Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2672/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Dadashbekhova Oksananın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 3000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı mərhum atası X1 şəxsi mülkiyyətində olmuşdur, o, və cavabdeh ailənin iki övladıdırlar, iddiaçı ailəli olmaqla 3 övladı vardır, həyat yoldaşı ilə münasibətləri pozulduğundan nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, atasının sağlığında uşaqları ilə birlikdə cehiz əşyalarını da aparmaqla mübahisəli evdə yaşamağa başlamış, atası xəstə olduğundan ona qulluq etmişdir. Qardaşı, Cavabdeh Ukraynada yaşayır, atası xx.xx.2023cü il tarixdə vəfat etdikdən sonra qardaşı Azərbaycana gəlmiş və onu üç azyaşlı uşaqları ilə evdən qovmuşdur, onları mənzilə buraxmadığından o, Xətai Rayon Məhkəməsinə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, iddia tələbi məhkəmənin qətnaməsi ilə təmin olunmuşdur. Onun mənzildə olmamağından istifadə edən cavabdeh ona məxsus əmlakları satmış, mənzili isə bərbad vəziyyətə salmışdır, cavabdeh ona məxsus olan qaz plitəsini, 01 ədəd Aristonu, çöl qapının kilidini, paltaryuyan maşını, 01 ədəd televizoru, kondiseneri, 02 ədəd çarpayı, tozsoran maşın və sair əmlaklarını satmaqla, eyni zamanda mənzilə gələn qaz xəttinin və hamamda olan avadanlıqların bərpası 600 manat xərci çıxmaqla,ümumilikdə cavabdeh tərəfindən ona 3000 manat ziyan vurulmuşdur. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən satılmış ona məxsus əşyaların qiymətini göstərməklə; qaz plitəsi-100 manat, 1 ədəd Ariston-200 manat, 2 ədəd çöl qapının kilidi-80 manat, 1 ədəd “SİEMENS” markalı paltaryuyan maşın -400 manat, 1 ədəd “LG” markalı televizor- 500 manat, 1 ədəd “Mutchibişi” markalı kondisener-300 manat, 2 ədəd çarpayı-80 manat, 1 ədəd “LG” markalı tozsoran-200 manat, 1 ədəd “Beko” markalı soyuducu-500 manat, 2 ədəd türk xalçası 100 manat, 4 ədəd Türkiyə istehsalı pərdə-200 manat, 1 ədəd “Silver” markalı aspirator-300 manat, 1 ədəd “Evrolux” markalı mikrosoba-40 manat dəyərində, ümumilikdə 3000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Dadashbekova Oksana iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı mübahisəli mənzildə yaşamamış və ora cehiz əmlaklarını gətirməmişdir, onlar həmin əşyaları görməmişlər, iddiaçı həyat yoldaşı ilə birlikdə başqa mənzildə yaşamış, cavabdeh iddiaçıya məxsus heç bir əşyanı satmamış və ona ziyan vurmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: İddiaçı və cavadeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən, iddiaçı tərəfindən təqdim edilmiş CD diskdə əks olunmuş videoyazıdan görünür ki, mənzil baxımsız və əşyalar dağıdılmış vəziyyətdədir. xx.xx.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, X4 Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 8 nömrəli evin, 22 saylı mənzilini oğlu Cavabdeh vəsiyyət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3082/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı üç övladı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 8 nömrəli evin, 22 saylı mənzilinə köçürülmələri, Cavabdeh kompensasiya ödənilməklə X3 həmin mənzilə dair pay hüququna xitam verilməsinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı və cavabdeh arasında olan “Whatsapp” proqramı vasitləsi aparılmış danışıqların mətnindən görünür ki, Cavabdeh ilə X5 arasında atalarının səhhəti ilə bağlı danışıqlar olmuşdur. X5 tərəfindən imzalanmış mənzilə köçürülmə tələbinə dair iddia ərizəsindən görünür ki, X5 atasına məxsus mənzildən çıxandan sonra ona və azyaşlı uşaqlarına məxsus paltarların, mebelllərinin, qızıl-zinət əşyalarının, 2500 ABŞ dolları və 5000 manat məbləğində pulun atasına məxsus mənzildə qaldığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə daxil olmuş ərizədə qeyd edilmişdir ki, o, xx.xx.2024-cü ildə evinə getdikdə çöl qapının klidinə mismar soxulduğu səbəbindən kilid yararsız hala salınmışdır. Ayın 12-də belə halla qarşılaşmışdır. Yeni kilid taxdırdığından şübhələndiyi qardaşı bu ziyankarlığı təkrar etmişdir. Bu barədə ölçü götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçı X3 uşaqlıq dostudur, onun toyunda iştirak etmiş, cehiz əşyalarını görmüşdür, Nigar həyat yoldaşından küsüb atasının evinə gələrkən cehiz əşyalarını da atasının mənzilinə gətirmişdir. Nigara məxsus cehiz əşyaları qutularda həmin mənzildə olmuşdur. Qardaşı evin kilidini dəyişdiyindən Nigar kilidi qırıb evə daxil olmuşdur. İddiaçı mənzilin kilidini qırıb evə daxil olarkən onunla birlikdə olmuşdur, onlar mənzilə daxil olarkən mənzil bərbad vəziyyətdə olmuşdur, əşyalar yerində olmamışdır. Kilid qardaşında olduğundan əşyaları da o, götürmüş ola bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçını 10 ildən artıqdır ki, tanıyır, birlikdə işləmişlər, Nigarın əşyaları qutularda atasının mənzilində olmuşdur. Əşyaların bəziləri isə qutuda olmamış, mənzildə istifadə edilmişdir. Nigar atasının evinin kilidini qırıb evə girəndə o da, Nigar və Aytənlə birlikdə olmuşdur, mənzil dağılmış və bərbad vəziyyətdə olmuşdur, qutudakı əşyalar yerində olmamışdır. Əşyaların kim tərəfindən götürüldüyünü dəqiq bilmir. Mənzilin kilidi Nigarın qardaşında olduğundan və onun tərəfindən dəyişdirildiyən hesab edirlər ki,əşyaları da o götürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin onun şəxsi əşyalarını atalarından miras qalmış mənzildən götürərək satdığını və bu səbəbdən ona 3000 manat məbləğində maddi ziyan dəydiyini bildirərək həmin məbləğin cavabdehdən tutulmasını tələb etmişdir. İş materiallarından görünür ki, mərhum atalarına məxsus mənzilə vəsiyyət əsasında cavabdeh mənzilə mülkiyyət hüququ əldə etmiş, eyni zamanda məcburi pay hüququna əsasən iddiaçının mənzilə mülkiyyət və mənzildən istifadə hüququ tanınmışdır. Bu baxımdan, hər iki tərəf mənzildən istifadə hüququna malik şəxslər kimi çıxış edir. İddiaçı iddia edir ki, ona məxsus olan cehiz əşyalarını şəxsi ailə münasibətlərində yaranmış problemlər səbəbindən qutularda ata evinə yerləşdirmiş, lakin atasının vəfatından sonra cavabdeh tərəfindən mənzilin açarının dəyişdirilməsi nəticəsində mənzilə daxil ola bilməmiş, sonradan mənzilə daxil olduqda əşyalarının yoxa çıxdığını görmüş, mənzilin açarı cavabdehdə olduğundan hadisədə cavabdeh məsuliyyətli olmuş, buna görə cavabdeh ona dəymiş maddi ziyanı ödəməlidir. İddiaçı ona məxsus əşyaların mənzildə olduğunu sübut etmək üçün iki şahid təqdim etmiş, şahidlər əşyaların bir vaxtlar evdə qutularda olduğunu bildirmiş, eləcə də şahid X2 bir qədər ziddiyyətli ifadə verərək, əşyaların hamsının qutularda olmadığını, bir qismindən istifadə edildiyini bildirmişdir. Digər tərəfdən iddiaçı cehiz əşyalarının ata evində olmasını həmin mənzildə yaşaması ilə əsaslandırsa da, iddiaçı ilə cavabdeh arasında olan “whatsapp” yazışmalarından iddiaçının daimi atasının yanında yaşamadığı müəyyən olunmuşdur. Bundan başqa, mənzilə köçürülmə ilə bağlı iddia ərizəsində iddiaçı mebellərinin ata evində olduğunu bildirsə də, digər cehiz əşyalarının da atasına məxsus mənzildə olması ilə bağlı heçnə qeyd etməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçının iddia ərizəsində sadalanan cehiz əşyalarının qutularda saxlanılaraq tərəflərin mərhum atalarından miras qalan mənzildə olması ilə bağlı məhkəmədə daxili inam formalaşmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddianın əsaslı olması üçün iddiaçıya məxsus əşyaların mənzildə olması deyil, həm də həmin əşyaların məhz cavabdeh tərəfindən götürüldüyü və nəticədə iddiaçıya maddi ziyan dəydiyi sübuta yetirilməlidir. Lakin iş materiallarında bu faktı təsdiq edən heç bir sübut aşkarlanmamış, eləcə də şahid ifadələri ilə əşyaların məhz cavabdeh tərəfindən götürüldüyü təsdiqlənməmişdir. Belə ki, iş üzrə dindirilmiş şahidlər əşyaların konkret olaraq kim tərəfindən götürüldüyünü dəqiq görmədiklərini, sadəcə mənzilin açarı cavabdehdə olduğuna görə əşyaların da onun tərəfindən götürülə biləcəyini qeyd etmişlər. Məhkəmə iclası zamanı məlum olmuşdur ki, iddiaçı polis orqanlarına verdiyi ərizədə mənzildən qızıl-zinət əşyalarının və pul vəsaitinin itməsindən şikayət etmişdir. Bu hal cavabdehin nümayəndəsi tərəfindən bildirilmiş və iddiaçı tərəfindən də təsdiq edilmişdir. Belə olan halda, mənzildə oğurluq hadisəsinin baş verməsi ehtimalı istisna edilmir. Bununla belə, iş materiallarında Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 8 nömrəli evin, 22 saylı mənzilində oğurluq hadisəsinə və mənzildən iddiaçıya məxsus əşyaların itməsinə görə hər hansı bir şəxsin, eləcə də cavabdehin təqsirinin müəyyən edilməsi ilə bağlı hər hansı sübut mövcud deyil. Məhkəmə həmçinin qeyd edir ki, atalarından miras qalan mənzil vəsiyyətnamə ilə cavabdehə vəsiyyət edildiyindən, cavabdehin öz mülkiyyəti olan mənzilə daxil olması və ya mənzilin kilidini dəyişməsi onun mənzildən iddiaçıya məxsus əşyaları mənimsəyərək satdığını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilən hallardan görünür ki, iddiaçının cavabdehin onun cehiz əşyalarını götürərək satdığı və nəticədə ona 3000 manat dəyərində maddi zərər vurduğu barədə irəli sürdüyü iddia yalnız ehtimallara və dolayı nəticələrə əsaslanmış və cavabdehin iddiaçıya məxsus əşyaların itməsində təqsiri sübuta yetirilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-2672/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2672/2025
03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver