Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2950/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh nikaha daxil olmuşlar və onların nikahından iki övladları, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşdur.
2. Tərəflərin nikahı Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-514/2019 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahından doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 154 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sonuncu dəfə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3546/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 175 manat müəyyənləşdirilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdehdən birgə nikahdan anadan olmuş övladları X6 və X1 üçün hər ay onun xeyrinə hər uşaq üçün 220 manat ümumilikdə 440 manat aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə birgə nikahlarından iki övladları anadan olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(011)3546/2021 saylı qətnaməsinə əsasən uşaqların saxlanması üçün hər uşağa görə hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Alimentin məbləği ən azından qüvvədə olan yaşayış normasına uyğun olmalıdır. Ölkə üzrə bu məbləğ 220 manat təşkil edir.
a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
6. Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, hal-hazırda onun tələb olunan məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Aylıq 1000 manat qazancı olur. Himayəsində başqa övladları da var.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
9. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
10. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
11. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
13. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
14. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
16. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
19. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
20. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir (§ 13).
21. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər.
22. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün alimentin artırılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2021-ci il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərc, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın böyüməsi ilə onun xərclərinin və yuxarıda qeyd edilən tələbatlarının artması hazırda onun zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz.
23. Odur ki, məhkəmə əvvəlki qətnamə ilə hər ay uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırılmasını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.
24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
25. Lakin, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, bu zaman cavabdehin də maddi və ailə vəziyyəti nəzərə alınmalıdır.
26. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş 461029 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə yenidən nikaha daxil olmuş və onun ikinci nikahından Adil və Ayla adlı daha iki övladı var. Həmçnin, Cavabdehin gəliri barədə “Elektron Məkhəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, cavabdeh "xxxx" QSC-də idarə qulluqçusu və “X3” Publik hüquqi şəxsində qeydiyyatçı vəzifəsində işləyir, onun aylıq gəliri ümumilikdə 1299,20 manat təşkil edir. Bu halda iddiada göstərilən həcmdə cavabdehdən hər ay cəmi 440 manat məbləğində alimentin tutulması onun maddi və ailə vəziyyətini həddən artıq ağırlaşdıra bilər. Digər bir tərəfdən, alimentin 440 manat həcmində tutulması cavabdehin digər nikahdan doğulmuş uşaqlarının da mənafeyini poza bilər. İddiaçı da cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir.
27. İşin şərh edilən hallarını, habelə cavabdehin də hazırda müəyyən edilmiş məbləğdən artıq aliment ödəyə biləcəyi barədə məhkəmə iclasında səsləndirdiyi fikirlərini nəzərə alaraq, məhkəmə, cavabdehdən tutulacaq alimentin artırılaraq hər ay 190 manat müəyyən edilməsini daha məqsədə uyğun hesab edir.
28. Alimentin tutulma müddətinə gəldikdə isə mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən (§ 24) xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
29. Məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 180 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsumunun 30 manat olduğu müəyyən edilir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3546/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı