Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2788/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflərin faktiki nikahından bir övladları, xx.xx.2010-cu il təvəllüdlü X2 doğulmuşdur.
2. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3237/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
3. Sonuncu dəfə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-2204/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə əvvəlki alimentin məbləği dəyişdirilərək Həsənli İbrahimin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-2204/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat aliment tutulmuş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. “Azərbaycan Respublikasında 2023-cü ilin yaşayış minimumu haqqınd AR Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edilmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək himayəsində azyaşlı uşağının olması səbəbindən məhkəmə iclasında iştirak etməyəcəyini, onun iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
9. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
10. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
11. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
13. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
15. İşə baxan məhkəmənin mövqeyi:
16. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
17. Alimentin artırılmasının hüquqi əsasları Azərbaycan Respublikası AM-nin 112.1ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, qanun əvvəl müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) konkret əsaslarını müəyyən etmişdir. Bu əsaslar tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirilmişdir. Ailə vəziyyətində dəyişikliyin olması dedikdə, tərəflərdən birinin yeni nikaha daxil olması, ailədə yeni uşağın doğulması, aliment ödənilən uşağın yetkinlik yaşına çatması və s., maddi vəziyyətində dəyişiklik olması dedikdə isə, tərəflərdən birinin əvvəlki gəlirlərinin artması, xərclərinin artması və s. kimi başa düşülə bilər.
19. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, hazırda cavabdehdən iddiaçı ilə faktiki nikahından doğulmuş uşağın saxlanmasına görə hər ay 175 manat alimentin tutulması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi, 193 manat alimentin tutulması isə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Lakin iddiaçı sonuncu, xx.xx.2022-ci il tarixli qətnaməsinin çıxarılmasından təxminən 11 ay sonra alimentin məbləğinin artırılması barədə yenidən iddia ərizəsi ilə müəraciət emtiş, etmiş, əvvəlki məhkəmə qətnaməsinin qəbul edildiyi xx.xx.2022-ci il tarixdən sonra onun, yaxud cavabdehin maddi vəziyyətində (məsələn, gəlirlərinin artması) hansı dəyişikliklərin olması, özünün, yaxud himayəsində olan uşağın xərclərinin artması, özünün maddi vəziyyətinin pisləşməsi və s. hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2015-ci il tarixdə ikinci dəfə nikaha daxil olmuş və onun ikinci nikahından xx.xx.2018-ci il tarixdə bir övladı doğulmuşdur.
21. Tərəflərin maddi vəziyyətləri ilə bağlı, məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC-də kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 555 manat təşkil edir. Cavabdeh isə "xxxx" MMC-də (xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən) sürücü-təlimatcı vəzifəsində işləyir və orta aylıq əmək haqqı vergilər və sosial ayırmalar da daxil olmaqla 355 manat təşkil edir.
22. Göründüyü kimi, tərəflərin maddi durumu müqayisə edilərkən müəyyən edilir ki, iddiaçının aldığı əmək haqqı cavabdehin aldığı əmək haqqından daha çoxdur. İddiaçı da cavabdehin əlavə gəlirə malik olması, əlavə qazancının olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
23. Belə olan halda, məhkəmə hesab edir ki, iddianın təmin olunması cavabdehin əlavə xərclərə cəlb olunması ilə nəticələnə bilər ki, bu da onun həm ikinci nikahından doğulan uşağın mənafeyinə zidd olar, həm də cavabdehi daha da ağır maddi duruma sala bilər. Məhkəmə qeyd edir ki, maddi və ailə vəziyyəti imkan vermədiyi halda yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimenti ödəmək öhdəliyinin yalnız uşaq yanında qalmayan valideynin üzərinə qoyulması Ailə Məcəlləsinin 56.1-ci maddəsinin də tələbinə zidd olardı. Həmin müddəada deyilir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələr malikdirdirlər.
24. Məhkəmə, həmçinin iddiaçının 2023-ci il üçün uşaqlar üçün ölkə üzrə yaşayış minimumunun 220 manat məbləğində olmasına görə alimentin artırılması barədə yeganə dəlili ilə bağlı qeyd edir ki, uşaqlar üçün ölkə üzrə yaşayış minimumunun qanunla müəyyən edilməsi, işin digər halları nəzərə alınmadan, alimentin artırılmasına əsas verə bilməz. Belə ki, yaşayış minimumunun müəyyən edilməsinin məqsədi ölkə üzrə yaşayış səviyyəsi meyarının müəyyənləşdirilməsi, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq aşağı yaşayış səviyyəsinin artırılmasının prinsip və qaydalarının müəyyən edilməsindən ibarətdir. Ona görə də, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırılması alimentin müəyyən edilmiş əvvəlki məbləğinin artırılması üçün mütləq şərt hesab edilə bilməz. Alimentin məbləğinin artırılmasının yeganə hüquqi əsası isə AM-nin 112.1-ci maddəsində göstərilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər əsasında hazırkı iddia üzrə alimentin məbləğinin artırılması üçün hər hansı əsaslar mövcud deyildir.
25. Məhkəmə hesab edir ki, alimentin artırılması barədə əsas iddia tələbi əsaslı olmadığından, buna görə çəkilmiş xərclər də iddiaçıdan tutula bilməz.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı