” soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Bakı Asan xidməti mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ - İV № 030356 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5853 nömrəsi ilə qeyd edilmiş, atası Cavabdeh, anası X3 qızıdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1092/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat alimentin Hacılı-X2 xeyrinə tutulması, dövlət rüsumuna görə 30 manatın dövlət nəfinə tutulması və qətnamə dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Əliyev X8 Nazirliyinin Mənzil- İstismar Xidmətində aparıcı mühəndis vəzifəsində işləməklə, əmək haqqı 546.7 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində elektrik vəzifəsində işləməklə, əmək haqqı 420.0 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00824 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyyasında iştirak etmiş, Cavabdeh İMS-da iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya və 5 manat kargüzarlıq xərcini ödənilmişdir. Mübahisənin predmeti alimentin artırılması tələbidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olmuşdur ki, tərəflər arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur, tərəflərin birgə nikahdan xx.xx.2017ci il təvəllüdlü X7 adlı yetkinlik yaşına çatmayan bir uşaqları vardır, uşaqlar hal-hazırda da iddiaçının yanındadırlar, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1092/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay 160 aliment məbləğinin tutulması qət edilmişdir, cavabdeh hazırda Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətində aparıcı mühəndis vəzifəsində (əmək haqqı 546.7 manat) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində elektrik vəzifəsində (əmək haqqı 420.0 manat) işləməklə 966,7 manat məbləğində əmək haqqı alır, əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment məbləği uşağın saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1092/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, təhsilini, mənafelərinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, onların saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, cavabdehin işləməsini, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimunun məbləğini, alimentin sabit pul məbləğində tutulması barədə iddiaçının xahişini nəzərə alaraq, cavabdehdən hər ay hər uşaq üçün 235 manat məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir....Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1092/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, cavabdehdən hər ay 235 manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 48,20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1092/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 48 (qırx səkkiz) manat 20 (iyirmi) qəpik dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2637/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2637/2024
18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver