Məhkəmə qərarları › İş №2(011)-2968/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2968/2024

12.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2968/2024 12.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı cavabdeh «Yeni Azərbaycan» Partiyasına qarşı “dəymiş ziyanın indeksasiya edilməsi və ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları:

1. «Yeni Azərbaycan» Partiyasına məxsus və YAP Pirallahı rayon təşkilatının xidməti istifadədində olub və həmin dövrdə təşkilat sədri olmuş Manaf Manafova təhkim edilmiş, texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Sentra” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsi əsasında “sürücü X8” tərəfindən idarə edilən zaman 02 sentyabr 2016-cı il tarixdə saat 19:25 radələrində Pirallahı-Qala yolu ilə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən sürücü “Yol hərəkəti haqqında” AR Qanununun tələblərini kobud şəkildə pozaraq qarşıda piyada keçidi ilə yolu keçən, piyada X1 həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurduğundan, xəstəxanaya aparılarkən yolda vəfat etmişdir.

2. Hadisənin baş verdiyi tarixdən başlayaraq uzun bir dövrü (2016-2021-ci illər) əhatə edən məhkəmə çəkişmələrindən sonra nəhayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (məruzəçi hakim Elşən Kazımov) xx.xx.2020-ci il tarixli 2(103)- 3807/2020 nömrəli qətnaməsi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9786/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsində uşaqların saxlanması üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsinə yenidən baxaraq İddiaçı (zərərçəkmişin həyat yoldaşı) apellyasiya şikayətini qismən təmin edərək: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-2416/2018 saylı qətnaməsi qismən, yəni xx.xx.2015-ci ildə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün pulun tutulması hissəsinin rədd edilməsi hissəsində ləğv edib və həmin hissədə də iddianın qismən təmin edilməsi ilə bağlı qərar vermişdir.

3. Son qərarla cavabdeh «Yeni Azərbaycan» Partiyasından xx.xx.2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 363,00 manat tutularaq İddiaçı (anası) ödənilməsinə dair qətnamə çıxarılmışdır. Təəssüf ki, zərərçəkmiş X1 ölümündən əvvəl aylıq gəlirinin (ƏƏSMN-nin DSMF Sabunçu rayon şöbəsinin xx.xx.2018-ci il tarixli arayışı ilə aldığı sosial müavinət- 140 manat, "xxxx" QSC şirkəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışı ilə aldığı əmək haqqı 1100 manat və Azərbaycan Respublikası MN-nin 981 saylı Hərbi Hissəsinin xx.xx.2018-ci il tarixli arayışı ilə aylıq əmək haqqı-212.05 manat olmaqla)- 1452,05 manat olmasına rəğmən, məhkəmə tərkibi bu məsələdə yanlış mövqe tutub qərarı qanunun bununla bağlı mövcud maddələrinə istinadən vermələri əvəzinə, analogiya əsasında vermişlər.

4. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (məruzəçi hakim Elşən Kazımov) xx.xx.2020-ci il tarixli 2(103)-3807/2020 saylı qətnaməsindən yenidən Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. Ali Məhkəmə Mülki Kollegiyası özünün xx.xx.2021-ci il tarixli 2(102)-403/2021 nömrəli qərarı ilə kassasiya şikayətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (məruzəçi hakim Elşən Kazımov) xx.xx.2020-ci il tarixli 2(103)-3807/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmiş və sonradan iş icra üçün Apellyasiya Məhkəməsi tərəfindən Xətai rayon İcra şöbəsinə göndərilmişdir.

5. Bakı şəhər Xətai rayon İcra şöbəsinin icraatına daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3807/2020-006 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən işin icraata başlanması ilə bağlı xx.xx.2021-ci il tarixli qərar verilmiş və həmin qərara uyğun olaraq cavabdeh «Yeni Azərbaycan» Partiyası tərəfindən “dəfn xərcləri, məhkəmə xərcləri, mənəvi zərərlərin” ödənişi vaxtında icra edilmişdir. Qeyd edilən qərara uyğun olaraq cavabdeh tərəfindən zərərçəkmişin xx.xx.2015-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ona xx.xx.2018-ci ildən başlayaraq hər ay 363,00 manat ödəniş isə mütəmadi olaraq icra olunmuşdur və olunması da davam edir.

6. Lakin AR Mülki Məcəlləsinin 1124-cü maddəsinə uyğun olaraq (Dolanacaq xərclərinin yüksəlməsi və yaşayış minimumunun artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının artırılması) zərərçəkmişin qızına aylıq ödənilən zərər, yəni 363,00 manat xx.xx.2018-ci il tarixdən başlayaraq bu günə kimi heç vaxt indeksləşdirilməmişdir. Hansı ki, hər ilin sonunda yaşayış minimumun artması ilə mütənasib olaraq həmin məbləğ də indeksləşdirilməli, yəni artırılmalı idi. 2024-cü ildə 2018-ci ilə nisbətdə yaşayış minimumu 97,00 manat (270-173) artmışdır ki, bu da 56,07% təşkil etmişdir. Belə olduğu halda məhkəmə qərarı ilə təyin edilmiş aylıq 363,00 manat ödəniş məbləği də 56,07% həcmində indeksləşdirilməlidir. Yəni, 363,00 manat artırılaraq aylıq 566,53 manat ödənilməlidir.

Ərizəçinin tələbi:

7. İddiaçılar İddiaçı və X7 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh «Yeni Azərbaycan» Partiyası tərəfindən X4 dəymiş zərərə görə ödənilən 363,00 manat aylıq ödənişin yaşayış minimumun 2018-ci ildən 2024-cü ilə qədər olan dövrün artım tempinə uyğun olaraq aylıq ödənişin 203,53 manat artırılaraq 566,53 manat ödənilməsi və növbəti illərdə də hər ilin sonunda yaşayış minimumunun artım tempinə uyğun olaraq (hər dəfə məhkəməyə müraciət edilməsin deyə) ilkin zərər məbləğinin (363,00 manat) indeksləşdirilib indeks məbləği ilə birlikdə ödənilən aylıq ödənişin (566,53 manat) üzərinə əlavə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

8. Daha sonra xx.xx.2024-cü il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh «Yeni Azərbaycan» Partiyası tərəfindən X4 dəymiş zərərə görə ödənilən 363,00 manat aylıq ödənişin yaşayış minimumun 2018-ci ildən 2024-cü ilə qədər olan dövrün artım tempinə uyğun olaraq aylıq ödənişin 203,53 manat artırılaraq 566,53 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatı:

9. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında qeyd etmişdir ki, iddia tələbini müdafiə edir və aylıq ödənişin indeksləşdirilərək artırılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəməyə cavabdeh «Yeni Azərbaycan» Partiyasına məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3807/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 sentyabr 2018ci il tarixli 2(009)-2416/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli 2(009)-2416/2018 saylı qətnaməsi qismən, yəni, xx.xx.2015-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün pulun tutulması hissəsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə də iddia qismən təmin edilmiş, cavabdeh «Yeni Azərbaycan» Partiyasından xx.xx.2015-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün 21 iyun 2018-ci il tarixdən başlayaraq hər ay 363 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3807/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən daxil olmuş 08 iyul 2024-cü il tarixli 9/3388 nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyinə əsasən: 1-ci sual üzrə: Azərbaycan Respublikasının Qanununa əsasən 2018-ci il üçün müəyyən edilmiş 173 manat məbləğində ölkə üzrə yaşayış minimumu Azərbaycan Respublikasının qanununa əsasən artım tempinə uyğun olaraq xx.xx.2024-cü il tarixə 97 manat (56,07%) artaraq 270 manat məbləğində təşkil edir və xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrün artım tempinə uyğun olaraq yaşayış minimumunun ödənilməmiş məbləği 1020 mana məbləğində müəyyən edilir. Bundan başqa hazırki tədqiqatla yaşayış minimumunun artım tempinə uyğun olaraq 2018-ci il tarixdən 2024-cü il tarixədək müəyyən edilmiş 56,7 % artım hər ay ödənilməli 363 manat məbləğində zərərin üzərinə hesablanması məhkəmə tərəfindən nəzər alınarsa 2024-cü il tarixdən hər ay ödənilməli məbləğ 566,63 manat müəyyən edilir. 2-ci sual üzrə: xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməli 1020 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinin artımı ilə hesablanmaqla xx.xx.2024-cü il tarixə hesablanmış cari dəyəri 1105,24 manat məbləğində müəyyən edilir. O cümlədən: ödənilməli əsas məbləğ: 1020,00 manat (min iyirmi manat), istehlak qiymətləri indeksi: 85,24 (səksən beş manat iyirmi dörd qəpik).

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Konstitusiyası: 17.İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir/ Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

15. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası: 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1124.2. Yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 15.2. məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 216.2. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

18. Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikasının 17 iyun 1992-ci il Qanunu:

1. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.

2. Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

20. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3807/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə cavabdeh «Yeni Azərbaycan» Partiyasından xx.xx.2015-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün 21 iyun 2018-ci il tarixdən başlayaraq hər ay 363 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (§11)

21. İddiaçı qeyd edilən qətnamə ilə müəyyən dəymiş zərərə görə ödənilən 363,00 manat aylıq ödənişin yaşayış minimumun 2018-ci ildən 2024-cü ilə qədər olan dövrün artım tempinə uyğun olaraq aylıq ödənişin 203,53 manat artırılaraq 566,53 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 1124-cü maddəsi təşkil edir.

22. Belə ki, həmin maddənin tələbinə əsasən yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır. Göründüyü kimi mülki qanunvericilikdə imperativ qaydada dolanacaq xərclərinin yüksəlməsi və yaşayış minimumunun artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi üçün təyin edilmiş ödənişlərin əvəzinin ödənilməsi miqdarının yaşayış minimumunun artımına mütənasib surətdə artırılmalı olduğu qeyd edilmişdir.

23. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən daxil olmuş 08 iyul 2024-cü il tarixli 9/3388 nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyinə əsasən yaşayış minimumunun artım tempinə uyğun olaraq 2018-ci il tarixdən 2024-cü il tarixədək müəyyən edilmiş 56,7 % artım hər ay ödənilməli 363 manat məbləğində zərərin üzərinə hesablanması məhkəmə tərəfindən nəzər alınarsa 2024-cü il tarixdən hər ay ödənilməli məbləğ 566,63 manat müəyyən edilir. Baxmayaraq ki, ekpertizanın rəyinə əsasən müəyyən edilmiş məbləğ 566,63 manat təşkil edir, məhkəmə iddia tələbi həcmində səlahiyyətli olması səbəbindən iddianı iddia tələbi həcmində təmin edir.

24. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslıdır və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3807/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 dəymiş zərərə görə ödənilən 363,00 manat aylıq ödəniş artırılaraq hər ay 566,53 manat pul cavabdeh «Yeni Azərbaycan» Partiyasından tutularaq İddiaçı ödəniməlidir.

Məhkəmə xərcləri:

25. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, hazırki mülki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan dövlət rüsumunun əvəzi cavabdeh «Yeni Azərbaycan» Partiyasından tutularaq dövlət büdcəsinə ödənilməlidir.

26. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən məhkəmə-mühasibat ekspertizasının dəyəri 100 manatdır. İddia tələbi təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh «Yeni Azərbaycan» Partiyasından tutularaq dövlət büdcəsinə ödənilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 230, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddia təmin edilsin.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3807/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 dəymiş zərərə görə ödənilən 363,00 manat aylıq ödəniş artırılaraq hər ay 566,53 (beş yüz altmış altı manat əlli üç qəpik) manat pul cavabdeh «Yeni Azərbaycan» Partiyasından tutularaq İddiaçı ödənilsin.

3. Dövlət rüsumunun əvəzi 100 (yüz) manat cavabdeh «Yeni Azərbaycan» Partiyasından tutularaq dövlət büdcəsinə ödənilsin.

4. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh «Yeni Azərbaycan» Partiyasından tutularaq X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

5. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar