Məhkəmə qərarları › İş №2(011)-2867/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2867/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2867/2021 17.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 və digərlərinə qarşı borcun tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC BOKT Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 30.12.2020-ci il tarixdən 04.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 467.8 AZN məbləğində əldən çıxmış fayda və əsas borc üzrə gecikdirilmiş 136530.05 AZN məbləğinə 13.11.2019-cu il tarixdən başlayaraq aylıq 0.6 % hesablamaqla faiz məbləğinin qətnamənin icra olunduğu günə qədər tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 04 iyun 2015-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 72 ay müddətinə 160000 AZN kredit limiti ayrılmışdır. Cavabdeh1 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx" İKB ASC-dən illik 7 faizlə 60 ay müddətinə 145000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq 24 dekabr 2015-ci il tarixli Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı “xxxx İKB” ASC (“İddiaçı" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh3 Fayaz oğlundan 04 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 135789.36 manat əsas, 546.87 manat faiz borcu və 766.56 manat cərimə borcu olmaqla cəmi 137102.79 manat məbləğində borcun tutulması ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(011)-4986/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək “xxxx İKB“ ASC-nin (“İddiaçı“ ASC) xeyrinə 135789.36 manat əsas, 546.87 manat faiz və 766.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 137102.79 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. 04 fevral 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzre 30.12.2020-ci il tarixdən 04.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 467.8 AZN məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.06.2015-ci il tarixli 13 SKMF-1-0-264-15 №-li kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 160000 azn və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 72 ay müddətinə kredit limiti ayrılmışdır. İş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 7%lə 60 ay müddətinə 145000 manat məbləğində kredit götürmüşdür. İş materialında olan 24.12.2015-ci il tarixli 13-KTKDX-3-0-699-15 nömrəli “xxxxbank” ASC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın bankla arasında olan 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materialında olan 24.12.2015-ci il tarixli 13-KTKDX-3-0-699-15 nömrəli “xxxx” İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın bankla arasında olan 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, 24.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olaraq borcu 344 manat təşkil edir. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4986/2019 nömrəli, 14.11.2019-cu il tarixli qətnaməsinə əsasən qət edilmişdir ki, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 iyun 2015- ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kredit müqaviləsi üzrə 135789,36 manat əsas borc, 546,87 manat faiz, 766.56 manat cərimə borcu olmaqla, ümumilikdə 137102.79 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu iddiaçı“xxxxbank” ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh1 Azay oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 56 nömrəli mənzilinə yönəldilsin. Həmin əmlak ilkin satış qiyməti 350 000 manat müəyyən olunmaqla açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcu ödənilsin. Qeyd edilən daşınmaz əmlak satıldıqdan 1 ay sonra könüllü boşaldılmadığı təqdirdə Cavabdeh1 həmin mənzildən məcburi çıxarılsın, mənzil boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2584/2020 nömrəli 29.09.2020-ci il tarixli qətnaməsinə əsasən qət edilmişdir ki, İddiaçı “xxxx” İKB ASC-nin (“İddiaçı ASC”) apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(011)-4986/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. İpoteka predmetinin ilkin satış qiyməti 315000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumları apelyatorlara aid edilsin. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli 2(011)-4986/2019 saylı məktubun surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon MƏhkəməsinin 2(011)-4986/2019-008 saylı, 29.11.2019-cu il tarixli icra vərəqəsi icra edilməsi üçün 11.03.2021-ci il tarixində göndərilmişdir. İcra vərəqəsinə əsasən “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış 04.06.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kredit müqaviləsi üzrə 135789,36 manat əsas borc, 546,87 manat faiz, 766,,56 manat cərimə olmaqla, ümumilikdə 137102,79 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh1 Azay oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 56 nömrəli mənzilə yönəldilməlii, əmlak ilkin satış qiyməti 315000 manat müəyyən olunmaqla açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına cavabdehlərin banka olan borcu ödənilməlidir. Mülki mübahisənin əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına istinadən qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər..... Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür....Qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Qərarda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göründüyü kimi, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış 04.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi qanuni güvvəsini almış məhkəmə qətnaməsi əsasında kredit müqaviləsi üzrə öhdəliyinin təminatı olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilə yönəldillmiş, və qətnamə üzrə icra vərəqəsi icra edilməsi üçün 11.03.2021-ci il tarixində müvafiq icra şöbəsinə göndərilmişdir. Yuxarıda istinad edilən məhkəmə qətnaməsinin icrası Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları ilə tənzimlənən məhkəmə qərarlarının icrası qaydasında həyata keçirilir. Hazırkı mülki iş üzrə aparılmış məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən məhkəmə qətnaməsinin icrasını gecikdirmək və ya ona manea yaratmak üçün hər hansı bir pozuntunun törədiliyi müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış qətnamə əsasında borc və faizlərin ipoteka predmeti olan əmlaka yönəldilməsindən sonra bank tərəfindən təkrar olaraq əldən çıxmış faydanın borclu tərəfindən ödənilməsi ilə bağlı hazırkı iddia tələbi əsassızdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı cavabdehlərdən iddiaçının xeyrinə 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 30.12.2020-ci il tarixdən 04.02.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 467,8 manat əldən çıxmış fayda və əsas borc üzrə gecikdirilmiş 136530,05 manat məbləğinə 13.11.2019-cu il tarixdən başlayaraq aylıq 0,6 faiz hesablanmaqla faiz məbləğinin qətnamənin icra olunduğu günə qədər tutulması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar