Məhkəmə qərarları › İş №2(011)-3018/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3018/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3018/2022 06.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının yanında qalan yetkinlik yaşına çatmayan 19 sentyabr 2012-ci il təvəllüdlü oğlu X1 üçün iddiaçının xeyrinə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 193 manat və uşağın hər ay müalicəsi üçün 150 manat, ümumilikdə 343 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə rəsmi qaydada 02 noyabr 2011-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Birgə nikahdan 19 sentyabr 2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(011)-581/2020 saylı qətnaməsi ilə iddiaçı və cavabdehin arasındakı nikah pozulmuş, 19 sentyabr 2012-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmaqla Cavabdeh 170 manat sabit pul məbləğində alimentin alınmasına dair qətnamə qəbul edilmişdir. Tərəflərin ailə münasibəti pozulduğundan onlar ayrı yaşayırlar. Həmin vaxtdan da uşaq anasının yanında qalmışdır. 19 sentyabr 2012-ci il təvəllüdlü X5 hal-hazırda epilepsiya xəstəliyindən əziyyət çəkir və onun hər ay müalicəsi və dərmanlarını almaq üçün 100-150 manat pul tələb olunur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, alimentin artırılmasına etiraz etmir, lakin müalicə ilə bağlı xərclərə etiraz edir, belə ki, o, uşağının müalicəsi ilə bağlı xərclərdə o zaman iştirak edə bilər ki, uşaq həkimə aparılıb müayinəsində özü iştirak etsin və uşağın xəstə olmasını dəqiq müəyyən etsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdehin rəsmi nikah münasibətlərindən 19 sentyabr 2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-581/2020 saylı, 18 may 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə 19 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın həmin hissədə təmin edilərək, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin uşağın hər ay müalicəsi üçün 150 manat tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 19 sentyabr 2012-ci il təvəllüdlü X2 epilepsiya sentral-gicgah bitişmə ilə 8 nömrəli uşaq poliklinikasında dispanser qeydiyyatdadır. Onun ananın qulluğuna və nəzarətinə ehtiyacı vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 30 may 2022-ci il tarixli arayışdan görünür ki, 19 sentyabr 2012-ci il təvəllüdlü X5 30 iyun 2020-ci il tarixdən halhazırkı tarixədək "xxxx" MMC-də nevropatoloq-epileptoloq tərəfindən müayinə və müalicə olunmuşdur. Onun müalicəsi davam edəcəkdir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, tərəflərin təqdim etdikləri sübutları qiymətləndirərək qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, 19 sentyabr 2012-ci il təvəllüdlü X4 “epilepsiya” diaqnozu qoyulmuşdur və indiyədək “epilepsiya” diaqnozu ilə müalicə olunur. Buna görə də Cavabdeh X3 müalicəsi üçün əlavə xərclərə cəlb olunması məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İddiaçı iş materiallarına uşağın xəstəxanada müalicə olunduğu dövr üçün sərf olunan məbləğlərlə bağlı çekləri əlavə etmişdir. Həmin çeklərdən görünür ki, uşağın müalicəsi üçün 03 iyun 2020-ci il tarixdə 310 manat, 30 iyun 2020-ci il tarixdə 310 manat, 06 avqust 2020-ci il tarixdə 55 manat, 30 may 2022-ci il tarixdə 110 manat, 01 iyun 2022-ci il tarixdə isə 120 manat məbləğində ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iclasında təqdi edilmiş sənədlərdən görünür ki, 19 sentyabr 2012-ci il təvəllüdlü X5 həqiqətən də epilepsiya xəstəsidir. İş üzrə təqdim olunmuş qəbzlərdən də görünr ki, o, mütəmadi olaraq həkim müayinəsindən keçir və onun müalicəsi davamlı xarakter daşımalıdır. Odur ki, iddiaçının iddiası qismən əsaslıdır. Məhkəmə yuxarıda sadalananlara əsasən, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X3 müalicə olunduğu müddət ərzində uşaq sağalanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində vəsaitin tutulmasını ağlabatan hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(011)-581/2020 saylı qətnaməsi əsasında 19 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X3 müalicə olunduğu müddət ərzində uşaq sağalanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 55,16 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(011)-581/2020 saylı qətnaməsi əsasında 19 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X3 müalicə olunduğu müddət ərzində uşaq sağalanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 55,16 (əlli beş manat on altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar