Məhkəmə qərarları › İş №2(011)-2938/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2938/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2938/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehnın iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12804,35 manat əsas borc, 731,63 manat faiz borcu və 63,51 manat cərimə borcu olmaqla, cəmi 13599,49 manat borcun və 130,80 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X.F.Hüseynov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan illik 17 faizlə 36 ay müddətinə 13700 manat kredit götürmüşdür, lakin borclu müqavilənin şərtlərini pozmaqla, borc öhdəliyini yerinə yetirməmişdir, cavabdehin 12804,35 manat əsas borc, 731,63 manat faiz borcu var, cərimə borcu 254,05 manatdır, amma cərimə məbləğinin 25%-i tələb edilir, cavabdehə güzəşt edilməsi o zaman oluna bilər ki, o əsas borcdan ödəniş etsin, lakin noyabr ayının 2-dən etibarən ödəniş yoxdur, ona güzəşt olunmuş, 5 ay sonra məhkəməyə müraciət edilmişdir, 5 aya 731 manat faiz borcu hesablanmışdır. Sonda iddiaçının nümayəndəsi X.F.Hüseynov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüşdür, müqavilə üzrə əsas borcu etiraf edir, o qədər borcu vardır, lakin ona faiz və cərimə barədə bank tərəfindən güzəşt edilməsini xahiş edir, borcun hesablanması üçün ekspertizaya getməsini istəmir, buna ehtiyac yoxdur, qəbul edir, sadəcə ona bank tərəfindən ödənişə görə güzəşt olmasını istəyir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh və İddiaçı ASC arasında Cavabdeh 36 ay müddətinə, illik 17 % dərəcəsi, 1 % komisyon haqqı olmaqla, istehlak məqsədilə, illik 180% cərimə, aylıq ödəniş məbləği 488,44 manat olmaqla 13700 manat kredit verilməsi barədə xx.xx.2022-ci il tarixli “Razılaşma” imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, kreditin verilmə tarixi xx.xx.2022-ci il tarixidir, müqavilənin bitmə tarixi xx.xx.2025-ci il tarixidir, kreditin bitmə tarixinə əsas borc 12804,35 manat, kreditin bitmə tarixinə faiz borcu 731,63 manat, cərimə borcu 254,05 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5 %) 0 manat, banka olan cəmi borc 13790,03 manatdır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərilməklə ondan kredit müqaviləsinə əsasən borcun 5 gün müddətində Yelo Banka tam ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 130,80 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehə 36 ay müddətinə, illik 17 % dərəcəsi, 1 % komisyon haqqı olmaqla, istehlak məqsədilə, illik 180% cərimə, aylıq ödəniş məbləği 488,44 manat olmaqla 13700 manat kredit verilməsi barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh, müqavilə öhdəlikləri üzrə öhdəliklərini yerinə yetirməməklə - kredit məbləğinə görə ödənişləri həyata keçirməməklə iddiaçıya 12804,35 manat əsas borc, 731,63 manat faiz borcu və 63,51 manat cərimə borcu olmaqla, cəmi 13599,49 manat borcu yaranmışdır, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini istisna edən və cavadbehin etirafının işin həqiqi hallarının gizlədilməsinə yönəlməsi, cavabdehin etirafının aldatma, zor, hədə təsiri altında və ya yanılma təsiri nəticəsində baş verməsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən İddiaçı ASC-nin iddia tələbinə dair cavabdehin etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Həmçinin həmin Qərarda formalaşdırılan hüuquq mövqeyə əsasən, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, kredit müqaviləsinə əsasən 12804,35 manat əsas borc, 731,63 manat faiz borcu və 63,51 manat cərimə borcu olmaqla, cəmi 13599,49 manat borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu kimi ödənilmiş 130,80 manat cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12804,35 manat əsas borc, 731,63 manat faiz borcu və 63,51 manat cərimə borcu olmaqla, cəmi 13599 (on üç min beş yüz doxsan doqquz) manat 49 (qırx doqquz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (yüz otuz) manat 80 (səksən) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar