Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-302/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 38.715 manat məbləğində borcun və ödənilmiş 206.15 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanan 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsinə əsasən borcalana 50.000 manat məbləğində illik 22% olmaqla 12 ay müddətinə kredit verilmişdir. Borcun təminatı olaraq X2 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən, 45 nömrəli evin 11 saylı mənzili 21 sentyabr 2006-cı il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli qətnaməsi ilə bankın iddia tələbi təmin edilmiş, Cavabdeh ümumilikdə 69.479 manat məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 45 nömrəli evin 11 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2008-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işə yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2009-cu il tarixli, 2(102)-499/2009 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2008-ci il tarixli 2(103)-2811/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh banka 20 fevral 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixinədək 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5%) 38.715 manat borcu vardır. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı iddia tələbi üzrə iddia ərizəsi və maliyyə arayışında borcun hesablanmasının əvvəlinin 20 fevral 2009cu il tarixdən olmasının nəzərə alınması və cavabdehdən iddiaçının xeyrinə 20 fevral 2009-cu il tarixdən 03 avqust 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq 38.715 manat məbləğində borcun və ödənilmiş 206.15 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, "xxxx" İKB ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanan 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsinə əsasən borcalana 50.000 manat məbləğində illik 22% olmaqla 12 ay müddətinə kredit verilmişdir. Borcun təminatı olaraq X2 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən, 45 nömrəli evin 11 saylı mənzili 21 sentyabr 2006-cı il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bankın iddia tələbi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh ümumilikdə 69.479 manat məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 45 nömrəli evin 11 saylı mənzilinə yönəldilmiş və mənzilin açıq hərracdan satılması qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyinin mümkün olmadığını sübuta yetirsin. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər çəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-cü maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı: “Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə də, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verdiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb oluna bilməz.” İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin halları ilə müəyyən olunur ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi təminatlı müqavilə olmuşdur. Cavabdeh müqavilə üzrə kredit öhdəliyini ödəməyi üzərinə götürmüş, eyni zamanda öz mülkiyyətində olan mənzili ipoteka ilə yüklü etmişdir. İddiaçı hazırda 20 fevral 2009-cu il tarixdən sonra Cavabdeh icrasını gecikdirməsinə görə illik 5% ilə hesablanmış faiz borcunu tələb edir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, borclu müqavilədən irəli gələn öhdəliyini müəyyənləşdirilmiş müddətdə icra etmirsə bu icranın gecikdirilməsi hesab edilir və belə olan halda kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış borc tələb edə bilər. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən ipoteka qoyulmuş əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2811/2018 saylı, 11 noyabr 2018-ci il tarixli icra vərəqəsi üzrə hərrac 15 iyul 2022-ci il tarixdə keçirilmiş, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Baxılan iş üzrə Cavabdeh ipoteka predmetinin satışına hər hansı maneələr yaratması işin halları ilə müəyyən olunmur. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Cavabdehnnun pul öhdəliklərinin həyata keçirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2008-ci il tarixli 2(103)-2811/2008 saylı qətnaməsinin gec icra edilməsi ilə bağlı təqsiri olmamışdır. Beləliklə məhkəmə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2008-ci il tarixli 2(103)-2811/2008 saylı məhkəmə qətnaməsinin gec icra edilməsində Cavabdeh təqsiri olmadığını nəzərə alaraq, həmin qətnamənin gec icra edilməsi nəticəsində illik 5% ilə hesablanmış faiz borclarının yaranmasında onun məsuliyyət daşımadığı qənaətinə gəlir. Həmçinin, iddiaçı bank cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaranmış pul öhdəliyinin könüllü surətdə icra etməkdən boyun qaçırması ilə əlaqədar hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 206.15 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsi üçün ödənilmiş 206.15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı -Cavabdeh qarşı iddia tələbi üzrə iddia ərizəsi və maliyyə arayışında borcun hesablanmasının əvvəlinin 20 fevral 2009-cu il tarixdən olmasının nəzərə alınması və cavabdehdən iddiaçının xeyrinə 20 fevral 2009-cu il tarixdən 03 avqust 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq 38.715 manat məbləğində borcun və ödənilmiş 206.15 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 206.15 (iki yüz altı manat on beş qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-302/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-302/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver