Məhkəmə qərarları › İş №2(011)-3040/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3040/2021

18.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3040/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 23.000 ABŞ dolları pulun, vurduğu maddi zərərə görə 5.000 manatın, 1.000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh1 ilə tanışlığı olmuşdur. Bu vasitə ilə cavabdeh iddiaçıdan 03 dekabr 2019-cu ildə 23.000 ABŞ dolları məbləğində borc pul istəmiş, iddiaçı ona borc pulu vermişdir. Həmin vaxt cavabdeh öz əlyazması ilə 23.000 dolları 28 günə qaytarmaq barədə qəbz yazmışdır. Həmçinin o, pulu qaytardığı təqdirdə borcun əmlakına yönəldilməsinə də etiraz etmədiyini bildirmiş və iddiaçıya Xətai rayonu, Vunq Tau küçəsi, 18a-da yerləşən mənzilini göstərmişdir. Lakin cavabdeh söz verdiyi vaxtda həmin pulu geri qaytarmamışdır. İddiaçı dəfələrlə ondan öz pulunu istədikdə cavabdeh müxtəlif bəhanələrlə imtina etməyə başlamışdır. Cavabdeh iddiaçıya 23.000 dolları məbləğində borclu olduğu pulu qaytarmamaqla iddiaçıya həm maddi, həm mənəvi zərər vurulmuşdur. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 23.000 ABŞ dolları pulun, vəkil və digər çəkilmiş xərclər kimi 1.000 manatın və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, onun rədd olunmasını xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə baxışının prinsiplərindən biri məhz məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmasıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş əl yazmadan görünür ki, Cavabdeh1 iddiaçıya 23.000 ABŞ dolları borcunun olmasını etiraf edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış münasibəti borc müqaviləsindən irəli gələn münasibət kimi qiymətləndirmək olmaz. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əasasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Məhkəmə araşdırması zamanı tərəflərin vermiş olduğu izahatlardan və məhkəmənin 29 aprel 2021-ci il tarixli iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 şahid qismində vermiş olduğu ifadələrdən görünür ki, hazırkı iş üzrə cavabdehlər ticarət fəaliyyəti ilə məşğul olmayan və yalnız Sədərək Ticarət Mərkəzində şifahi müqavilə əsasında brokerlik fəaliyyəti ilə məşğul olan şəxslərdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı təmsilçisi olduğu daşınma şirkəti üzərinə götürmüş olduğu öhdəliyi icra edərək daşınma xidməti göstərmiş və daşınmanın predmeti olan mallar şahid ifadələrində “yük alan”lar “Rus-Qafqaz” şirkətinə, Baba və İntiqam adlı şəxslərə təhvil verilmişdir. Lakin hazıradək iddiaçı daşınma xidmətinin haqqını əldə edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tərəfindən göstərilən xidmətə şifahi olaraq bağlanmış daşınma müqaviləsindən irəli gələn xidmət kimi qiymət verilsə, belə olan halda Azərbaycan Respublikası MM-nin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Belə olan halda hazırkı iş üzrə cavabdehlər ümumiyyətlə daşınma müqaviləsi üzrə qeyd olunan subyektlərdən nə yük göndərən, nə də yükü alan olmadığı üçün müqavilə üzrə iddiaya cavab verməli olmayan şəxslərdir. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehlərin hər birinə qarşı konkret iddia tələbinin irəli sürülməməsi və daşınma müqaviləsi üzrə yük haqqının tərəflər arasında şərtləndirilməməsi cavabdehlərin məhz həmin müqavilə üzrə digər subyekt yəni, yük göndərən və yükü alanın səlahiyyətləndirdiyi digər şəxs qismində olmalarını da istisna edir. Qeyd olunduğu kimi məhkəmə araşdırması zamanı müəyyən olunan hallardan biri də odur ki, cavabdehlər ticarət fəaliyyəti ilə məşğul olmayan və yalnız Sədərək Ticarət Mərkəzində şifahi müqavilə əsasında brokerlik fəaliyyəti ilə məşğul olan şəxslərdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlərə münasibətdə yaranmış hüquq münasibətinə Azərbaycan Respublikası MM-nin 787-ci maddəsi şamil olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 787.1-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Belə olan halda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, broker müqaviləsinə əsasən yaranmış hüquq münasibətində cavabdehlər iddiaçı qarşısında muzd müqabilində vasitəçilik xidmətləri göstərməyi öhdələrinə götürmüşlər. Həmin Məcəllənin, 787.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası MM-nin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi razılaşmaya əsasən cavabdehlərin iddiaçıya göstərməli olduğu vasitəçilik xidmətləri onların iddiaçının təmsil etdiyi daşınma şirkətinə müştəri cəlb etmələri və hər cəlb olunmuş müştəriyə münasibətdə iddiaçı tərəfindən cavabdehlərə muzd ödənilməsi ilə şərtləndirilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən bildirilmişdir ki, onların göstərmiş olduqları xidmət müqabilində iddiaçı tərəfindən muzd ödənilmədiyindən onlar şirkətlə işləmələrini dayandırmışlar. Beləliklə, məhkəmə hesab edirik ki, nə qədər ki, iddiaçı tərəfindən üçüncü şəxslərə münasibətdə daşınma xidməti tam olaraq həyata keçirilmişdir, və iddiaçının iddiasının əsasını borc verilmiş pulun geri tələb edilməsi deyil, göstərilmiş daşıma haqqının ödənilməsi təşkil etməli idi. Belə olan halda isə qeyd edilən iddia hazırkı iş üzrə cavbadehlərə qarşı irəli sürülə bilməzdi. Odur ki yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 23.000 ABŞ dolları pulun, vəkil və digər çəkilmiş xərclər kimi 1.000 manatın və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar