Məhkəmə qərarları › İş №2(011)-2741/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2741/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2741/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qismində cəlb olunduğu “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Maraqlı şəxs şikayəti əsasında xx.xx.2016-cı il tarixində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdir. Həmin gündə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə iddiaçı barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, ona 02 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş həmin cəza şərti olaraq tətbiq edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə qəti olaraq 03 il 05 ay 20 gün müddətə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə iddiaçı məhkəmə iclas zalında həbsdən azad olunandan 20 gün sonra, yəni xx.xx.2016-cı il tarixində Bakı şəhəri 6 saylı notariat ofisində guya Maraqlı şəxs ona 48000 ABŞ dolları məbləğində pul borc vermişdir. İddiaçı qeyd etmişdir ki, bu qurma işdir, necə olur ki Maraqlı şəxs şikayətinə əsasən o, həbs olunur və çıxan kimi də ona pul verir? Maraqlı şəxs iddiaçını aldatmış, ona dolların məzənnəsinin dəyişdiyini, ziyan elədiyini, notariusda tanışı olduğunu bildirmiş və onu müqavilə bağlamağı təklif etmişdir. İddiaçı isə banka qoyub həll etməyə pulu olmadığını bildirdikdə Maraqlı şəxs ona narahat olmamasını, notariusun tanış adam olduğunu və nə desə onu edəcəyini demişdir. İddiaçı qurulmuş plan əsasında müqaviləyə qol çəkmişdir, amma qətiyyən həmin vaxtı heç bir pul almamışdır. Məntiqdə ordadır ki, iddiaçı bir adamın şikayəti əsasında həbs olunur, həbsdən çıxan kimi guya ona 48000 ABŞ dolları pul verir? Maraqlı şəxs iddiaçıya inamı itmişsə, iddiaçı onu aldatmışsa, ona necə yenidən pul vermişdir? İddiaçı bildirmişdir ki, ən əsası da bank çeki yoxdur, varsa cavabdeh məhkəməyə təqdim etsin ki, iddiaçı kassa məxaric orderinə qol çəkib pul almışdır. Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir, iddiaçının işində isə belə bir qəbz yoxdur. İddiaçı hesab edir ki, Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu çox ciddi qanun pozuntusuna yol verərək onun hüquqlarını kobud formada pozmuşdur və xx.xx.2016-cı il tarixli, kredit müqaviləsi Azərbaycan Respublikasının Konstitusiyasına və Mülki Məcəlləsinə uyğun olmadığı üçün etibarsızdır. Belə ki, kredit müqaviləsinin şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə ziddir . İddiaçı göstərilənləri nəzərə alaraq, onunla Maraqlı şəxs arasında bağlanmış Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırkı məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və digər cavabdehin, həmçinin üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan borc verən Maraqlı şəxs ilə borcalan İddiaçı arasında bağlanan 6 sentyabr 2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 06 sentyabr 2017-ci il tarixədək 48000 ABŞ dolları məbləğində pul borc vermişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-918/16 saylı 18 avqust 2016-cı il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, bu iş üzrə 08 fevral 2016-cı il tarixdən 18 avqust 2016-cı il tarixədək həbsdə olduğu 06 ay 10 gün təyin edilmiş cəzadan çıxılmaqla İddiaçı üzərində qəti olaraq 6 ay 5 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və o dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuş, İddiaçı barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, İddiaçı davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xətai rayon İcra şöbəsinə həvalə olunmuş və onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 172/18 saylı 06 aprel 2018-ci il tarixli qərardan çıxarışından məlum olur ki, zərərçəkmiş şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric olunmuş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 04 ilə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən İddiaçı ibtidai istintaq dövrü 08 fevral 2016-cı il tarixdən 18 avqust 2016-cı il tarixədək həbsdə olduğu 06 ay 10 gün həbsdə saxlama müddəti nəzərə alınmaqla onun üzərində qəti olaraq 03 il 05 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 06 aprel 2018-ci il tarixdən hesablanması, İddiaçı məhkəmə iclas zalından həbsə alınması və onun cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanılmasının Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1520/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qərarından müəyyən edilir ki, məhkum İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinin məzmunundan görünür ki, İddiaçı 6 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, həmin vaxtı iddiaçının onunla münasibətləri pozulmuş, onun şikayəti əsasında həbs edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və müqavilə bağlanılarkən heç bir pul vəsaiti olmamış, guya o, iddiaçıya ABŞ dollarının dəyərinin bahalaşdığını deyərək bu müqaviləni bağlamağa sövq etmişdir. Belə halda necə aralarında müqavilə bağlanıla bilərdi? Maraqlı şəxs hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də təmin olunmamalıdır. Belə ki, həqiqətən iddiaçı onun şikayəti əsasında həbs edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza barəsində CM- nin 70-ci maddəsi tətbiq edilərək, üzərində 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Həmin vaxtı İddiaçı ona görə şərti cəza tətbiq edilmişdir ki, iddiaçı, məhkəmədə ona vurduğu 113.000 ABŞ dollarının 88.000 ABŞ dolları ödəyəcəyi təqdirdə barışıq olacağı və ona qarşı şikayətçi olmayacağı barədə onunla razılıq əldə etdikdən sonra, bildirmişdir ki, onun qohumları maddi ziyanın 40000 ABŞ dollarını həmin vaxtı ödəyəcək, qalan məbləği isə şərti cəza tətbiq edildikdən sonra çıxıb notariat qaydasında müqavilə bağlamaqla altı ay ərzində qalan 48.000 ABŞ dollarını da ödəyəcəkdir, İddiaçı həqiqətən şərti cəza aldıqdan sonra özü könüllü olaraq 6 saylı notariat kontoruna gedib danışaraq onu da həmin kontora dəvət edərək mübahisə olunan müqaviləni bağlasa da, sonradan vədinə əməl etməmiş, məhkəmənin hökmündən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət keçdikdən sonra onunla ümumiyyətlə bütün əlaqələri kəsmiş və heç bir ödəniş etməmişdir. Buna görə də Maraqlı şəxs tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə vəsatət verilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən onun apellyasiya şikayəti təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü İddiaçı münasibətdə dəyişdirilmiş və onun barəsində CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmişdir. Göründüyü kimi iddiaçının mübahisə etdiyi müqavilənin bağlanılması iddiaçının özünün təşəbbüsü və özünün seçdiyi notariat kontorunda bağlanılmışdır və əslində həmin müqaviləni bağlamağa onu İddiaçı öz maraqları üçün təhrik etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, müqavilələrin etibarsızlığının mübahisələndirilməsi ilə bağlı qanunvericilik konkret müddət müəyyən etmişdir, iddiaçı isə özünün iddia ərizəsində qeyd etdiyi kimi həqiqətən bu müqavilə onun aldadılması və ya başqa yolla bağlanılmışdırsa və bu onu ilk gündən bildiyi vaxtdan niyə həmin müqaviləni mübahisələndirməmişdir. Hansı ki, müqavilə bağlanıldığı gündən təxminən iki ilə yaxın müddətdə iddiaçı azadlıqda olmuş və sərbəst hərəkət etmişdir. Hazırda həmin müqavilənin bağlanıldığı gündən isə yeddi ilə yaxın müddət keçmişdir. Azərbaycan Respublikası MM-nin 354-cü maddəsinin tələblərinə görə əqdin etibarsızlığının mübahisələndirilməsi üçün konkret olaraq 1 il müddətlər müəyyən olunmuşdur. İddiaçı isə qanunla müəyyən olunmuş bu müddət ərzində müqaviləni mübahisləndirməmiş və onunla razılaşmışdır. Hazırda isə həmin müqavilənin icrası ilə bağlı icra hərəkətləri başlandığından və icra məmuru tərəfindən məcburi icra hərəkətləri tətbiq edildyindən, iddiaçı icradan yayınmaq və ya icranı gecikdirmək məqsədilə əsassız və vaxtı keçmiş iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı əvvəllər ona qarşı etdiyi dələduzluq niyyətlərini davam etdirir və özünün təşəbbüsü və təhriki ilə bağlanılmış müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmək məqsədilə belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bu yolla əvvəlcə məhkəmədə ona şərti cəza təyin edilməsinə və ya daha yüngül cəza təyin edilməsin nail olmuş, daha sonra isə üzərinə götürdüyü öhdəliyin icrasından yayınmağa çalışmışdır. N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, ‘‘məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməldidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsi məsələləri ilə əlaqədar kəsici müddət əqdin etibarsız sayılmasına əsas verən halları tərəfin bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il müddətində məhkəməyə müraciət etməli idilər. Məhkəmə həmçinin qeyd edir ki, 354-cü maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətlərdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Beləliklə, istinad edilən normaya əsaslanaraq, məhkəmə hesab edir ki, iddiaçı qanunla ona əqdin etibarsızlığını mübahisələndirmək üçün verilmiş müddəti ötürmüşdür. Belə ki, 6 sentyabr 2016-cı il tarixli kredit müqaviləsinin bağlanması iddiaçıya müqavilənin bağlandığı andan, yəni 6 sentyabr 2016-cı il tarixdən məlum olmasına baxmayaraq, mövcud iddia ərizəsi ilə məhkəməyə 22 iyun 2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaya iddia tələbi tətbiq edilərək iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar