Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3077/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarını artıraraq xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment və ilkin mediasiya sessiyasında iştirak edilməməsi üçün ödənilmiş 55 manat məbləğin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikahları Bakı şəhər Nizami rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Hər iki övladı iddiaçının himayəsində saxlanmışdır. Cavabdehdən Bakı şəhər Nizami rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır, lakin bu məbləğ uşağın saxlanması üçün nəzərdə tutulan xərcləri ödəmir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə məhkəməyə ərizə ilə müraciət edərək, bütün məhkəmə iclaslarını iddiaçının iştirakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi ilə X6 və X1 üçün hər ay aliment tutulması qərara alınmışdır, hazırda işləmir, əsgərlik dövründən İİ qrup əlildir, pensiya alır, alimenti hər uşağa görə 175 manat olmaqla artıra bilər, daha artıq ödəməyə imkanı çatmır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(007)-2130/2019 saylı Qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı аrаsındа 01 fevral 2002-ci il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 119 № ilə qеyd edilmiş nikahın pozulması, 11 iyul 2006-cı il tarixdə anadan olmuş X4 və 08 yanvar 2011-ci il tarixdə anadan olmuş X5 anaları İddiaçı himayəsində saxlanılması, 11 iyul 2006-cı il tarixdə anadan olmuş X3 və 08 yanvar 2011-ci il tarixdə anadan olmuş X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün Cavabdeh 23 may 2019-cu il tarixdən hər uşaq üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 5 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 11 may 2023cü il tarixli 3-17-7/2-14-19696/2923 saylı Arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” alt sisteminə əsasən əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan 5 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 11 may 2023cü il tarixli 3-17-7/2-14-19697/2923 saylı Arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” alt sisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İİ dərəcə əlilliyə görə 327,21 manat əmək pensiyası alır. Pensiya işinin nömrəsi: 093229, təyinatın başlanma tarixi xx.xx.2001-ci il, təyinatın bitmə tarixi müddətsizdir. İş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli MŞB/8/2023-00218 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış”dan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci və 5 manat kargüzarlıq və poçt xərcini ödəmişdir. İş materiallarında olan “Elektron məhkəmə” infomasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına 1 daşınar əmlak – nəqliyyat vasitəsi qeydə alınmışdır. İş materiallarında olan “Elektron məhkəmə” infomasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı adına 4 daşınmaz əmlak – 3 torpaq sahəsi, 1 fərdi yaşayış evi qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 6 saylı vəkil bürosuna 110 manat ödənil edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmışdır və hal-hazırda da onun yanındadırlar, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)- 2130/2019 saylı Qətnaməsinə əsasən, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat miqdarında aliment məbləği tutulması qət edilmişdir, iddiaçının adına 4 daşınmaz əmlak (3 torpaq sahəsi, 1 fərdi yaşayış evi), cavabdehin adına 1 daşınar əmlak (nəqliyyat vasitəsi) qeydə alınmışdır, cavabdeh işləmir, ona xx.xx.2001-ci il tarixdən İİ dərəcə əlillik təyin olunmuşdur, 327,21 manat əmək pensiyası alır, cavabdeh iddia tələbini qismən qəbul edir, hər uşağa görə 175 manat aliment ödəməyə razıdır. Bununla belə, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)- 2130/2019 saylı Qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi, ailə vəziyyətini, onların əmlak vəziyyətini (iddiaçının adına 4 daşınmaz əmlak, cavabdehin adına 1 daşınar əmlak olmasını), cavabdehin işləməməsini, İİ qrup əlilliyinin olmasını, iddiaçı tərəfindən, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olması barədə sübutların təqdim edilməməsini, habelə buna dair halların məhkəmə tərəfindən də müəyyən olunmamasını, bununla belə, uşaqların yaş həddini, onların təhsilini, mənafelərinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, habelə cavabdehin iddia tələbini qismən qəbul etməsini (hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat) nəzərə alaraq, uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, iddiaçının dəlillərinə münasibətdə isə qeyd edir ki, iki uşağa görə aliment ödəyən şəxsin - cavabdehin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxs iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu barədə dəlilləri məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatdan az (60x12=720 manat) olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, bunun üzürlü olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, mediasiya ilə bağlı iddiaçının çəkdiyi 55 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2130/2019 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə dair ödənilmiş 55 (əlli beş) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3077/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3077/2023
14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver