Məhkəmə qərarları › İş №2(011)-2908/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2908/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2908/2020 16.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.990 ABŞ dolları əsas, 13.271 ABŞ dolları cərimə, 2.655 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MMin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 336/13 saylı kredit kartı müqaviləsinə görə, cavabdehə 36 ay müddətinə, illik 25% ödənilmək şərtilə 20.000 ABŞ dolları məbləğində təmir məqsədi üçün kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixdə kredit kartı müqaviləsi bağlanmış, cavabdehə 36 ay müddətinə, illik 25% ödənilmək şərtilə 20.000 ABŞ dolları kredit verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbinin hüquqi əsasını müqavilədən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386-cı maddə). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. (389-cu maddə). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324-cü maddə). Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər (406-cı maddə). Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (407-ci maddə). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739-cu maddə). Yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq məhkəmə belə hesab edir ki, müqavilə tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Nə qədər ki borc verən təşkilat bankdır qanunvericiliyin tələblərinə əsasən bank tərəfindən verilmiş pul vəsaitinin verilməsi, qaytarılması və sair qaydalar tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri ilə tənzimlənir. Müqavilə bağlanan zaman tərəflər arasında yazılı şəkildə müqavilə tərtib olunur, tərəflər öz iradə ifadələri ilə sərbəst surətdə həmin müqaviləni imzalayırlar. Qanunun mənasına görə kredit müqaviləsi kreditor və borclu arasında bağlanan elə bir mülki hüquqi əqdir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Qanunvericinin tələblərinə əsasən müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə qeyd edir ki, müqavilənin hər iki tərəf üçün müəyyən öhdəliklər yaratması üçün onun qanunla tənzimlənən qaydada bağlanması əsas şərtdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş kredit kartı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, müqavilənin surətindən görünür ki, Cavabdeh kredit kartı müqaviləsini imzalamamışdır. Məhkəmə qeyd olunan hala qiymət verərək hesab edir ki, müqavilənin bağlanmış hesab edilməsi üçün o tərəflərin iradə ifadəsini əks etdirən imza ilə təsdiq edilməli idi. Odur ki, iddiaçı cavabdeh üçün hər hansı öhdəlik yaratmayan müqavilənin icrasını tələb etməkdə haqlı deyildir. Eyni zamanda məhkəmə hazırkı işin materiallarını araşdırarkən iddiaçı bank tərəfindən qanunvericiliyin bir sıra tələblərinin pozulmasını aşkar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məktubdan görünür ki, Gürcüstan vətəndaşı Cavabdeh xx xxxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikasından çıxmış, ölkə ərazisinə növbəti dəfə xx xxxxx 2014-cü il tarixdə daxil olmuşdur. Bank tərəfindən xarici vətəndaşa kredit verilərkən nəzərdə tutulmuş şərtlərdən biri də borclu şəxsin Azərbaycan Respublikası ərazisində yaşayış yerinin olmasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, Gürcüstan vətəndaşı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə olduğu yer üzrə qeydiyyata alınma və ya müvafiq yaşama icazələrinin alınması ilə bağlı hər hansı müraciəti qeydə alınmamışdır. Hazırkı iş üzrə Cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olmadığı və Azərbaycan Respublikası ərazisində onun yaşayış yeri olmadığı halda və Cavabdeh xx xxxxxx 2013-cü il tarixdə ümumiyyətlə ölkə ərazisinin hüdudlarından kənarda olduğu halda bank tərəfindən onunla kredit müqaviləsi bağlanması iddia edilmiş, bununla da qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar