Məhkəmə qərarları › İş №2(011)-3098/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3098/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3098/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 1056,93 manat, faiz borcu 5,99 manat, cəmi 1062,92 manat və ödənilmiş 30,62 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və 17.12.2019-cu il tarixli 10-19-23-105113 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh ilə kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə İddiaçı ASC arasında 1333,65 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 17.12.2019-cu il tarixli 10-19-23-105113 saylı kredit müqaviləsi bağlanmışdır, borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, məhkəmədən kənar həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh götürülən borcun qaytarılması üçün heş bir təşəbbüs göstərmir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 17.12.2019-cu il tarixli 10-19-23-105113 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 1333,65 manat kredit verməyi, borc alan isə krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 17.12.2019-cu il tarixli 10-19-23-105113 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh verilən kreditin məbləği 1333,65 AZN, müddəti 60 ay, güzəşt müddəti 12 ay, faiz dərəcəsi 1%, aylıq annunitet 28,35 AZN təşkil edir. İş materiallarında olan 24 yanvar 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh 17.12.2019-cu il tarixli 10-19-23-105113 saylı kredit müqaviləsi üzrə 24 yanvar 2022-ci il tarixinə iddiaçıya cəmi borcu 300 manat, əsas borcu 276,72 manat, faiz borcu 23,28 manat təşkil edir. İş materiallarından görünür ki, 29.11.2021-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh “Xəbərdarlıq” göndərilməklə ondan borcunu 3 iş günü müddətində ödəməsi tələb edilmişdir. İş materiallarında olan 04.04.2022-ci il tarixli ********* saylı dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, İddiaçı ASC tərəfindən 30,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 17.12.2019-cu il tarixli 10-19-23-105113 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 1333,65 manat kredit verilmişdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, hazırda cavabdehin iddiaçıya həmin müqaviləyə əsasən 1056,93 manat əsas borc, 5,99 manat faiz borcu, cəmi 1062,92 manat borcu qalmışdır, iddiaçı tərəfindən cavabdehə borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, Cavabdeh əsas borc kimi 1056,93 manat, faiz borcu kimi 5,99 manat, cəmi 1062,92 manat alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından 30,62 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.12.2019-cu il tarixli 10-19-23- 105113 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc kimi 1056,93 manat, faiz borcu kimi 5,99 manat, cəmi 1062 (min altmış iki) manat 92 (doxsan iki) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 62 (altmış iki) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar