Məhkəmə qərarları › İş №2(011)-2961/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2961/2021

19.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2961/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılmasına dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6147/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulan 170 manat sabit pul məbləğində alimentin azaldılaraq aylıq əmək haqqının üçdə biri məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6147/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi ilə 15.03.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 170 manat sabit pil məbləğində aliment tutulması müəyyənləşmişdir. Cavabdeh onun ikinci həyat yoldaşıdır. Birinci həyat yoldaşı X4 ilə 2007-ci ildə rəsmi nikaha daxil olmuşlarş Bu nikahdan iki övladları doğulmuşdur. 2017-ci ildə məhkəmə qətnaməsi ilə nikaha xitam verilmiş və X5 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 xeyrinə hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması müəyyənləşmişdir. Hal-hazırda iki uşağa görə 340 manat və bir uşağa görə 170 manat cəmi 510 manat aliment ödəyir. Aylıq əmək haqqı 250 manatdır. Başqa gəliri yoxdur. Buna görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6147/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi ilə tutulan hər ay 170 manat sabit pil məbləğində aliment məbləğinin dəyişdirilərək aylıq əmək haqqının üçdə biri məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 10.03.2021-ci il tarixli məhkəmənin hazırlıq iclasında Cavabdeh ərizə təqdim edərək və ərizəyə uyğun izahat verərək iddia tələbini qəbul etdiyini və iddiaçının maddi imkanının zəif olmasını nəzərə alaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6147/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 170 manat sabit pul məbləğində alimentin azaldılaraq alimentin iddiaçının aylıq əmək haqqının üçdə biri miqdarında tutulmasına razı olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6147/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, 15.03.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı, 19.10.2020-ci il tarixdən hesablanmaqla, hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İŞ mərkəzi tərəfindən verilmiş 12.02.2021-ci il tarixli iş yerinə dair arayışın surətindən görünür ki, İddiaçı 03.02.2021-ci il tarixdən "xxxx" MMC-də Nəsimi rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir və aylıq əmək haqqı 250 (iki yüz əlli) manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə 15.03.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir, iddiaçının aylıq əmək haqqı 250 manatdır, iddia tələbi aylıq əmək haqqının üçdə biri məbləğində müəyyən edilməsi cavabdeh iddia tələbini qəbul edir. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 2(011)-6147/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin tutulması qaydasının dəyişdirilməsi barədə məsələni müzakirə edərkən, tərəflərin bu haqda qarşılıqlı razılığını nəzərə alaraq cavabdehdən hər ay aylıq əmək haqqının üçdə biri məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6147/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 15.03.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, iddiaçıdan cavabdehin xeyrinə hər ay aylıq əmək haqqının üçdə biri məbləğində aliment tutulmalı, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6147/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək 15.03.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay aylıq əmək haqqının üçdə biri məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar