Məhkəmə qərarları › İş №2(011)-3025/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3025/2023

23.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3025/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı – “alimentin miqdarının dəyişdirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 21 iyul 2008-ci il təvəllüdlü X5, 06 aprel 2010-cu il təvəllüdlü X3 və 21 dekabr 2013-cü il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay bir uşaqa görə 220 (iki yüz iyrimi) manat olmaqla, ayda 660 (altı yüz atmış) manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq iddiaçı-İddiaçı ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 26 dekabr 2018ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş 21 iyul 2008-ci il təvəllüdlü X5, 06 aprel 2010-cu il təvəllüdlü X3 və 21 dekabr 2013-cü il təvəllüdlü X1 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(050)-2234/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş 21 iyul 2008-ci il təvəllüdlü X5, 06 aprel 2010-cu il təvəllüdlü X3 və 21 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaqa görə 90 (doxsan) manat olmaqla, ayda 270 (iki yüz yetmiş) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləğini belə həmin vaxtdan bəri cavabdeh kəsirlə ödəyir və ya ödəməmişdir. Hal-hazırda 21 iyul 2008-ci il təvəllüdlü X5 15 yaşı, 06 aprel 2010-cu il təvəllüdlü X3 13 yaşı və 21 dekabr 2013-cü il təvəllüdlü X4 9 yaşı var. Aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq, sual-cavab zamanı İddiaçı bildirmişdir ki, 21 iyul 2008-ci il təvəllüdlü X9 2020-ci ildən etibarən onunla deyil, atası Cavabdeh ilə birlikdə yaşayır. Cavabdeh məhkəmənin xx.xx.2023-cü il tarixli iclasından əvvəl məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli teleqramda qeyd etmişdir ki, anası xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilmir və məhkəmədən işin baxılmasının uzadılmasını xahiş edir. O, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 21 iyul 2008-ci il təvəllüdlü X5, 06 aprel 2010cu il təvəllüdlü X3 və 21 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan MŞL/MT014/2023-00552 nömrəli, 16 mart 2023-cü il tarixli Lənkaran 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2019-cu il tarixində xitam edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X6 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan 85 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Gəncə prospekti, 105 saylı evin 128 saylı mənzilində yaşayır. “Azemis” Elekron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, iddiaçı Əliyeva X8 rayonunun Ərkivan kəndində qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Masallı Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi icraya yönəldikdən sonra, tərəflərin birgə nikahlarından olan uşaqları böyümüş, ölkədə iqtisadi vəziyyət dəyişmiş, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu artmışdır. 21 iyul 2008-ci il təvəllüdlü X9 iddiaçının deyil, atası Cavabdeh yanında yaşayır. İddiaçının himayəsində iki azyaşlı övladları 06 aprel 2010-cu il təvəllüdlü X3 və 21 dekabr 2013-cü il təvəllüdlü X2. Məhkəmə hesab edir ki, iddiaçı yenidən aliment məbləğinin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, 21 iyul 2008-ci il təvəllüdlü X9 iddiaçının deyil, atası Cavabdeh yanında saxlanıldığından həmin uşağın saxlanılması üçün aliment məbləğinin artırılması ilə bağlı iddia tələbləri təmin edilməli deyil. Digər iki nəfər uşağın saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin artırılması ilə bağlı məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Məhkəmə, təyin edilmiş alimentin miqdarının artırılması ilə bağlı iddia tələblərinin əsaslı olması ilə razılaşsa da, daha əvvəl 90 manat məbləğində təyin edilmiş alimentin miqdarının iki dəfədən çox artırılaraq 220 manat məbləğində müəyyən edilməsinə dair iddia tələblərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri qaydasında məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının 2 dəfədən çox məbləğdə artırılmasını zəruri edən, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapmır. Cavabdehin maddi vəziyyətində də əvvəl təyin edilmiş məbləğdən iki dəfə artıq məbləğdə alimenti ödəməyə imkan verəcək dəyişikliyin baş verməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşaqların, həm də cavabdehin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və iddiaçının yanında yaşayan hər uşaq üçün ödənilməli olan alimentin məbləği 90 manat məbləğindən artırılaraq 160 manat miqdarda, ümumilikdə isə iki uşaq üçün 180 manat məbləğindən artırılaraq 320 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, uşaqların mənafelərini, onların əvvəlki təminat səviyyəsini, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişikliyin olmasının iş materialları ilə təsdiq olunmaması və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği onun yanında yaşayan hər ay hər uşağa görə sabit pul şəklində 160 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessial Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində artırılmış ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində həmin ödəmənin məcmusu 1.680 manat təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 36,8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 saylı xx.xx.2018 tarixli qətnaməsi ilə Cavabdeh Əliyeva (Heydərova) Aynur Tofiq qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. 06 aprel 2010-cu il təvəllüdlü X3 və 21 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində sabit pul şəkilində aliment tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 36,8 manat (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar