Məhkəmə qərarları › İş №2(011)-272/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-272/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-272/2022 21.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.10.2019- cu il tarixli, 24-MZ-1-0-727-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 15757,19 manat əsas borc, 3164,75 manat faiz borcu, 899,84 manat cərimə borcu olmaqla cəmi 19821,78 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 25.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 20000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 25.10.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. 02.11,2020-ci il tarixli Sazişlərə əsasən kreditin qaytarılma müddəti 10.03.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03.09.2021-dək Cavabdeh1 banka 25.10.2019-cü il tarixli kredit müqaviləsi üzrə 15757.19 manat əsas borc, 3164.75 manat faiz borcu və 899.84 manat cərimə borcu olmaqla cəmi 19821.78 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul rtməyərək izahatında göstərdi ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 20.000 manat kredit götürmüşdür. Hər ay ödənişləri vaxtında edirdi. Hətta ödəmə qrafıkindən artıq da ödəyirdi. 2020-ci ilin fevral ayında 2445 manat pul ödəmişdir. Lakin pandemiya başladıqdan sonra Əziz ödənişləri tam edə bilməmişdir. Bu bir faktdır ki, ölkədə və bütün dünyada baş vemıiş fors-major hal olan koronovirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum qərarlarına əsasən dövlət idarə və müəssisələrində, özəl sektorda işlər uzun müddətə dayandırılmışdır. Bununla əlaqədar bir çox iş adamı kimi cavabdehin də işi bağlanmışdır. Cavabdeh1 kredit borcu üzrə 6.320 manat ödəniş etmişdir. Lakin iddiaçı etdiyi ödənişləri borcdan çıxmamışdır. Təqdim olunmuş ekspert rəyi ilə razı deyil. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər Cavabdeh3və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.10.2019- cu il tarixli, 24-MZ-1-0- 727-19 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc verən tərəfindən borc alana istehlak məqsədi ilə 24 ay müddətinə, illik 25% hesablanmaqla 20000 manat məbləğində kredit verilmişdir. 02.11,2020-ci il tarixli əlavə Sazişə əsasən kreditin qaytarılma müddəti 10.03.2022-ci ilədək uzadılmışdır. "xxxx" İKB ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 25.10.2019-cu il tarixli zaminlik müqavilələrinin surətindən görünür ki, zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. 21.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 25.10.2019- cu il tarixli, 24-MZ-1-0-727-19 saylı kredit müqaviləsi üzrə banka 15757,19 manat əsas borc, 3164,75 manat faiz borcu, 899,84 manat cərimə borcu olmaqla cəmi 19821,78 manat borcu qalmışdır. 16.12.2021-ci il tarixli, 9/8614 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 25.10.2019- cu il tarixli, 24-MZ-1-0-727-19 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: müqavilə müddətinə, yəni 25.10.2021-ci il tarixə: əsas borc üzrə - 14.501,22 manat; faiz borcu üzrə- 4.052,62 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh X2 25.10.2019- cu il tarixli, 24-MZ-1-0-727-19 saylı kredit müqaviləsi əsasında İddiaçı ASC-dən borc alması və onu vaxtında ödəməməsi, nəticə də 14501,22 manat əsas borc və 3164,75 manat faiz borcunun qalması, digər cavabdehlərn zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərlərinə götürməsi təsdiq olunduğundan və cavabdehlər tərəfindən müqavilə şərtləri pozulduğundan iddia tələbi qismən təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə həmin borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 899,84 manat məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulu 99,84 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 16.12.2021-ci il tarixli, 9/8614 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 90 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun 27 manat hissəi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyərinin 90 manat hissəsi cavabdehlərdən, 10 manat hissəsi iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 25.10.2019- cu il tarixli, 24-MZ-1-0-727-19 saylı kredit müqaviləsi üzrə 14501,22 manat əsas borc və 3164,75 manat faiz borcu, 99,84 manat cərimə borcu olmaqla cəmi 17765,81 (on yeddi min yeddi yüz altmış beş manat 81 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 27 (iyirmi yeddi) manat hissəsi İddiaçı ASC-nin xeyrinə tutulsun. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.10.2019- cu il tarixli, 24-MZ-1-0- 727-19 saylı kredit müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 90 (doxsan) manat hissəsi cavabdehlərdən, 10 (on) manat hissəsi iddiaçıdan tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar