Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2703/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli, 3M-160 reyestrli; xx.xx.2022-ci il tarixli. 3M- 391 reyestrli; xx.xx.2022-ci il tarixli, 3M-159 reyestrli; və xx.xx.2022-ci il tarixli. 3M-163 reyestrli kredit müqavilələri üzrə onun xeyrinə 43.000 (qırx üç min) manat borcun və dövlət rüsumuna görə ödənilmiş 225 manat pul vəsaitinin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 3M-160 reyestrli; xx.xx.2022-ci il tarixli. 3M-391 reyestrli; xx.xx.2022-ci il tarixli, 3M-159 reyestrli; və xx.xx.2022-ci il tarixli. 3M-163 reyestrli kredit müqavilələri üzrə onun xeyrinə 45.000 (qırx üç min) manat borcun və dövlət rüsumuna görə ödənilmiş 225 manat pul vəsaitinin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı tanışı Cavabdeh xx.xx.2022-ci il tarixli, 3M-160 reyestrli; xx.xx.2022-ci il tarixli, 3M-391 reyestrli; xx.xx.2022-ci il tarixli, 3M-159 reyestrli; və xx.xx.2022- ci il tarixli, 3M-163 reyestrli kredit müqavilələri üzrə ümumilikdə 45.000 (qırx beş min) manat pul vermişdir. Cavabdeh müqavilə bağlayarkən xx.xx.2022-ci il tarixinə qədər pulu ödəyəcəyini bildirmişdir. Lakin o vaxtdan bugünə qədər hələ də borcunu ödəməyib və dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə yoxdur. İddiaçı dəfələrlə ondan pulu ödənilməsini tələb etsə də, cavabdeh götürdüyü borcu qaytarmaqdan yayınır. Nəticə etibarilə cavabdehin pulu könüllü şəkildə qaytarmayacağına dair əsaslı şübhələr yaranmışdır. Bu barədə cavabdehə pretenziya da göndərilmişdir, amma heç bir nəticə olmamışdır. Ona görə də, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmişdir və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflərin arasında sahibkarlıq münasibətləri olmamışdır. Onların bağladıqları müqavilələr öz iradələrinə uyğun bağlanılmışdır və müqavilələrdə sahibkarlıqla bağlı qeydlər yoxdur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmişdir və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq sualcavab zamanı bildirmişdir ki, əvvəllər Cavabdeh ilə birlikdə təmir işləri icra ediblər. Təmir işləri üçün sifarişləri o qəbul edirdi, bilavasitə işə görə pul məbləğləri isə müştəri tərəfindən cavabdehə ödənilirdi. Onun cavabdehlə birgə biznesi olmayıb, cavabdeh ona münasibətdə müdir vəzifəsində idi. Cavabdeh ona aylıq maaş verirdi. Cavabdehin işlərində problemlər yaranmağa başlayanda tanıdığı müştərilər ona şikayət edirdi. O, cavabdehə öz şəxsi pulundan borc vermişdir ki, cavabdeh sifarişləri yekunlaşdırsın. Pulun verilməsinin dəqiq tarixlərini yadda saxlamadığını, xx.xx.2022-ci ildə cavabdehə ümumilikdə ödədiyi pulun ayrı-ayrı vaxtları və məbləğləri barədə suallara cavab verməkdən imtina etdiyini bildirmişdir. Cavabdeh tərəfindən ona 1.000 manat pul ödənilsə də həmin ödəniş 45.000 manat borcla əlaqədar deyil, digər sənədsiz borclarla əlaqədar ödənilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, borc ona nağd şəkildə verilməmişdir. İddiaçı ilə mənzillərin təmiri ilə bağlı işlər görüblər. Həmin iş birliyi nəticəsində cəlb etdiyi sifarişlərin müəyyən faizi iddiaçıya ödənilməli idi. İddiaçı satış meneceri kimi fəaliyyət göstərirdi. Qeyd edilən işlər gəlirli olmamışdır və gəlir əldə edə bilməmişlər. 7.000-8.000 məbləğdə pulu götürüb borc müqavilələri bağlanmışdılar ki, gələcəkdə iş birliyi nəticəsində pul vəsaitlərini iddiaçı əldə edə bilsin. O, iddiaçıya 45.000 manat borclu olduğunu qəbul edir. Lakin bildirir ki, həmin borc birgə iş fəaliyyətinin aparılması üçün alınmışdır. Borcundan 2.000 ABŞ dolları və 1.000 manat ödəniş etmişdir. Əlavə olaraq sual-cavab zamanı bildirmişdir ki, iddiaçıdan nağd şəkildə borc almamışdır. Gördüyü iş əsasında iddiaçının ondan alacağı pulu olmuşdur. İddiaçı ilə iş birliyi əsasında gəcəkdə görüləcək işin müqabilində borc müqavilələri imzalayırdılar, bu iddiaçıya gələcəkdə ödənişi alacağına dair qarantiya kimi zəruri idi. İddiaçının alacağı məbləğ ümumi sifarişin təxminən 5% kimi müəyyənləşdirilirdi. xx.xx.2022-ci il tarixli müqavilə əsasında 12.000 manat, digər xx.xx.2022-ci il tarixli müqavilə əsasında 8.000 manat; digər xx.xx.2022-ci il tarixli müqavilə üzrə 12.000 manat; xx.xx.2022-ci il tarixli müqavilə əsasında 13.000 manat məbləğinə borc müqavilələri bağlamışlar. Cavabdeh vəkili X2 məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, kredit müqavilələrində qeyd olunan hallar həqiqəti əks etdirmir. Kredit müqavilələri yalan və pərdələnmiş əqdlərdir. Eyni məbləğdə pul məbləği istifadə edilərək ayrı-ayrı notariat kontorlarında kredit əqləri formal rəsmiləşdirilmişdir. Tərəflər arasında sahibkarlıq münasibətləri olmuşdur və kredit müqavilələri üzrə borc verilməmişdir. O, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 3M-163 reyestr nömrəli kredit müqaviləsinin 1-ci maddəsində göstərilir ki, “Borc verən” (İddiaçı) “Borc alana” (Cavabdeh) 13.000 manat məbləğində pul borc verir. Həmin müqavilənin 3-cü maddəsinə uyğun olaraq “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 3M-159 reyestr nömrəli kredit müqaviləsinin 1-ci maddəsində göstərilir ki, “Borc verən” (İddiaçı) “Borc alana” (Cavabdeh) 12.000 manat məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci maddəsinə uyğun olaraq “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. (müqavilə saat 16:34-də qeydiyyata alınmışdır) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 3M-391 reyestr nömrəli kredit müqaviləsinin 1-ci maddəsində göstərilir ki, “Borc verən” (İddiaçı) “Borc alana” (Cavabdeh) 12.000 manat məbləğində pul borc verir. Həmin müqavilənin 3-cü maddəsinə uyğun olaraq “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. (müqavilə saat 15:18-də qeydiyyata alınmışdır) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 3M-160 reyestrli kredit müqaviləsinin 1-ci maddəsində göstərilir ki, “Borc verən” (İddiaçı) “Borc alana” (Cavabdeh) 8.000 manat məbləğində pul borc verir. Həmin müqavilənin 3-cü maddəsinə uyğun olaraq “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. (müqavilə saat 16:50-də qeydiyyata alınmışdır) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli “icra qeydinin aparılcağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”lərdən görünür ki, həmin bildirişlər bağlanılmış kredit müqavilələri üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya xarakterli bildirişlərdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC vasitəsilə 1.000 manat məbləğində pul məbləği ad, soyad və ata adının baş hərfləri H.S.N. olan şəxsə köçürülmüşdür. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göstərilən Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. (maddə 739.2). Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən iddiaçıdan borc aldığı məbləği qaytarmaq öhdəliyini daşıyır. Odur ki, iddiaçı cavabdehdən borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də xx.xx.2022-ci il tarixli, 3M-160 reyestrli; xx.xx.2022-ci il tarixli. 3M-391 reyestrli; xx.xx.2022-ci il tarixli, 3M-159 reyestrli; və xx.xx.2022-ci il tarixli. 3M-163 reyestrli kredit müqavilələri üzrə alınmış borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbləri qismən, yəni cavabdehdən 45.000 manat pulun tutulması hissəsində təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzin məzmunundan görünür ki, 1.000 manat məbləğində vəsait iddiaçıya köçürülmüşdür. İddiaçı həmin vəsaitin ona köçürülməsini qəbul etsə də, həmin pulun 45.000 manat borcla əlaqədar deyil, digər sənədsiz borclarla əlaqəli olduğunu bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin iddia tələblərinə etirazını əsaslandıraraq 1.000 manat pulun qaytarılması barədə qəbz təqdim etmişdir. İddiaçı həmin pulu aldığını bildirsə də, həmin məbləğin 45.000 manat borca aid olmadığını demişdir. Öz etirazını əsaslandırmalı olmasına baxmayaraq, iddiaçı həmin ödənişin mübahisə predmetinə aid olmayan borc üzrə ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, 1.000 borcun qaytarılması nəzərə alınaraq, iddia tələbi qismən, yəni 44.000 manat pulu tutulması hissəsində təmin edilməlidir. Qalan hissədə iddia tələbləri təmin edilməli deyil. Mülki-Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh tərəfindən 1.000 manat borcun ödənilməsinə dair qəbzin işin məhkəməyə hazırlıq mərhələsində deyil, baxış mərhələsində təqdim olunması və sübut qismində qəbul edilməsi ilə bağlı məhkəmə aşağıdakı halları qeyd edir. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin vəkili bildirmişdir ki, cavabdehin prosessual qanunvericiliyi bilməməsi səbəbindən həmin sübut əvvəlki iclarlarda təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, həmin sübut cavabdehin vəkillə birgə iştirak etdiyi birinci məhkəmə iclasında təqdim edildiyindən qəbul edilməlidir. Belə ki, cavabdeh tərəfi sübutun əvvəllər təqdim olunmamasının səbəblərini əsaslandırmışdır. İddiaçının həmin ödənişin həyata keçirildiyini təsdiq etməsini və Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərini (məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır) nəzərə alınaraq, məhkəmə hesab etmişdir ki, sübutun qəbul edilməsi ədalət mühakiməsinin maraqlarına uyğundur. Cavabdehin vəkilinin mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehlə sahibkarlıq münasibətlərinin olmadığını bildirmişdir. O bildirmişdir ki, cavabdeh ona münasibətdə müdir vəzifəsində olmuşdur. Cavabdeh də bildirmişdir ki, iddiaçı menecer kimi fəaliyyət göstərirdi. İddiaçı bildirmişdir ki, borcu öz şəxsi vəsaiti hesabına borc şəklində vermişdir, fərdi sahibkar kimi qeydə alınsa da fəaliyyəti uzun müddətdir dayandırılmışdır. Cavabdeh borc məbləğinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mübahisə predmeti olan kredit müqavilələri də sahibkarlıq münasibətlərinin mövcudluğunu əks etdirmir. Buna görə məhkəmə hesab etmişdir ki, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmamışdır. Cavabdeh tərəfin kredit müqavilələrinin yalan və pərdələnmiş əqdlər olmasına dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin hüquqi əsası borc münasibətlərini tənzimləyən Mülki Məcəllənin 739-cu maddəsidir. İşin faktiki halları həmin maddənin dispozisiya şərtlərinə uyğunur. İrəli sürülmüş iddia tələbinin qanuni əsası vardır və işin faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır. Buna görə də iddia əsaslı sayılır. Borc münasibətlərinin mövcud olmaması, əqdlərin pərdələnmiş olması ilə bağlı cavabdehin dəlili ilə bağlı məhkəmə əlavə edir ki, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlı olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarından görünür ki, kredit müqaviləsi imzalanarkən lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etmiş, müqavilə notarial qaydada təsdiq olunmuş, müqavilənin məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin vəkili etirazın əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim edilməmişdir. Kredit müqavilələrinin etibarsız hesab edilməsi üçün qanuni əsas iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Məhkəmə yalnız cavabdehin sözlərinə əsaslanaraq həmin müqavilələri yalan əqd hesab edə bilməz. Əqdin yalan əqd sayılması üçün iki əqd müəyyən olunmalıdır: pərədələyən əqd və pərdələnən əqd. Hazırkı işdə olan sübutlar pərdələnən əqdi müəyyənləşdirməyə imkan vermədiyinə görə kredit müqavilələri yalan əqd sayıla bilməz. Məhkəmə iddia ərizəsinin 225 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, 3M-163 reyestr nömrəli kredit müqaviləsi üzrə 13.000 manat, xx.xx.2022-ci il tarixli 3M-391 reyestr nömrəli kredit müqaviləsi üzrə 12.000 manat, xx.xx.2022-ci il tarixli, 3M-159 reyestr nömrəli kredit müqaviləsi üzrə 12.000 manat, xx.xx.2022-ci il tarixli 3M-160 reyestr nömrəli kredit müqavisi üzrə 7.000 manat ümumilikdə dörd müqavilə üzrə 44.000 (qırx dörd min) manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 225 (iki yüz iyimi beş) manat pul məbləği Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2703/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2703/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver