Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-304/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlə birgə nikahlarından doğulmuş 25.08.2010-cu il təvəllüdlü X2 və 13.06.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər bir uşaq üçün hər ay 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə tərəflər 07.10.2010-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahlarından yetkinlik yaşına çatmayan iki övladalrı - 25.08.2010-cu il təvəllüdlü X4 və 13.06.2012-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflərin nikahı Masallı Rayon Məhkəməsinin 05.04.2016-cı il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların iddiaçının yanında saxlanılması və onların saxlanması üçün 140 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. Həmçinin, Masallı Rayon Məhkəməsinin 04.10.2017-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər bir uşaq üçün 90 manat olmaqla, 180 manat müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün əvvəllər məhkəmə qətnaməsi ilə aliment tutulmuşdur. Həmin məhkəmə qətnamələri, həmin dövr üçün yaşayış minimumunun az olduğu, cavabdehin sabit qazancının olmadığı və azyaşlı övladlarının zəruri maddi ehtiyacları nisbətən nəzərə alınmaqla qəbul edilmişdir. Hal-hazırda həmin alimentin miqdarı övladlarının daim artan zəruri maddi ehtiyaclarına, təhsil xərclərinə görə yetərli deyil. Nikahlrı pozulandan sonra yaşayış yerləri olmadığına görə məcburiyyət qarşısında qalaraq övladları ilə birgə valideynlərinin kirayə qaldığı ünvanda yaşayır, övladları orada təhsil alır və onların maddi təlabatlarının əsas hissəsini atamsı ödəyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək hazırda mətbuatda – “Reallıq” TV-də işlədiyini və 300 əmək haqqı aldığını, həmçinin yenidən nikaha daxil olduğunu və həmin nikahdan da bir övladının olduğunu nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnamələri ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşaqların daimi artan zəruri maddi ehtiyclarını ödəmək üçün yetərli deyil. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 04.10.2017-cı il tarixli qətnaməsi ilə müəyyən edilir ki, əvvəlki məhkəmə qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. 2017-ci ildən sonra isə aliementin məbləği nə tərəflər araasında bağlanmış saziş əsasında, nə də qətnamə ilə dəyişməmişdir. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Göstərilən müddəada birbaşa nəzərdə tutulmasa da, lakin uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsində artıq olmasını müəyyən etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması barədə sonuncu qətnamə qəbul edildikdın sonra, yəni 2017-ci il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərclər hər il artırılmış və “Yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, uşaqlar üçün müəyyən edilmiş illik yaşayış minimumunun artırılması alimentin məbləğinin dəyişdirilməsinin mütləq şərti kimi nəzərdə tutulmasa da, uşaq hüquqlarını qoruyan digər qanunvercilik müddəaları nəzərə alınmaqla, həmin xərclərinin artırılması alimentin məbləğinin də dəyişdirilməsini zəruri edir. Eyni zamanda, uşaqların maddi təminatlarının mümkün qədər yüksək saxlanılması onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və ləyaqətli həyat şəraitində inkişaf etməsini şərtləndirən amillərdən biridir. Bütün bunlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün əvvəl müəyyən edilmiş alimentin onların artmış minimal xərclərnə uyğunlaşdırılması da alimentin məbləğinin artırılması kimi nəzərə alına bilər. Həmçinin, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşaqların saxlanması üçün müəyyən edilmiş minimum xərclərin artırılması nəzərə alınmaqla, hazırda həmin aliment onların maddi tələbatlarının ödənilməsi üçün yetərli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir. Odur ki, əvvəlki məhkəmə qətnaməsi ilə hər ay 180 manat aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin bir neçə dəfə artırılaraq 2021-ci il üzrə 175 manata çatdırıldığını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, habelə uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını məhkəmə nəzərə alaraq, iddiaçının hazırkı iddia tələbi məhkəməyə müraciət etməsini haqlı hesab edir. Lakin məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmaldır. Məhkəmə bir daha qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi isə həm Konstitusiyada, həm Ailə Məcəlləsində, həm də uşaq hüquqları haqqında yerli və beynəlxalq qanunlarda imperativ qaydada nəzərdə tutulmuşdur. Lakin, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə də mütənasib olsun. Məhkəmə baxışı zamanı iddiaçı əmək fəaliyyəti ilə məşğul olduğunu və hazırda 300 manat əmək haqqı aldığını bildirmişdir. Həmçinin, cavabdehin rəsmi olaraq əmək fəaliyyəti ilə məğul olması iş materialları ilə müəyyən edilmir (cavabdeh “Reallıq” TV-də işlədiyini bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir). Ona görə də, məhkəmə valideynlərin uşaqların saxlanmasında iştirakının bərabər olmasını, habelə hazırda cavabdehin də maddi imkanlarını nəzərə alaraq ondan tutulacaq alimentin hər bir uşaq üçün hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində tutulmasını daha ağlabatan hesab edir. Ailə Məcəllənin 78.2-ci maddəsi də müəyyən edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, həmçinin hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu” haqqındda Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 1680 manat olduğu nəzərə alınarsa (dövlət rüsmunun hesablanması kalkulyatoru ilə hesablanmaqla), cavabdehən tutulan dövlət rüsmunun 36,80 manat olduğu müəyyən edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 11 mart 2022-ci il tarixdən başlayaraq 25.08.2010-cu il təvəllüdlü X2 və 13.06.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Masallı Rayon Məhkəməsinin 04.10.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 36,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-304/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-304/2022
11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver