Məhkəmə qərarları › İş №2(011)-3034/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3034/2023

10.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3034/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsibova Çinarə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1343/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını artıraraq birgə nikahdan doğulmuş övladları 20 sentyabr 2021-ci il təvəllüdlü X7 və 20 sentyabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 300 manat olmaqla 600 manat, uşaqlar 3 yaşına çatanadək hər birinə 100 manat olmaqla, əlavə 200 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1343/2022 nömrəli 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, hər iki övladı anası İddiaçı himayəsində verilmiş və hər birinin yetkinlik yaşına çatana qədər saxlanılması üçün 193 manat olmaqla, toplam 386 manat alimentin ödənilməsi qət edilmişdir. Cavabdehin maddi vəziyyətinin yaxşı olduğuna baxmayaraq, o, ata kimi övladlarının qayğısına qalmaq və valideyn vəzifələrinin icra etməkdən imtina edir. Hər iki uşağın yaşı kiçik olduğuna görə iddiaçının işləməyi qeyrimümkündür. Bu səbəbdən cavabdehin ödədiyi aliment məbləği uşaqları tələbatlarını ödəmir. Bundan başqa cavabdehin uşaqların 3 yaşına qədər anaya ödəməli olan alimentin də ödənilməsi mütləqdir. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin tərəfin etirazının dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh hal-hazırda işləmir, onun əlavə gəlir mənbələri də yoxdur. O, Bakı şəhəri Xətai Rayon Məhkəməsini 2(011)-1343/2022 nömrəli 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentləri çətinliklə ödəyə bilir. Belə olan halda, alimentin məbləğini artırılması cavabdehi çıxılmaz vəziyyətə salacaq. Cavabdehin maddi vəziyyətini nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. İşin halları - Bakı şəhəri Xətai Rayon Məhkəməsini 2(011)-1343/2022 nömrəli 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 ilə Cavabdeh arasında 18 dekabr 2019-cu il tarixində Səadət Sarayında bağlanılmış və 1132 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, boşanmadan sonra 20 sentyabr 2021-ci il təvəllüdlü X7 və 20 sentyabr 2021-ci il təvəllüdlü X5 anaları X3 yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir; - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirimiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” alt sisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir; - Cavabdeh (VOEN **********) vergi ödəyicisi kimi 21 sentyabr 2020-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmiş, hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir; - vergi orqanında Cavabdeh rəhbəri olduğu "xxxx" MMC-nin (VOEN:**********) vergi ödəyicisi kimi 07 yanvar 2021-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat mövcuddur, hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir; - Cavabdeh və "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə vergi orqanına vergi bəyannaməsi təqdim edilmədiyinə görə dövriyyə məbləği müəyyən edilməmişdir; - Cavabdeh adına "xxxx" ASC-də olan AZ11AİİB410100D**********107 (VOEN **********) bank hesabı üzrə xx/xx/2022 - xx/xx/2023 165,240.56, manat məbləğində vəsait mədaxil edilib, 164825.96 manat məbləğində vəsait isə məxaric edilib; Debet CLASSİC bank kartı üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ili əhatə edən dövr üzrə 16649,36 manat məbləğində vəsait məxaric edilib, 16416,85 manat isə mədaxil edilmiş, X14 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ili əhatə edən dövr üzrə 146702,02 manat məbləğində vəsait məxaric edilib, 147,116,62 manat məbləğində vəsait isə mədaxil edilib; - iddiaçı tərəfindən təqdim edilmiş cavabdehə məxsus “İnstagram” Sosial Şəbəkə səhifəsindən fotoşəkillərdən görünür ki, cavabdeh son bir neçə il müddətində xarici ölkələrə səfər etmiş, cavabdeh bu səfərlərin digər şəxslər tərəfindən maliyyələşdirildiyini bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin işləmədiyinə görə alimenti ödəmək üçün maddi imkanının olmaması ilə bağlı dəlilinə qiymət verərək belə qənaətə gəlir ki, qeyd edilən hal "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehə məxsus olan bank hesablarında bir il ərzində olan pul vəsaitlərinin dövriyyəsi barədə məlumatlar ilə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh tərəf həmin vəsaitlərin üçüncü şəxslər tərəfindən ona tapşırıqların icrası məqsədi ilə ödənildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə cavabdehin qeyd edilən dəlilinin həqiqətə uyğun olmadığını və iddiaçı tərəfindən tələb edilən alimenti ödəmək üçün yetərli maddi imkanının olduğu ilə bağlı qənaətə gəlir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində aliment, uşaqlar 3 yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia üzrə dövlət rusumu da cavabdehə aid edilməlidir. Belə ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 45,68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1343/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 20 sentyabr 2021-ci il təvəllüdlü X7 və 20 sentyabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, hər uşağa görə 250 (iki yüz əlli) manat, ümumilikdə 500 (beş yüz) manat məbləğində sabit pul şəklində aliment, 20 sentyabr 2021-ci il təvəllüdlü X7 və 20 sentyabr 2021-ci il təvəllüdlü X8 3 yaşına çatanadək, 100 (yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. 45,68 (qırx beş manat, altmış səkkiz qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar