Məhkəmə qərarları › İş №2(011)-3086/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3086/2024

23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3086/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 2014-cü ilin yanvar ayında qeyri-rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahdan iki övladı - 01 iyun 2015ci il təvəllüdlü X4 və 09 oktyabr 2017-ci il təvəllüdlü X2 anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehlə münasibətləri əvvəlcə yaxşı olsa da, daha sonra pisləşmişdir. Hazırda cavabdeh onunla qalmır və uşaqlarının saxlanması üçün ona heç bir köməklik etmir. İddiaçı isə uşaqları balaca olduğu üçün hazırda işləyə bilmir və maddi cəhətdən çox çətinlik çəkir. İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(010)-774/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçının aliment tələbi təmin edilərək, 12 oktyabr 2018-ci il tarixdən başlayaraq, Cavabdeh 01 iyun 2015-ci il təvəllüdlü X4 və 09 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda alimentin məbləği qanun üzrə 235 manat məbləğində müəyyən edilmişdir və iddiaçı hesab edir ki, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyindən cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər uşağa görə 235 manat olmalıdır. Həmçinin mediasiyaya müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə 09 oktyabr 2023-cü il tarixli Arayış təqdim edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 774/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, övladı – 01 iyun 2015-ci il təvəllüdlü X4 və 09 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan 154 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 774/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 atası olması faktı müəyyən edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia təmin edilməli Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-774/2019 saylı, 23 yanvar 2019cu il tarixli qətnaməsinə əsasən 01 iyun 2015-ci il təvəllüdlü X3 və 09 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-774/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən 01 iyun 2015-ci il təvəllüdlü X3 və 09 oktyabr 2017ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar