Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2689/2022 02.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Behbudov Elşən Vahid oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı 27 aprel 2021-ci ildə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş Kredit müqaviləsi üzrə 50 000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 50 030 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan aldığı 50.000 manat pulu xx.xx.2022-ci il tarixədək, hər ay 5000 manat ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə 50.000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə aralarında notarial qaydada kredit (borc) müqaviləsi bağlanmışdır. Müqaviləyə görə cavabdeh borc aldığı pulu hər ay 5000 manat ödəmək şərtilə xx.xx.2022-ci il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh ardıcıl olaraq iki ay müddətində üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyərək müqavilənin şərtlərini kobud şəkildə pozmuş, borcdan hər hansı məbləğdə ödəniş etməmişdir. Cavabdehdən borcun ödənilməsini şifahi olaraq tələb etmiş, o, isə pulu başqa adamlara verdiyini və onların da qaytarmadığını, hazırda özünün maddi vəziyyətinin ağır olduğunu, əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini, buna görə də borcu ödəmə qabiliyyətinin olmadığını bildirmişdir. Bu isə borcun qaytarılması üçün təhlükə yaradır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. İşin hallarından da göründüyü kimi, tərəflər arasında kredit müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək razılaşdırılmış pul məbləğini cavabdehə verməklə, həmin pula olan mülkiyyət hüququnu da cavabdehə vermişdir. Lakin cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddia həm də ona görə əsaslıdır ki, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddianı etiraf etmiş, həmçinin borcu qaytara bilməməsi səbəbinin maddi vəziyyətinin ağırlaşması və əmlak vəziyyətinin çox ciddi dərəcədə pisləşməsi ilə bağlı olduğunu bildirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin müddətinin hələ xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu xüsusda da, iddiaşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 743-cü maddəsində qeyd edilir ki, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 50.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 50.000 manat məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2689/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2689/2022
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver