Məhkəmə qərarları › İş №2(011)-289/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-289/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-289/2023 04.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Pakistan Milli Bankının Bakı Filialına qarşı “banka ödənilmiş puldan borc kimi yazılmış məbləğin çıxılması, qalan borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh Pakistan Milli Bankının Bakı Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh banka ödədiyi (nəzərə alınmamış, borcdan çıxılmamış) 18.098 manat məbləğində puldan bank tərəfindən iddiaçıya borc kimi yazılmış 9346,58 manat məbləğin çıxılması və qalan 8751.42 manat məbləğində pul vəsaiti, tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, bank tərəfindən (iddiaçıya əsassız hesablanmış) cavabdehin bank sistemində borc kimi göstərilmiş ümumi 96.326,12 manat borcdan 9.346,58 manat məbləğin çıxılması və qalan əsassız hesablanmış 86.979,54 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4153/2011 saylı, 14 noyabr 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehin xeyrinə 91.074,53 manat tutulması qət edilmişdir və icra vərəqəsi verilmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı banka olan borcundan 18.098 manat məbləğində pul ödəmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, məhkəmədə qətnamə çıxarılanadək onun tərəfindən ödənilmiş 18.098 manat məbləğində pul nəzərə alınmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirmiş, işə onun iştirakı olmadan baxılıb iddianın rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-181/2011 saylı, 14 noyabr 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 91.074,53 manat məbləğində pul vəsaitinin tutularaq Pakistan Milli Bankının Bakı Filialına ödənilməsi qət edilmişdir. 09 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktubunda iddiaçıya bildirilir ki, hal-hazırda məhkəmə qətnaməsinə əsasən borclunun ödənilməmiş borcu 9.346,58 manat təşkil edir. Bank sistemində ümumi borcu 96.326,21 manat təşkil edir. İddiaçı bu məktubdan sonra məhkəməyə müraciət edərək, qətnamə üzrə ödəmiş olduğu vəsaitin düzgün hesablanmadığını, xəbərdarlıq məktubunda istinad olunanın ziddinə bankın ona borcunun olduğunu əsas gətirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı iddia ərizəsinin hüquqi əsasını cavabdehin artıq ödənilmiş vəsait hesabına əsassız varlanması halı təşkil edir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin tələbinə əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mühasibatlıq ekspertizasının təyin edilməsinə əsas iddiaçının Nərimanov Rayon Məhkəməsində araşdırma gedən zaman banka ödədiyi vəsaitlərin nəzərə alınmaması və nəticədə bu günkü gün ondan artıq məbləğ tələb edilməsi halı olmuşdur. Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2011-ci tarixli qətnaməsinə əsasən iddiaçının 20 oktyabr 2010-cu il tarixə 91.074,35 manat borcu olması müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş ekspert rəyindən görünür ki, iddiaçının 15 oktyabr 2010cu il tarixdən sonra ödədiyi vəsaitlər iddiaçının banka olan əsas borcundan deyil, faiz borcundan silinmişdir. Hesablamanın məhz belə aparıldığı üçün və ödənilmiş məbləğlərdən faizin tutulması yalnız 07 sentyabr 2011-ci ildə dayandırıldığı üçün 17 dekabr 2009-cu il tarixli müqavilə üzrə iddiaçının 8.817,40 manat məbləğində borcu olması müəyyən edilmişdir. Ekspert rəyindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsində qeyd edilən 20 oktyabr 2010-cu ilə müəyyən edilmiş 91.074,35 manat borcdan iddiaçı tərəfindən 15 oktyabr 2010-cu il tarixdən sonra ümumilikdə 97.690,95 manat vəsait ödənilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş məbləğ ekspert rəyində texniki səhvə yol verilməklə 35 qəpik yerinə 53 qəpik kimi qeyd edilmişdir. Odur ki, istinad edilənə əsasən iddiaçının artıq ödədiyi məbləğ rəydə qeyd edilən 6.616,22 manat deyil, 6.616,40 manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin icraatında olan iş üzrə bank vətəndaş tərəfindən ödənilən məbləğlərin nəzərə alınması ilə iddia tələbinin dəqiqləşdirilməsi üçün məhkəməyə müraciət etməli olduğu halda müraciət etməmiş və yekunda tərəflər arasında ziddiyyətli məqamlar yaranmışdır. Məhkəmə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 91.074,35 manat məbləğində borcun iddiaçı tərəfindən tam ödənilməsini nəzərə alaraq onun qətnamə üzrə borcunun olmaması qənaətinə gəlir və artıq ödənilmiş vəsaitin iddiaçıya geri ödənilməli olması ilə bağlı iddia tələbini qismən əsaslı hesab edir. Cavabdeh olan bankın nümayəndəsi və vəkili məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək müddətin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi ilə bağlı vəsatət vermişdir. Məhkəmə verilmiş vəsatəti əsassız hesab edərək müddətin ötürülməməsini qeyd edir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Bank tərəfindən iddiaçıya 09 sentyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu təqdim edilmiş və iddiaçıya borcla bağlı məlumat verilmişdir. İddiaçı hazırkı ərizə ilə 29 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. 02 aprel 2021-ci il tarixli Plenum qərarında qeyd edilir ki, əsassız varlanma hallarında əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. İstinad edilənlərə əsasən məhkəmə hesab edir ki iddiaçı müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı cavabdeh Pakistan Milli Bankının Bakı filialına borcunun olmadığı müəyyən edilməli, cavabdeh Pakistan Milli Bankının Bakı filialından İddiaçı xeyrinə artıq ödənilmiş 6.616,40 manat pul vəsaiti tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 110 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 110 manat dövlət rüsumunun 55 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməli, qalan 55 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. İş materiallarında olan ekspertiza rəyinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, qalan 50 manatı isə cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı cavabdeh Pakistan Milli Bankının Bakı filialına borcunun olmadığı müəyyən edilsin, cavabdeh Pakistan Milli Bankının Bakı filialından İddiaçı xeyrinə artıq ödənilmiş 6.616,40 (altı min altı yüz on altı manat qırx qəpik) manat pul vəsaiti və 55 (əlli beş) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumunun qalan 55 (əlli beş) manatı İddiaçı özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manatı İddiaçı, qalan 50 (əlli) manatı isə cavabdeh Pakistan Milli Bankının Bakı filialından alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun surəti təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar