Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3079/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq ayda 220 manat məbləğində alimentin tutulub xx.xx.2010-cu il tarixində doğulmuş qızı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın anası İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(023)-496/2010 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın atası Cavabdeh müəyyən olunmuş aylıq alimentin tutularaq uşağın anası İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin hal-hazırda bazar iqdisadiyyatı və manatın devalvasiyasına görə şəraitin dəyişməsi ilə əlaqədar əvvəlki illərdə müəyyən olunmuş aliment uşağın saxlanması xərclərinin yarı faizini də təmin etmədiyi üçün Azərbaycan Respublikasında xx.xx.2023-cü il tarixdən bir uşaq üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3203/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Qaza Rayon Məhkəməsinin 2(023)-655/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 282545 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş arayışdan görünür ki, Cavabdeh "xxxx" Şirkətində işləyir, aylı əmək haqqı məbləği 350 manat təşkil edir. Cavabdeh şəxsi maşınların sürücü ilə icarəsi fəaliyyət istiqaməti üzrə fərdi sahibkar kimi qeydiyyata alınsa da, fəaliyyətini müvəqqəti dayandırmışdır. Hal-hazırda mülkiyyətində torpaq sahəsi və fərdi yaşayış evi vardır. Cavabdehin X2 başqa, daha iki övladı, xx.xx.2011 təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 vardır. İddiaçı iş yeri yoxdur, o, loqoped fəaliyyət istiqaməti üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmış, lakin fəaliyyətini dayandırmışdır. İddiaçının mülkiyyətində mənzil var. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda ölkədə inflansiya dərəcəsi nəzərə alınmaqla həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə cavabdehin öhdəsində daha iki azyaşlı uşağın olduğunu, hər iki tərəfin maddi vəziyyətini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3203/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə iddianı alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq 220 manat məbləğində tutulması hissəsinə qiymət verərək, hesab edir ki, alimentin tutulma müddəti, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 768 manat (64 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3203/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat məbləğində sabit pul şəklində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3079/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3079/2023
17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver