Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3099/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 23 aprel 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan 14 iyun 2014-cü il təvəllüdlü X4 doğulmuşdur. 23 noyabr 2020-ci il tarixli Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə nikah pozulmuşdur. Məhkəmə qətnaməsi ilə aliment 175 manat məbləğdə tutulur. Halhazırda o, alimentin məbləği 193 manat olduğu üçün aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət edir. İddiaçı göstərilənləri nəzərə alaraq, 14 iyun 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 23 noyabr 2020-ci il tarixli Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək 193 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə iddiaçı X2 və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakının olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6293/2020 saylı, 23 aprel 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 23 aprel 2003-cü il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan övladları İddiaçı himayəsinə verilmişlər və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, İddiaçı Xətai rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddia ərizəsində ona qarşı irəli sürdüyü tələblə razı deyildir. Belə ki, bundan əvvəl Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindəm qəbul edilmiş xx.xx.2020-ci il tarixli 2(011)-6614/2020- 005 nömrəli məhkəmə aktı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-2637/2021 nömrəli Qərardadı ilə onun övladları olan X5 və X4 ilə ünsiyyət qurmağı ilə bağlı məhkəmə qərarlarını İddiaçı bu günədək icra etmir. Xətai rayon İcra və Probasiya şöbəsi isə bu qərarların icralarını həyata keçirmir. Belə olan halda iddiaçı hansı haqla ondan alimentin ödənilməsini tələb edə bilər? Qanunlar birtərəfli tətbiq edilməməlidir. Məhkəmə qanun tərəzisinə və ədalətə uyğun qərarlar verməli və qəbul edilmiş qərarların icrasına nail olmalıdır. Bütün bunları nəzərə alaraq məhkəmədən xahiş etmişdir ki, İddiaçınn tələbi rədd edilsin, aliment 175 manat aylıq sabit məbləğində müəyyən edilsin və İddiaçı onun tələbi ilə qəbul edilmiş uşaqları ilə ünsiyyətlə bağlı məhkəmə aktlarının icra edilməsi məcbur edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İlk növbədə Cavabdeh onun tələbi ilə qəbul edilmiş uşaqları ilə ünsiyyətlə bağlı məhkəmə aktlarının icra edilməməsinə görə hazırki idda tələbinin rədd edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin qətnamənin icra edilməməsi hazırki tələbin rədd edilməsi üçün əsas kimi çıxış edə bilməz. Məhkəmə qeyd edilmiş qanunvericilik normaları və işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia təmin edilməli və Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6293/2020 saylı, 23 aprel 2020ci il tarixli qətnaməsinə əsasən 14 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6293/2020 saylı, 23 aprel 2020-ci il tarixli qətnaməsinə əsasən 14 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçının xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3099/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3099/2022
21.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver