Məhkəmə qərarları › İş №2(011)-3003/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3003/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3003/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərli Əlvanə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı iddiaçının mülkiyyətində olmuş “Mersedez Benz G 350” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqısı” müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı verdiyi izahatında göstərmişdir ki, Cavabdeh onu aldatmışdır ki, zamin durur. Ona pul lazım olmuşdur. Bu səbəblə də o maşını keçirtdi Cavabdeh adına. Ona 2000 manat pul ödəmişdilər, qalan pulu isə aldadıb ödəmədilər. O, ilkin olaraq polisə şikayət etmişdir, daha sonra isə həbs edilmişdir. Polisə müraciət edəndə, cavabdehlər avtomobili geri qaytaracaqlarına söz vermişdirlər, o, şikayətlərini geri götürdü. Lakin avtomobili ona qaytarmadılar. Cavabdehin iddiaya dair münasibəti: Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. O, həmçinin iddia müddətinin tətbiqi barəsində ərizə verərək məhkəmədən iddia müddəti ötürüldüyünə görə iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddiaya dair münasibəti: Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı ilə Cavabdeh arasında 15 iyun 2016-cı il tarixində “Mersedez Benz G 350” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobiləin alqı-satqı müqaviləsi bağlanılmışdır. X1 məxsus “Mersedez Benz G 350” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil sözügedən alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Daha sonra həmin avtomobil Cavabdeh ilə Maraqlı şəxs arasında xx.xx.2016-cı il tarixində bağlanılmış alqı-satqı müqaviləsi əsasında Maraqlı şəxs adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.

5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh arasında 15 iyun 2016-cı il tarixində bağlanmış avtomobilin alqı-satqı müqaviləsi etibarlılığını şübhə altına alan hallar müəyyən edilmir. Belə ki, iddiaçı iddianın əsasını təşkil edən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, sözügedən müqavilə mübahisələndirilən əqd olduğuna görə, iddiaçı həmin əqdin etibarsız hesab edilməsi ilə bağlı iddianı aldadıldığını öyrəndiyi gündən bir il müddətində irəli sürə bilərdi. Lakin mübahisələndirilən əqd 15 iyun 2016-cı il tarixində bağlanıldığına baxmayaraq, iddiaçı əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixində, yəni 7 il 7 ay sonra müraciət etmişdir. Halbuki, iddiaçının verdiyi izahatında aydın olur ki, müqavilə bağlandıqdan bir neçə gün sonra tərəfə ödəniş edilməli idi, lakin ödəniş edilmədiyinə görə o, aldadıldığını anlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “Mersedez Benz G 350” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqısı” müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş kəsici müddəti ötürdüyünə görə iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi ilə bağlı ərizə versə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Odur ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı iddiaçının mülkiyyətində olmuş “Mersedez Benz G 350” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqısı” müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar