Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2737/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8700 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi Əminəxatın Məmmədovanın vasitəsi ilə tanımışdır. Belə ki, Əıninəxatın onun qonşusu olub, bir müddətdən sonra cavabdeh də qonşuluğa köçmüşdür. Beləliklə aralarında münasibət yaranmışdır. Bir müddətdən sonra cavabdeh müxtəlif bəhanələrlə ondan borca pul istəməyə başlamış və daha sonra o Əminəxatmla birlikdə gələrək şəxsi problemi ilə əlaqədar pula ehtiyacının olduğunu bildirmişdir. Beləliklə hissə-hissə ümumilkdə cavabdehə 9200 manat pul vermişdir. Hətta pulu alarkən üzərində faizi ilə qaytaracağını bildirmişdir. Lakin ona pulu faizsiz vermişdir. Çünki yaxın rəfiqəsi və qonşusu olan Əminəxatın Məmmədovanın vasitəsi ilə tanıdığından ona kömək etmək qərarına gəlmişdir. Bir müddətdən sonra pul lazım olmuş və pulunu qaytarmasını bildirdikdə, cavabdeh ona cəmi 500 manat pul vermiş və qalan pulu qısa müddətə qaytaracağını bildirmişdir. 2016-cı ilin oktyabr ayında cavabdeh qardaşı və qardaşının dostu ilə birlikdə onun evinə gəlmiş, onlar gələn zaman evində tlhamə, Tahirə və Əminəxatın var idi. Cavabdeh borclu olduğu 8700 manat pulu hər ay 500 manat olmaqla hissə-hisə ödəyəcəyini bildirmiş, əvvəlcə onunla razılaşmamış, lakin sonradan razılaşmışdır. Lakin buna baxmayaraq o borcunu qaytarmadı. Daha sonra isə qonşuluqdan başqa ünvana köçdü. Beləliklə onunla əlaqəsi kəsildi və pulunu ala bilmədi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçıdan 2000 manat bir, 1000 manat da bir olmaqla, cəmi 3000 manat pul aldığını, həmin pulu 2015-ci ildə tam olaraq qaytardığını və iddiaçıya heç bir borcunun olmadığını göstərdi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Cavabdeh onun keçmiş qonşusu olmuşdur. 2014-2015-ci illərdə müxtəlif vaxtlarda ona borc qismində ümumilikdə 18000 manat pul vermişdir. Ona borc pul vermək üçün öz tanışları İddiaçı 8700 manat, İlhamə Baxşəliyevadan 3600 manat, Tahirə Məmmədovadan 2400 manat götürmüşdür. Özü isə ona 3300 manat pul vermişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 14.05.2018-ci il tarixli qərarından görünür ki, X2 şikayəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 2014-2015-ci illərsə müxtəlif vaxtlarda Cavabdeh qonşuluqda yaşayan X1 3300 manat, onun vasitəsilə X5 2400 manat, İddiaçı 8700 manat və X4 ümumilikdə 3600 manat pul borc almış və bu günə kimi qaytarmaqdan boyun qaçırmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli, 2(011)-1978/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilərək, cavabdehdən 2000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 31 may 2016-cı il tarixədək qüvvədə olan 740-cı maddəsində göstərilmişdir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Mülki Məcəllənin 31.05.2016-cı il tarixədək qüvvədə olan 740-cı maddəsində məbləğindən asılı olmayaraq borc müqaviləsinin şifahi formada bağlanması da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı 2014 və 2015-ci illər ərzində cavabdehə ümumilikdə 9200 manat borc pul verdiyini iddia edir. Lakin iddiaçının bu iddiası qismən əsaslıdır. Belə ki, cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ona cəmi 3000 manat pulu faizlə vermiş və 2015-ci ildə 3000 manat pulu iddiaçıya qaytarmışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan 3000 manat pul alması işin mübahisəsiz halıdır və cavabdehin məhkəmədə verdiyi izahatı ilə etiraf edilmişdir. Bununla yanaşı, nə iddiaçı cavabdehə 8700 (cavabdeh tərəfindən etiraf edilmiş 3000 manat istisna olmaqla) manat pul verdiyini subuta yetirə bilmədiyindən, nə də cavabdeh aldığı 8700 manatı iddiaçıya qaytarmağını subut edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 3000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2737/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2737/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver