Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2864/2020 21.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən bilərəkdən iddiaçıya məxsus olan 1000 manat əsas məbləğin və əldən çıxmış fayda kimi bir ay işləyib maaş almadığı 450 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təqdim olunan məhkəmə hökmündən göründüyü kimi iddiaçıdan başqa xeyli sayda insanların etibarından sui-istifadə etməklə onların xeyli miqdarda pulunu mənimsəmiş Cavabdeh iddiaçının da etibarından suiistifadə edərək “xxxxx” televiziyasının efirində guya yayımlanacaq verilişdə redaktor işləyəcəyimn görə 1000 manat pulunu ələ keçirərək iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdehin müxtəlif insanlara aldatma yolu ilə vurduğu maddi ziyanlara əsasən Cavabdeh təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin istər istintaq vaxtı, istərsə də məhkəmə prosesində cavabdeh iddiaçıdan aldığı 1000 manatdan heç bir məbləğdə pul iddiaçıya qaytarmamışdır. Cavabdehin iddiaçıya qarşı törətdiyi əməllər bütün hallarda öz təsdiqini tapmışdır. Hətta cavabdeh onunla iş münasibətinə daxil olmaqla özünü sifarişçi “Elif Media”-nın baş direktoru kimi, iddiaçı isə redaktor kimi qəbul edərək aralarında müqavilə də bağlamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmişdir, lakin cavabdehin iddia tələbinə münasibəti məhkəməyə daxil olmamışdır. Həmçinin, cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1683/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qərarına əsasən, zərərçəkmiş şəxslər İslamova Emiliya Şövkət qızı, Məhərrəmova Tünzalə Vəkil qızı, X2 və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin ediliş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il 06 (altı) aya artırılmışdır. Qərarda müəyyən olunur ki, Cavabdeh təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxxx» X3 MMC ilə bağladığı xx xxxxxx 2017-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən «İyirmilik» televiziya layihəsinin və «Hər Səhər» proqramında «Əmək birjası» rubrikasının istehsalını öz üzərinə götürüb işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək İddiaçı etibarından sui-istifadə edib «xxxxx» X3 MMC-yə redaktor vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «xxxxx» X1 inzibati binasında 1000 manat pulunu ələ keçirib, zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış P/193 nömrəli xx.xx.2018-ci il tarixli Əmək müqaviləsinin surətinə əsasən bu müqaviləyə görə icraçı sifarişçiyə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada xidmətləri icra etməyi, sifarişçi isə göstərilən xidmətlərə görə haqq ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində İddiaçı 1000 manat məbləğində maddi ziyanın vurulduğu mülki iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından və cavabdeh tərəfindən bu halı təkzib edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən İddiaçı Cavabdeh qarşı cavabdehdən 1000 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsinə dair iddiası əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddianın əldən çıxmış fayda kimi bir ay işləyib maaş almadığı 450 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən təqdim etdiyi əmək müqaviləsi üzrə işləməsini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Dəymiş zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2864/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2864/2020
21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver