Məhkəmə qərarları › İş №2(011)-2692/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2692/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2692/2022 13.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Hüseynov Cəlal Nadir oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21.219,74 manat borc məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iqtisad üzrə fəlsəfə doktoru İddiaçı 2018-ci ilin avqust ayından 2019-cu ilin avqust ayınadək cavabdeh "xxxx" MMC-nin direktoru vəzifəsində çalışmışdır. İddiaçı direktor təyin edildiyi vaxlarda müəssisənin maliyyə sıxıntıları olmuş, kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün kifayət qədər vəsaitə malik olmamışdır. Bütün bunların həlli istiqamətində iddiaçının fəaliyyəti olmuş, müəssisədə ilkin vaxtlarda maliyyə stabilliyinin yaradılması məqsədilə hətta öz şəxsi vəsaiti hesabına cavabdeh müəssisəyə kommersiya fəaliyyətinə heç bir aidiyyəti olmayan qısa müddətə sırf borc da vermişdir. İddiaçı yuxarı tabe qurumu məlumatlandırmaqla müəyyən vəsaitləri borc kimi müəssisəyə qoymuşdur. Belə ki, iddiaçı 21.219,74 manat məbləğində pul vəsaitini cavabdehə borc olaraq və qaytarılmaq şərtilə, müvafiq maliyyə sənədləşməsi aparılmaqla, qəbzlər rəsmiləşdirilməklə müəssisənin kassasına mədaxil etmişdir. Həmin borc pul bir müddətdən sonra iddiaçıya geri qaytarılmalı olsa da bu həyata keçirilməmişdir. İddiaçı 2019-cu ilin avqust ayında tutduğu direktor vəzifəsindən getmişdir. Lakin onun cavabdehə verdiyi borc bu günədək qaytarılmamışdır. Cavabdeh ilə iddiaçının arasında 01 dekabr 2020-ci il tarixli üzləşmə aktı imzalanaraq, həmin tarixə həqiqətən də 21.219,74 manat məbləğində iddiaçıya ödənilməli olan şəxsi borcun mövcudluğu bir daha təsdiqlənmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçının iddiasının əsasını təşkil edən hal ondan ibarətdir ki, iddiaçı əvvəllər direktor vəzifəsində çalışdığı cavabdeh müəssisəyə borc pul vəsaiti qoyduğuna istinad etmiş, həmin pul vəsaitinin ona geri qaytarılmasını tələb etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf öz izahatında bildirmişdir ki, həmin pul vəsaiti iddiaçı tərəfindən lazımi qaydada kassaya qoyulmamışdır. Həmçinin iddiaçının fiziki şəxs olaraq həmin pul vəsaitini cəmiyyətə qoymağa hüququ olmamışdır. İş materiallarında olan 01 dekabr 2020-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında olan üzləşmə aktından görünür ki, rəhbərlik gəldikdən sonra akt tərtib edilmiş və cavabdehin iddiaçıya 21.219,74 manat məbləğində borcunun mövcudluğu müəyyən olunmuşdur. Beləliklə məhkəmə tərəflər arasında müəyyən öhdəliklərin olması qənaətinə gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 öz izahatında bildirdi ki, o, iddiaçı direktor işlədiyi dövrdə cəmiyyətdə mühasib vəzifəsində çalışmışdır. İstinad edilən vəsaitlər birbaşa ona deyil, baş mühasibə verilməklə kassaya qoyulmuşdur. Kassaya hansı məbləğdə pulun qoyulması barədə dəqiq məlumatının olmadığını bildirmişdir. Cəmiyyətin təsərrüfat ehtiyaclarının ödənilməsi məqsədilə iddiaçı tərəfindən həmin pul vəsaiti ödənilmiş, o da alt sənədləri özü işləyib hazırlamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf məhkəməyə kassa-mədaxil qəbzlərini təqdim edərək, onların bəzilərində möhürün olmadığını, bir qismində direktorun imzasının olmadığını, bəzi qəbzlərdə isə mühasibin imzasının olmadığını qeyd edərək, həmin qəbzlərin sübut qismində nəzərə alınmamasını xahiş etmişlər. Məhkəmə bu hala qiymət verərək belə hesab edir ki, həmin kassa-mədaxil qəbzləri ciddi mühasibatlıq sənədləridir. İstinad edilən sənədlərin lazımı qaydada tərtib edilməməsi hələ onların mötəbərliyinə şübhə yaranması üçün əsas sayıla bilməz. Cavabdeh təşkilat tərəfindən kassa mədaxil qəbzlərinin mötəbərliliyinin yoxlanılması üçün hər hansı addım atılmamış, bununla bağlı məhkəmə araşdırması zamanı da hər hansı vəsatət verilməmişdir. İş materiallarına əlavə edilmiş həmin qəbzlərdən görünür ki, İddiaçı tərəfindən müxtəlif tarixlərdə direktordan müvəqqəti maliyyə yardımı kimi cavabdeh cəmiyyətə 21.219,74 manat məbləğində pul vəsaiti ödənilmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə hesab edir ki, İddiaçı cavabdeh cəmiyyətə 21.219,74 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan sənədlər bu faktı təsdiq edir. Cavabdeh müəssisə borcu qaytarmağı öhdəsinə götürsə də, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh borc məbləğini almaq hüququna malik olduğu kimi yaranmış borcu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Belə olan halda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə belə hesab edir ki, cavabdeh tərəf əsaslandığı dəlilləri məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Həmin halları sübuta yetirə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 21.219,74 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 153,66 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 153,66 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 21.219, 74 (iyirmi bir min iki yüz on doqquz manat yetmiş dörd qəpik) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 153,66 (bir yüz əlli üç manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar