Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2857/2021 02.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan 700 manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 39 ünvanında yerləşən 63 saylı mənzil çıxarış əsasında ona məxsusdur və hazırda həmin ünvanında yaşayır, cavabdeh onun yuxarı mərtəbədə yaşayan qonşusudur və onun qanunsuz hərəkətləri nəticəsində yaşadığı mənzilə ziyan dəymişdir, belə ki, 29.12.2020-ci il tarixdə yuxarı mərtəbədən onun mənzilinə su axıtmış, bununla da onun mətbəxinin tavanı və divar kağızları yararsız hala düşmüş və ona maddi ziyan dəymişdir, dəfələrlə axıntının qarşısını alması ilə bağlı cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticəsi olmamış, bu səbəbdən məsələni müvafiq MKİS-ə bildirmiş və tədbir görülməsini xahiş etmişdir, Cavabdeh yaşadığı mənzildə yerləşən sanitar qovşaqdan suyun axması, nəticədə onun əmlakına ziyan dəyməsi və baş verənlər arasındakı əlaqə 91 saylı MKİS-nin verdiyi aktda da öz əksini tapmışdır, belə ki, idarənin əməkdaşları ona məxsus mənzilə baxış keçirərək maddi ziyan vurulduğunu müəyyən etmiş və müvafiq akt tərtib etmiş, bununla əlaqədar qanunsuzluğa son qoyması və birgə yaşayış qaydalarına əməl etməsi üçün dəfələrlə cavabdehə müraciət etmişlər, lakin o, buna məhəl qoymayaraq heç kimi mənzilinə buraxmamış, heç bir tədbir görməyəcəyini və suyun onun mənzilindən yox, başqa mənzildən axdığını demişdir, halbuki mənzilindən gələn axıntını gizlətmək və təqsirini örtbasdır etmək üçün orada təmir işləri aparmışdır, nəticədə ona dəymiş ziyan ödənilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək ekspertin gəldiyi nəticə ilə razı olduğunu və dövlət rüsumu qismində ödədiyi 30 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yaşayır, iddiaçının yaşadığı mənzil ondan 1 mərtəbə aşağıdadır və məsələ ilə bağlı onun qeyd etdiyi hallar böthandır, belə ki, su axıntısı onun mənzilindən gəlməyib, həmin gün o, evdə olmayıb, su da bağlı olub, yəni mənzilə ziyan vurulmasının günahkarı o deyil, iddiaçı qeyd edir ki, həmin halları gizlətmək üçün guya mənzildə təmir işləri aparıb, lakin qeyd olunanlar doğru deyil və həmin halları ört-basdır etmək məqsədilə mənzildə təmir işləri aparmamışdır, bununla yanaşı məsələ ilə bağlı 91 saylı MKİS-nin aktı onun iştirakı olmadan tərtib edildiyindən tamamilə qanunsuzdur, həmçinin ekpsert rəyi üzrə gəlinmiş nəticənin düzgün olmadığını düşünür və ekspertizanın gəldiyi nəticə ilə razı deyil, belə ki, smetada göstərilən rəqəmlər şişirdilib və öz təsdiqini tapmayıb, orada qeyd olunan miqdarda kleylə bütün binanı yapışdırmaq olar. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasının məhkəmədən xahiş etdi. Həmçinin məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya zərərin əvəzi qismində 50 manat ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 39, 63 saylı mənzil 10.07.2018-ci ildə tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan 91 saylı MKİS tərəfindən tərtib olunmuş 29.12.2020-ci il tarixli Aktdan görünür ki, 91 saylı MKİS-in sahə nəzarətçisi T.Bayramov, Gəncə prospekti 39, mənzil 61-in sakini N.İbrahimova, Gəncə prospekti 63-ün sakini İddiaçı aktı ona görə tərtib etmişdir ki, Gəncə prospekti 39, mənzil 65-in sakini Cavabdeh mənzilindən mənzil 61-də və mənzil 63-də yaşayan qonşuların mətbəx, hamam otağına tualetdən su axmış və maddi ziyan dəymişdir, su axıntısının qarşısının alınması üçün Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin o, heç bir nəticə çıxarmamışdır, vətəndaş Cavabdeh onları mənzilinə buraxmır və heç bir tədbir görməyəcəyini bildirir, buna görə onlar qonşudan şikayətçidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə ekspertiza mərkəzinin 24.05.2021-ci il tarixli 10/1462 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 63 saylı mənzilin binanın 5-ci mərtəbəsində, cavabdehə məxsus 65 saylı mənzilin isə binanın 6-cı mərtəbəsində yerləşdiyini, 65 saylı mənzilin mətbəx kimi istifadə olunan yardımçı tikilisində təmir işləri aparıldığını və sukanalizasiya xətlərinin gizli şəkildə olduğunu, lakin 63 saylı mənzilin mətbəx kimi istifadə olunan yardımçı tikilisinin divar və tavanında yaranmış qüsurları nəzərə alaraq, 63 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 65 saylı mənzildən suyun sızması xaraketrikdir, su sızma nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 39 saylı evin 63 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 611,2 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 39 saylı evin 63 saylı mənzili İddiaçı, həmin ünvanda yerləşən 65 saylı mənzil isə Cavabdeh məxsusdur, iddiaçıya məxsus mənzildən yuxarı mərtəbədə yerləşən 65 saylı mənzildən su sızması nəticəsində həmin mənzilin mətbəx kimi istifadə olunan yardımçı tikilisinə ziyan dəymişdir, həmin hissənin təmir-bərpa xərcləri 611,2 manat təşkil edir, iddia tələbi cavabdeh tərəfindən qismən qəbul edilir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək hesab edir ki, məhkəmə tikintitexniki ekspertizasının rəyi üzrə ekspertin gəldiyi nəticələr əmlaka dəymiş maddi ziyanın məbləğinin müəyyən olunması üçün əsas kimi qəbul edilməli, dəymiş maddi ziyan isə 611,20 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi 611.2 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq iddiaçıya, işə baxılması ilə əlaqədar olan məsrəf qismində keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 39 ünvanında yerləşən 63 saylı mənzilə vurulmuş maddi ziyana görə 611 (altı yüz on bir) manat, 20 (iyirmi) qəpik məbləğinə pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2857/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2857/2021
02.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver