Məhkəmə qərarları › İş №2(011)-2669/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2669/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2669/2024 02.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 08 avqust 2023-cü il tarixli GARA-32349-3743 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik 27% faizlə 12 ay müddətinə 3 100.00 (üç min bir yüz) manat kredit verilmiş və kreditin aylıq 299.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan "Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 08 avqust 2023-cü il tarixli GARA-32349-3743+GARA- 32352 saylı Zaminlik müqaviləsi bağlanmışdır.

2. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Cavabdeh1 26 yanvar 2024-cü il tarixinədək verilmiş kredit üzrə 2 638.48 manat əsas borc, 209.05 manat cari faiz borcu və 100.00 manat cari dəbbə borcu olmaqla, cəmi 2 947.53 manat məbləğində borcu yaranmış və ödənilməmişdir.

İddiaçının tələbi:

4. Cavabdeh1 ilə bağlanmış 08 avqust 2023-cü il tarixli GARA-32349-3743 saylı Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 2638,48 manat əsas borc, 209,05 manat cari faiz borcu, 100 manat cari dəbbə borcu olmaqla, ümumilikdə 2947,53 manat kredit borcunun və 50,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2638,48 manat əsas borc, 209,05 manat cari faiz borcu, 100 manat cari dəbbə borcu olmaqla, ümumilikdə 2947,53 manat kredit borcunun və 50,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti:

6. Cavabdeh1 xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, 2638,48 manat əsas borc, 209,05 manat cari faiz borcu, 100 manat cari dəbbə borcu olmaqla, ümumilikdə 2947,53 manat kredit borcunun və 50,40 manat ödənilmiş dövlət rüsumunun ondan tutularaq "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 öz izahatında bildirmişdir ki, borcun ödənilməsi ilə bağlı ona vaxt lazımdır. Eyni zamanda 2947,53 manat kredit borcunun və 50,40 manat ödənilmiş dövlət rüsumunun ondan tutularaq "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə etiraz etmədiyini bildirmişdir.

8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 08 avqust 2023-cü il Kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 27% faizlə 12 ay müddətinə 3 100.00 (üç min bir yüz) manat kredit verilmiş və kreditin aylıq 299.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 08 avqust 2023-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər banka olan borclarını ödəməkdən yayınmışdırlar və hazırda banka 2638,48 manat əsas borc, 209,05 manat cari faiz borcu, 100 manat cari dəbbə borcu olmaqla, ümumilikdə 2947,53 manat kredit borcları olduğunu bildirmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. 08 avqust 2023-cü il tarixli GARA-32349-3743 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 27% faizlə, 12 ay müddətinə, 3 100.00 (üç min bir yüz) manat kreditin verilməsi müəyyən edilmişdir.

10. 08 avqust 2023-cü il tarixli GARA-32349-3743+GARA-32352 №-li zaminlik müqaviləsinə əsasən, bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi zamin Cavabdeh2 və borclunun kreditor qarşısında birgə məsulyyətinin əsaslarını müəyyən edir.

11. 08 avqust 2023-cü il tarixli ödəniş qrafikinə əsasən kredit 12 ay müddətinə aylıq 299 manat olmaqla müəyyən edilmişdir.

12. 01 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən, 01 noyabr 2023-cü il tarix üçün Cavabdeh1 08 avqust 2023-cü il tarixli GARA-32349-3743 saylı kredit müqaviləsi üzrə 2870,73 manat əsas borcu, 113,66 manat faiz borcu və 53,36 manat məbləğində dəbbə borcu olmaqla cəmi 3037,75 manat borcu yaranmış və ödənilməmişdir. Borcun beş gün ərzində qaytarılması tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun cavabdehlərdən tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

13. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 əsas borc üzrə 2638,48 manat, faiz borcu üzrə 209,05 manat, dəbbə borcu üzrə 100 manat, cəmi 2947,53 manat məbləğində borcu vardır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi:

16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2, 746-5.2). Həmçinin digər Cavabdeh2 zamin qismində kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürməsi müəyyən olunmuşdur.

18. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli GARA-32349-3743 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2638,48 manat, faiz borcu üzrə 209,05 manat, dəbbə borcu üzrə 100 manat, cəmi 2947,53 manat məbləğində borc ”TBC Kredit BOKT” MMCnin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,40 (əlli manat qırx qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli GARA-32349-3743 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2638,48 manat, faiz borcu üzrə 209,05 manat, dəbbə borcu üzrə 100 manat, ümumilikdə 2947,53 (iki min doqquz yüz qırx yeddi manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ”TBC Kredit BOKT” MMC-yə ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 50,40 (əlli manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ”TBC Kredit BOKT” MMC-yə ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar