Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2678/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 20.01.2006-cı il təvəllüdlü X2 və 04.08.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli 2(011)-2142/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 420 manat sabit pul məbləğində təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 24.04.2005-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 20.01.2006-cı il təvəllüdlü X4 və 04.08.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhər Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən 27.02.2019-cu il tarixdə 105 saylı AZ-İ 319564 seriyalı nikahın pozulması haqqında şəhadətnamə ilə aralarında olan nikah pozulmuş, uşaqlar analarının yanında saxlanmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 25.12.2017-ci il tarixli 2(011)-12384 /2017 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün yetkinlik yaşına çatana kimi 154 manat,cəmi 308 manat məbləğində aliment təyin edilmişdir. Sonradan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2142/2020 saylı 10 mart 2020-ci il tarixli qətnaməsi ilə əvvəl təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində təyin edilmişdir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, AZ-İ seriyalı, 319564 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı ləğv edilmiş və bu barədə akt qeydləri kitabında 27.02.2019-cu il tarixdə 105 nömrə ilə qeyd olunmuşdur Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli ,2(011)-2142/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.09.2019-cu il tarixli, 2(011)- 7165/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməsi, Cavabdeh 20.01.2006-cı il təvəllüdlü X2 və 04.08.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. X4 20 yanvar 2006-cı il tarixində anadan olmuşdur. Onun atası Cavabdeh Valeh oğlu, anası isə İddiaçıdır (AZ-İİİ 150321 nömrəli doğum haqqında şəhadətnamənin sürəti). X5 04 avqust 2013-cü ildə anadan olmuşdur , atası Cavabdeh , anası İddiaçıdır (AZ-İ 731568 nömrəli doğum haqqında şəhadətnamənin sürəti) Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Baxılan iş üzrə uşaqlar üçün alimentin tutulması barədə qətnamə 25.12.2017-ci il tarixdə qəbul edilmiş, tutulmuş alimentin miqdarı daha sonra 10.03.2020-ci il tarixli qətnamə ilə artırılmış və hər ay hər uşaq üçün 170 manat məbləğində müəyyən edilmişdir. Hazırkı iddia ərizəsi isə məhkəməyə 16.02.2021-ci il tarixdə verilmişdir. İddiaçı ötən müddət ərzində özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı dəlilə istinad etməmiş və bununla bağlı sübutlar təqdim etməmişdir. Bununla yanaşı cari ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsi iddianın təmin olunması üçün birmənalı əsas ola bilməz. Belə ki, əvvəlki qətnamə ilə hər uşağın saxlanması üçün tutulan aliment 170 manat müəyyən edilmişdir. Məhkəmə qeyd olunan halları, habelə uşaqların saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 20.01.2006-cı il təvəllüdlü X2 və 04.08.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh Xətai Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli 2(011)-2142/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 420 manat, cəmi 840 manat sabit pul məbləğində təyin edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2678/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2678/2021
12.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver