Məhkəmə qərarları › İş №2(011)-2846/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2846/2022

14.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2846/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 19 noyabr 2021-ci il tarixdə Bakı-Şamaxı- Yevlax yolunun 23-cü km-də ona məxsus “Hyundai” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıdan Şamaxı istiqamətdə baş yolda hərəkətdə olarkən Cavabdeh2 idarə etdiyi “Opel” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “yol ver” nişanının tələbini pozaraq, onun keçməsinə yol vermədən 2-ci dərəcəli yoldan qəflətən baş yola çıxaraq avtomobilin qabaq sağ hissəsindən vuraraq aşırmış, onu bərpa edilməyəcək şəkildə zədələyərək yararsız hala salmaqla ona maddi ziyan vurmuşdur. Hadisə yerinə gəlmiş X3 şöbəsinin əməkdaşı inzibati araşdırma aparmış və nəticədə Cavabdeh1 məxsus avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh2 hadisənin baş verməsində təqsirli bilinmiş və onun barəsində TP ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında Protokol tərtib olunmuşdur. İdarə etdiyi “Hyundai” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil qəzadan sonra istifadəyə tam yararsızdır. “Hyundai Avto Azərbaycan Servis Departamentinin” verdiyi xx.xx.2021-ci il tarixli AA0411033 N-li aktdan da görünür ki, toqquşma nəticəsində avtomobilinə vurulmuş zərərin aradan qaldırılması, yəni avtomobilin hadisə baş verən ana kimi olan vəziyyətinə gətirilməsi üçün əlavə olaraq 30.900 manat vəsait tələb olunur. Sığortaçı tərəfindən ona 5000 manat məbləğində sığorta ödənişi verilsə də, bu dəymiş zərərin cüzi hissəsini təşkil edir. Qeyd etdiyi kimi baş vermiş hadisə nəticəsində əmlakına 30900 manat məbləğində zərər dəymişdir. Belə olan halda sığorta şirkətindən 5000 manat sığorta ödənişi edilsə də, bu avtomaşının bərpası ilə əlaqədar çəkəcəyi xərcləri qarşılamır, onun cüzi bir hissəsini ödəyir. O, hesab edir ki, Cavabdeh1 avtomobilin mülkiyyətçisi kimi fərdi sahibkarlıqla məşğul olur və məhz onun tapşırıqlarını yerinə yetirən sürücü Cavabdeh2 tərəfindən əmlakına təqsirli olaraq zərər yetirilmişdir. Belə olan halda sığorta ödənişi ilə əhatə olunmayan zərər məbləğinin əvəzi məhz müştərək qaydada hər iki cavabdehdən alınmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, əmlakına vurulmuş zərərin əvəzi kimi 25900 manatın və ödədiyi 167.7 manat dövlət rüsumunun, cəmi 26067.70 manat pulun müştərək qaydada cavabdehlərdən turularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Nəbiyev X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, 19 noyabr 2021-ci il tarixdə ona məxsus olan “Opel” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı maşınla 06:00 radələrində Bakıdan Şamaxı istiqamətinə gələrkən hava şəraitinin yağmurlu olması səbəbindən idarə etdiyi maşınla Bakı-Şamaxı yolunun 23 km-də, 2-ci dərəcəli yolda yol ver nişanının təsiri zonasında diqqətinin yayınması səbəbindən boş yolda olan nəqliyyat vasitəsini görməmiş və “Hyundai” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur İş materiallarında olan “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən verilmiş 24 noyabr 2021-ci il tarixli, AA0411033 №-li qüsur aktından görünür ki, “Hyundai Santafe” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 30996 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli, 9/4768 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, tədqiq edilən 2014-cü il buraxılışlı, “X4” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 23800 (34000 m -30%) manat müəyyən edilmişdir. İş materiallarında olan ƏN-V seriyalı, 806339 №-li nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Opel Astra” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1 tərəfindən Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək səalhiyyəti verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü tə`sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh2 19 noyabr 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı maşınla saat 06:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 23-cü km-də hava şəraitinin yağışlı olması və 2-ci dərəcəli yolda yol ver nişanının təsiri zonasında diqqətinin yayınması səbəbindən boş yolda olan nəqliyyat vasitəsini görməmiş və “X4” markalı, **- OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin törədilməsində müvafiq qərarla Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən verilmiş 24 noyabr 2021-ci il tarixli, AA0411033 №-li qüsur aktından görünür ki, “Hyundai Santafe” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 30996 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli, 9/4768 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, tədqiq edilən 2014-cü il buraxılışlı, “X4” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 23800 (34000 m -30%) manat müəyyən edilmişdir. İddiaçı ərizəsində sığortaçı tərəfindən 5000 manat sığorta ödənişini aldığını göstərmişdir. Məhkəmə hesab edir ki, “X4” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, Cavabdeh2 18800 manat məbləğində dəymiş zərər tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, “Opel Astra” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi digər Cavabdeh1 olsa da, onun tərəfindən qanuni qaydada rəsmiləşdirilməklə etibarnamə əsasında 30 sentyabr 2021-ci il tarixdə Cavabdeh2 verildiyindən, iddia tələbi Cavabdeh1 qarşı əsassız olduğu üçün təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 18800 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 qarşı təmin edilməsin. İddia qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 167.70 manat dövlət rüsumunun 50 %, yəni 83.85 manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin, qalan 50 %, yəni 83.85 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 50%, yəni 50 manat Cavabdeh2, qalan 50%, yəni 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar