Məhkəmə qərarları › İş №2(011)-2741/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2741/2021

19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2741/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Adilə Həmid qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İByə vurulmuş 1768,40 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2098,40 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “Azəriqaz" İB ilə Cavabdeh arasında bağlanmış 29.10.2018-ci il tarixli, AKX-0039236/10-2018 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən, cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir, cavabdeh müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir, cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir, belə ki, cavabdeh 30.03.2018-ci il tarixli 58/1818 saylı akt əsasında 309.60 manat, 29.06.2018-ci il tarixli ******* saylı akt əsasında isə 1857.60 manat olmaqla, İddiaçı İB-yə 1906.60 manat maddi zərər vurmuşdur, cavabdehin 07/2012-ci il tarixinə kimi 307.60 manat məbləğində qalıq borcu qalmış, 07/2018-ci il tarixinə 1906.60 manat məbləğində borcu hesablanmışdır, GASREPORT üzrə saldoda yaranmış həmin borc məbləğlərinin cəminin 2214.20 manat olmasına baxmayaraq, cavabdeh tərəfindən 07/2012-ci il tarixindən etibarən müvafiq ödənişlər edilmişdir ki, həmin ödənişin də müəyyən hissəsi (445.78 manat) borca tutulmuş və ümumi borcdan silinmişdir ki, digər bir hissəsi də sərfiyyata uyğun olaraq hesablanmış və nəticədə qalıq borc 1768.40 manata bərabər olmuşdur, hazırda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği 2098.40 manat təşkil edir, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə qanunazidd hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək izahatında bildirdi ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır, həmin ünvanda quraşdırılmış sayğac ona məxsusdur, qazdan istifadəyə görə vaxtı-vaxtında ödənişlər etmişdir, həmin borcun olması barədə İddiaçı İB onu məhkəməyə verdikdən sonra xəbəri olmuşdur, İddiaçı İB tərəfindən ona 1768.40 manat borcun hansı formada və hansı aylar üzrə, nə əsasında hesablanması məlum deyil, tərtib etdikləri aktlar və digər sənədlərin isə heç bir hüquqi əsası yoxdur, sayğac iddiaçının ixtiyarında olmaqla mənzildən kənarda yerləşir və ona edilən hər hansı bir müdaxilədən xəbəri yoxdur, nə edilibsə də iddiaçının səlahiyyətli şəxsləri tərəfindən edilib. Sonda Cavabdeh iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İB Cavabdeh 04.12.2020-ci il tarixdə dəymiş zərərin əvəzinin ödənilməsi barədə pretenziya göndərərək ondan yaranmış 1768.40 manat borcun 3 gün müddətində tam şəkildə ödənilməsini tələb etmiş, əks təqdirdə ona məxsus əmlakın qaz təchizatının dayandırılaraq, müvafiq qaydada məhkəməyə müraciət edilərək bununla əlaqədar çəkilən bütün xərclərin ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar etmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.03.2018-ci il tarixli 58/1818 saylı aktın surətindən görünür ki, aktda qaz sayğacına baxış keçirilən zaman sayğacın plombunun olmadığı aşkar olunmuş, sayğaca baxış keçirilərək plomb vurulması barədə qeyd edilmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.06.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşilməsi və dəymiş ziyanın hesablanması və ödənilməsi barədə qeyd edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 30.03.2018-ci il tarixli Qərar-Hesabatının surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 1548 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı İB-nin «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 01.06.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış G-6 markalı 1005AQ**********6 nömrəli qaz sayğacı G-6 markalı 1705AZ**********99 yeni qaz sayğacı ilə əvəzləşdirilmişdir. İş materiallarında olan İddiaçı İB-nin QSN-25/1710-00694/5-1 nömrəli aktına əsasən, ”Azəriqaz” İB-nin SOCAR**********00040020A00371 saylı, 21 may 2018-ci il tarixli məktubuna əsasən, qaz sayğaclarına 04 iyun 2018-ci il tarixi ərzində aparılmış təftiş işləri nəticəsində 1005AQ**********6 nömrəli smartkart tipli qaz sayğacı 22 iyun 2018-ci il tarixli yoxlama aktı nəticəsində yararsız hesab olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin 29.06.2018-ci il tarixli qərarının surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 9288 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan iddiaçının 06.02.2020-ci il tarixli **********00010 saylı abonent hesabına dair Saldodan görünür ki, həmin sənədin “Qalıq və aktlar” bölməsinə 03/2018-ci il üçün 307.60 manat, 06/2018-ci il üçün 1857.60 manat məbləğ daxil edilmişdir. İş materiallarında olan Gasrep sənədindən görünür ki, iddiaçının **********00010 saylı abonent hesabında cari borc məbləği kimi 1768.40 manat yazılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh məxsus ünvan 2 ünvanında (abonent kodu: **********00010) təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edilir, həmin sayğac yenisi ilə əvəzləşdirilmişdir, yoxlanma zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi və plombunun olmaması nöqsanı müəyyən edilmiş və buna görə İddiaçı İB tərəfindən əlavə hesablaşma aparılaraq itirilmiş 1548 m3 və 9288 m3 təbii qazın bərpası məqsədilə Cavabdeh abonent hesabına borc daxil edilmiş və həmin məbləğ iddiaçıya dəymiş zərər formasında tələb olunur. Bununla belə, məhkəmə tərəfindən Cavabdeh qaz sayğacına müdaxilə etməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsi, həmçinin cavabdehin iddiaçıya hüquqla və ya qanunla müdafiə edilən və ona birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli və hüquqa zidd əməlinə dair halları müəyyən edilmədi. Məhkəmə, iddiaçının dəlillərinə münasibətdə hesab edir ki, iddia tələbi iddiaçının sübutetmə yükü ilə bağlıdır və o, cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsinə dair hallara dair sübutetmə vəzifəsi daşıyır. Lakin iddiaçı buna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Onun iddia tələbinə dair təqdim etdiyi sübutlar cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsi və onun hüquqa zidd və təqsirli əməlinə dair halların müəyyən edilməsi üçün yetərli hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımadığından, hazırkı iddia tələbi ilə də ondan dəymiş ziyana görə borcun tutulması da əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxara bilər. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməli, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı İB-nin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı“ Cavabdeh dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar hesablanmış 1768,40 manat, İddiaçı İB-nin pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı İB-yə ödənilməsi barədə” iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar