Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3036/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-7685/2018 saylı qətnaməsi dəyişdirilərək, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 51 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6 adlı bir uşaqları var, uşaq qətnamə ilə öz himayəsində saxlanmışdır, cavabdeh 200 manata razıdır, daha artığını ödəmək istəmir, bu barədə onu da başa düşür, amma öz tələbi 220 manatdır, cavabdeh isə bununla razılaşmır, cavabdeh uşağının xəstə olduğunu bildirir, amma öz uşağı da xəstədir, hətta bugün xəstəxanadan gəlmişdir, dövlətin qayda-qanunu nədirsə onu istəyir, özü 350 manat pul alır, 50 manatı yola gedir, uşağın xərclərini qarşılaya bilmir, bu ay hətta uşağının hazırlıq pulunu ödəyə bilməmiş, pulu həkimə vermişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 220 manat ödəməyə imkanı yoxdur, uşağının saxlanması üçün 150 manat alimenti ödəyir, amma 220 manat olarsa problem olarsa, uşağı, övladı üçün 200 manata razılaşar, lakin ola bilər ki, imkanı olmasa bəzən daha az ödəyə bilər, buna görə iddiaçının problem yaratmasını istəmir, əgər az ödənilməsinə görə problem yaradacaqsa, icra məmuruna şikayət edəcəyi halda 200 manat ödəməsinə razı deyil, başqa nikahdan da bir uşağı vardır, yenidən ailə qurmuşdur, uşağı xəstədir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(011)-7685/2018 saylı Qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı X8 ilə Cavabdeh arasında 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 3503 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 nikah pozulduqdan sonra anası-iddiaçı X5 yanında saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı X5 xeyrinə hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulması, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 503886 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 14 iyul 2016-cı il tarixdə Beyləqan rayonunda anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, İddiaçı 07 may 2012-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 2 verilmiş xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00372 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış”dan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, onunla əlaqə saxlandıqda iştirak edə bilməyəcəyini bildirmişdir, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci, 5 manat kargüzarlıq və poçt xərcini ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “00372” təyinatı ilə kart hesabına 51 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 08 №-li 24 aprel 2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də (VÖEN:**********) Kəsim sexində “fəhlə” peşəsində işləyir. İşçinin işlədiyi dövr üçün “Gross” aylıq əmək haqqısı: xx.xx.2022-ci il 60,34 manat, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixi üzrə hər ay 300 manat, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il tarixi üzrə hər ay 345 manat, cəmi 1995,34 manat olmuşdur. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 311551 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 arasında bağlanmış nikah 18 yanvar 2019-cu il tarixində ləğv edilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 938127 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Sultanova Səadət arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan İ-BK seriyalı 624846 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, valideynləri – atası Cavabdeh, anası X4r. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də fəhlə vəzifəsində çalışır, əmək haqqı 345 manatdır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı “X13” MMC-də səhiyyə müəssisəsinin koordinatoru vəzifəsində işləyir, əmək haqqı 345 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmışdır və hal-hazırda da onun yanındadır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(011)-7685/2018 saylı saylı Qətnaməsinə əsasən, hər ay uşaq üçün 154 manat aliment məbləği tutulması qət edilmişdir, iddiaçı “X13” MMC-də səhiyyə müəssisəsinin koordinatoru vəzifəsində işləyir, əmək haqqı 345 manatdır, cavabdeh "xxxx" MMC-də fəhlə vəzifəsində çalışır, əmək haqqı 345 manatdır, 2019-cu ildə yenidən nikaha daxil olmuşdur və həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü bir uşağı var. Bununla belə, alimentin miqdarının artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(011)- 7685/2018 saylı Qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi, ailə və əmlak vəziyyətini, cavabdehin yenidən nikaha daxil olmasını, həmin nikahdan bir övladının olmasını, iddiaçının işləməsini, onun əmək haqqının məbləğini, iddiaçı tərəfindən, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olması barədə sübutların təqdim edilməməsini, habelə buna dair halların məhkəmə tərəfindən də müəyyən olunmamasını, bununla belə, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, 2023-cü il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu, cavabdehin izahatında göstərdiyi xüsusatları (“övladı üçün 200 manata razılaşar, lakin ola bilər ki, imkanı olmasa bəzən daha az ödəyə bilər, buna görə iddiaçının problem yaratmasını istəmir, əgər az ödənilməsinə görə problem yaradacaqsa, icra məmuruna şikayət edəcəyi halda 200 manat ödəməsinə razı deyil”) nəzərə alaraq, uşağın saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatadək (46x12=552 manat) olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(011)-7685/2018 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3036/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3036/2023
17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver