Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2945/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X9, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, X7 və X8 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62.90 kv.m olan 3 otaqlı, 98 nömrəli mənzilin boşaldılması, cavabdehlərin qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilərək həmin mənzildən çıxarılmaları və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə AZBA- 008528 saylı, kredit müqaviləsi bağlanmış, müqaviləyə görə iddiaçı 120 ay müddətinə 109200 ABŞ dolları məbləğində krediti Cavabdeh1 vermişdir. Eyni zamanda, kreditin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.90 kv.m olan 3 otaqlı 98 saylı mənzilinə dair (bundan sonra – Mənzil) iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə AZBA-008528 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-129/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ödəniş gününə qüvvədə olan məzənnə ilə 41151,28 ABŞ dolları məbləğində əsas borc, 17058,72 ABŞ dolları məbləğində faiz borcu, 1800 ABŞ dolları cərimə olmaqla, cəmi 60010 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 20 manat xidmət haqqı və 239,55 manat sığorta haqqının cavabdehlər Cavabdeh2, Cavabdeh3, X10, X8 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan Mənzilə yönəldilməsi, Mənzilin ilkin satış qiymətinin 75.000 müəyyən edilmişdir. İddiaçı Mənzili əldə etmiş və onun mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə ona Çıxarış (qeydiyyat nömrəsi **********) verilmişdir. Cavabdehlər - Cavabdeh2 Mənzilin keçmiş mülkiyyətçisi, Cavabdeh3 arvadı, Kamran və Mübariz Novruzovlar övladları, Səriyə və Yeganə Novruzovalar isə gəlinləridir. Onlar hazırda da Mənzildə yaşayırlar. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 arasında Kredit müqaviləsi və həmin müqavilə üzrə verilmiş kreditin təminatı kimi İpoteka müqaviləsi imzalanmışdır. Qeyd olunan İpoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Mənzil ipoteka lıüququ ilə yüklü edilmişdir. Borclu kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün, iddiaçı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmiş və icra olunması üçün müvafiq icra qurumuna yönəldilmişdir Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh1 iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin üzürlü olması barədə məhkəməyə əvvəlcədən məlumat vermədiklərindən, Azırbaycan Respublikas MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və məhkəmə iclasında iştirak edən cavabdehin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün məhkəmə qətnaməsi əsasında ipoteka predmeti olmuş Mənzil hərraca çıxarılmışdır. İddiaçı Mənzili əldə etmiş və onun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmaqla, xx.xx.2021-ci il tarixdə Çıxarış verilmiş və iddiaçı hazırda Mənzilin mülkiyyətçisidir. Cavabdehlərin isə Mənzilə dair hər hansı hüquqları artıq mövcud deyil. Belə ki, iddiaçının mülkiyyət hüququ qeydə alındığı andan Cavabdeh2 həmin Mənzilə dair mülkiyyət hüququ itirilmişdir. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının Mənzilə mülkiyyət hüququ qeydiyyata alınmaqla Cavabdeh2 həmin əmlaka mülkiyyət hüququna dair qeyd yazısı ləğv edildiyindən, onun Mənzilə istifadə hüquqları da saxlanıla bilməz. http://e-qanun.az/files/code/data/0/c_c_9.htmMənzilə dair Cavabdeh2 istifadə hüquqlarının saxlanılması isə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə həmçinin, hesab edir ki, digər cavabdehlər X4, Cavabdeh1, Cavabdeh3 aid hissədə də iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, göstərilən cavabdehlər Mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh2 ailə üzvləridir (Nəbibə arvadı, Kamran və Mübariz övladlarıdır). Belə ki, Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışından göründüyü kimi, Cavabdeh1, Cavabdeh3 Cavabdeh2 ailə üzvləri kimi Mənzildən istifadə hüququna malikdirlər. Azərbaycan Respublikası MM-nin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı Mənzili hərracdan əldə etmiş və buna görə də, Mənzildə digər şəxslərin istifadə hüququnun olmamasına münasibətdə vicdanlıdır. İddiaçı Mənzilin tək mülkiyyətçisidir və o, əmlakına dair ən üstün hüquqlara malikdir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi). Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər X1 və X6 Mənzilə istifadə hüquqlarına aid hissədə təmin edilməməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, (Cavabdeh1 izahatı ilə) X13 Novruzovla nikaha daxil olaraq 2002-ci il tarixdə, Yeganə Novruzova isə Cavabdeh1la nikaha daxil olaraq 2007-ci il tarixdə Mənzilə gəlin köçmüşlər. Mülki Məcəlləsinin 228.1 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddənin birinci cümləsi isə müəyyən edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmçinin, Mülki Məcəllənin 228.5-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Qeyd edilən müddəalarda mülkiyyətçi ilə bərabər yaşayan şəxslərin dairəsi və istifadə hüquqlarının yaranma əsasları göstərilmişdir. Onlar mülkiyyətçinin ailə üzvləri, mülkiyyətçinin əri, arvadı, valideynləri və uşaqları, habelə digər şəxslərdir. Göründüyü kimi, gəlin Mülki Məcəllənin 228.5-ci maddəsinin müəyyən etdiyi mənada mülkiyyətçinin ailə üzvü hesab olunmur, bu halda onun istifadə hüququnun yaranması üçün Məcəllənin 228.1-ci maddəsində göstərilən qaydada mülkiyyətçi ilə notarial qaydada müqavilə bağlaması və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridr. Lakin iş materiallarında Səriyə və Yeganə Novruzovaların Mənzilə dair istifadə hüquqlarının yaranması ilə bağlı sübutlar mövcud deyil. Odur ki, yaranmayan istifadə hüququnun xitamı da mümkün olmadığından iddia tələbi Səriyə Novruzovanın və Yeganə Novruzovanın Mənzilə dair istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi cavabdehlərin Mənzildən çıxarılmaları hissəsində də təmin edilməlidir. Belə ki, mülkiyyət hüququ əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və əmlaka dair sərəncam vermək hüququnu özündə cəmləşdirir (AR MM-nin 152.1-ci maddəsi). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı Mənzilin mülkiyyətçisi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehlərin isə Mənzilə dair hər hansı hüquqları mövcud olmadığından onlar Mənzili boşaldaraq iddiaçıya təhvil verməyə borcludurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62.90 kv.m olan, 3 otaqlı 98 nömrəli mənzilə dair istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, X11 və X8 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62.90 kv.m olan 3 otaqlı 98 saylı mənzildən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2945/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2945/2022
16.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver