Məhkəmə qərarları › İş №2(011)-3117/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3117/2021

04.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3117/2021 04.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh1 İB-nin nümayəndəsi X5, cavabdeh “Cavabdeh2“ ASC- nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İB-nə və “Cavabdeh2“ ASC-yə qarşı “kompensasiya tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 İB-nə qarşı “kompensasiya tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus torpaq sahəsinin əldən çıxmasına görə dəymiş ziyan olaraq 72.200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad şəhərində yerləşən 1,178101 ha kənd tədərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reysterində adına qeydə alınmışdır. Mülkiyyət hüququnun qeydə alınması ilə bağlı ona 18.01.2008-ci il tarixli, MH ******* nömrəli çıxarış verilmişdir. Mülkiyyətində olan torpaq sahəsindən 2013-cü ilin may ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sifarişi ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 03.10.2014-cü il tapşırığına əsasən Cavabdeh1 İB-nin X11 sahəsi Cəlilabad rayon Mərkəzi Xəstəxanasına qaz kəməri xəttini çəkmişdir. Nəticədə mülkiyyətində olan torpaq sahəsi onun istifadəsindən çıxmış, orada əkilmiş kənd təsərrüfatı məhsulları tamamilə məhv edilmiş və ona külli miqdarda ziyan dəymişdir. Dəymiş ziyanla bağlı cavadeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia qaldrımış, uzun sürən məhkəmə araşdırmalarından sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.08.2020-ci il tarixli 2-1(102)-1774/2020 saylı qərarı ilə iş üzrə əsl cavabdehin Cavabdeh1 İstehslat Birliyi olduğu və mülki qaydada iddia vermək lazım olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystüri Xidmətinin 01.02.2016-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Cəlilalabd rayonu, Cəlilabad şəhərində yerləşən 18.01.2008-ci il tarixli dövlət reyestrindən çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 1.1781 ha kənd təsərüüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsündə olan koordinatlar SK-42 koordinat sistemi ilə işlənmiş, hal-hazırda isə WGS-84 koordinat sistemindən istifadə olunduğundan, təqdim olunmuş plan və ölçünün koordinatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərini yerində müəyyən etmək mümükün olmamışdır. Lakin Cəlilalabd şəhərinin kompleks yerquruluşlu layihəsinə əsasən, iddiaçıya alqı-satqı qaydasında mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə mövqeyinə görə döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Mübahisə predimeti olan əraziyə baxış keçirilərkən Cavabdeh1 tərəfindən Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çəkilmiş yeraltı qaz kəməri xəttinin ərazidən keçməsi ilə bağlı yer üstündə hər hansı məlumat nişanı aşkar olunmasa da, cavabdehin nümayəndəsinin təqribən göstərdiyi və 1,5 m dərinlikdən keçməsi ehtimal olunan qaz kəməri xəttinin ərazidə yerləşmə mövqeyi qeydə alınmışdır. Belə ki, yeraltı qaz kəməri xəttinin müəyyən hissələrdə iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçməsi müəyyən olunmuşdur. İddiaçının mülkiyyətinə verilmiş 1,1781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissələrində kanalizasiya baxış quyularına əsasən yeraltı kanalizasiya xəttinin keçməsi müəyyənləşdirilmişdir. 24.04.2017-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dəymiş ziyanın ödənilməsi tələbi ilə müraciət etmiş, Nazirliyinin 30.01.2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayon Mərkəzi Xəstəxanasının qazanxanasının qazlaşdırılması işləri “Cavabdeh1" İstehsalat Birliyi tərəfindən verilmiş texniki şərtə uyğun olaraq hazırlanmış layihə əsasında həyata keçirilmişdir. “Əmlak Ekspert Mərkəzi"nin 24.09.2018-ci il tarixli, ƏEM\S 108-908U8 saylı rəyində qeyd olunur ki, mülki işin materialları əsasında Cəlilalabad şəhəri, Bakı-Astara Magistral yolunun yaxınlığında yerləşən torpaq sahəsinin bazar qiymətini müəyyən etmək üçün ekspert qrupu tərəfindən əraziyə baxış keçirilmiş, hüquqi sənədlər faktiki vəziyyətə uyğun olaraq nəzərdən keçirilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsindən qaz xətti və sonradan kanalizasiya xətti keçirildiyindən istifadə imkanları məhdudlaşdırılmışdır. Torpaq sahəsi ifrastruktur baxımından inkişaf etmiş ərazidə yerləşib. Yaxınlıqda fərdi yaşayış evləri, istehsal obyektləri və digər sosial əhəmiyyətli obyektlər mövcuddur. Coğrafi mövqeyi və şəhər nəqliyyatı ilə təminatı əlverişli olaraq qiymətləndirilmişdir. Baxış keçirilən zaman müşahidə edilmişdir ki, torpaq sahəsi əsasən boş sahədən ibarətdir, üzərində heç bir tikili və yaşıllaşdırma işi aparılmayıb, relyefi hamardır, sahə xarici və torpaq suları ilə basılmır və batmır. Seysmikliyi, sürüşmə hadisələri nəzərə çarpmayıb., sanitar-gigiyenik parametrləri qənaətləndiricidir. Ərazi üzrə daşınmaz əmlak bazaranın monitorinqi aparılmış və təhlil olunmuşdur. Torpağın 1 sotu üzrə bazar dəyərini tapmaq üçün analoqlar müəyyən edilmişdir. Düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla qiymətləndirilən torpağın 1 sot üzrə bazar dəyəri müəyyən edilmişdir. Beləliklə, ******* nömrəli, 18.01,2008-ci il tarixli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Cəlilabad şəhərində yerləşən 1.178101 ha. Kənd təsərrüfat təyinatlı torpaq sahəsindən qaz borusu çəkilmədən öncəki tarixinə, yəni 2014-cü ilin oktyabr ayına bazar dəyəri 72.2000 manat, qaz boruları çəkildikdən sonra 24.09.2018-ci il tarixə real bazar dəyəri 59.670 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respiblikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reysteri Xidmətinin 11 oktyabr 2018-ci il tarixli, C-553 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçıya **********88 reyestr nömrəli çıxarışın torpaq sahəsinin planı və ölçüsünə görə mülkiyyətə verilmiş 1,1781 ha.kənd təsərrüfat təyinatlı torpaq sahəsinin ərazisindən keçən, vizual göstərilən yeraltı qaz boru xəttinin yerləşmə mövqeyi, ölçüləri, koordinatları rəyə əlavə edilmiş ölçü planında öz əksini tapmışdır. Həmin torpaq sahəsinin müəyyən hissəsi həyətyanı tikilialtı və yerüstü beton kanalizasiya quyularının yerləşdiyi ərazi kimi, çox hissəsi isə yol kimi istifadə edilir. Bu səbəbdən də torpağın yararlılıq vəziyyəti dəyişmişdir və kənd təsərrüfatına yararsız vəziyyətdədir. Torpaq sahəsi təyinatına uyğun istifadə edilmir və təyinatına uyğun istifadə edilib-edilməməsi mümkünlüyü çox az ehtimal olunur. Beləliklə göstərilən bütün bu sübutlarla müəyyən edilir ki. xüsusi mülkiyyətində olan Cəlilabad şəhərində yerləşən 1,178101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, qaz xəttinin çəkilməsi ilə əlaqədar, faktiki olaraq əhəmiyyətsiz və lazımsız bir əmalaka çevrilmişdir. Məhz bu səbəbdən, torpaq sahəsinin qaz boruları çəkildikdən sonrakı real bazar dəyərinin heç bir əhəmiyyəti yoxdur. Yəni hazırkı dəyərindən asılı olmayaraq, həmin əmlak təyinatı üzrə istifadəyə yararsız və lazımsızdır. Ona görə də torpaq sahəsinin qaz borusu çəkilmədən öncəki tarixinə, yəni 2014-cü ilin oktyabr ayına bazar dəyəri olan 72.200 manat pul cavabdehlərdən tutulmalıdır. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş üzrə əvvəllər keçirilmiş məhkəmə prosessləri zamanı məhkəmə nuihəndis-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 16.03.2020-ci il tarixli ekspert rəyində qeyd edilir ki, “Tağıyeva Rühəngiz islam qızının xüsusi mülkiyyətində olan Cəlilabad şəhərində yerləşən 1.178 ha torpaq sahəsindən yeraltı qaz və kanalizasiya xətti çəkilmişdir. Torpaq sahəsi hal-hazırda bütünlüklə gediş-gəliş yolu kimi istifadə edilir. Torpaq sahəsinin uzunu boyu kanalizasiya xəttlərinin qapaqları quraşdırılmışdır. Torpaq sahəsində qaz və kanalizasiya xəttləri çəkilərkən torpaq sahəsinin 13 metr eni və 920 metr uzunu olmaqla torpağın bütün sahəsi istifadə olunmuşdur. Hal-hazırda torpaq sahəsi bütünlüklə qəsəbə daxili avtomobil yolu kimi istifadə edilir.” Beləliklə ekspertiza rəyindən tam bəlli olur ki, mülkiyyət hüquqları ilə ona məxsus olan mübahisəli torpaqdan təkcə qaz xətləri deyil, eləcə də kanalsizasiya xətləri çəkilmişdir. İşin faktiki hallarını nəzərə alaraq məhkəmədən "Cavabdeh2" ASC-nin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Cavabdeh1 İB iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. Belə ki, Cəlilabad Mərkəzi rayon xəstəxanasının 7-386-13 nömrəli sifarişi əsasında Cəlilabad şəhəri M.Hüseyn küçəsində yerləşən Mərkəzi rayon xəstəxanasının qazanxanasının qazlaşdırılması üçün Cavabdeh1 İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 2013-cü ildə işçi layihə tərtib edilmişdir. Həmin işçi-layihə əsasında 10.06.2013-cü il tarixdən 10.07.2013-cü il tarixədək “xxxx” MMC tərəfindən tikinti-quraşdırma işləri aparılaraq iddiaçıya məxsus torpaq sahəsinin kənarı ilə çəkilmiş kanalizasiya xəttindən 2 metr aralı məsafədə 1.5 metr dərinlikdə polietilen qaz kəməri çəkilmişdir. Aparılmış tikinti-quraşdırma işləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X8 Agentliyi və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən müayinə edilmiş, görülən işlərin keyfiyyəti yaxşı qiymətləndirilərək istismara qəbul edilməsi məqbul sayılmışdır. Qeyd edilən qaz xəttinin çəkilməsi işləri bir ay müddətində davam etmişdir. Tikinti işləri aparılan zaman iddiaçı tərəfindən heç bir etiraz, irad bildirilməmiş, qaz xəttinin çəkilməsi və istismara verilməsi işləri başa çatdırıldıqdan sonra iddiaçı müxtəlif instansiyalara müraciət edərək ona məxsus pay torpaq sahəsinin zəbt olunduğunu bildirmişdir. İddiaçının müraciəti əsasında araşdırma aparılmış və qaz xəttinin keçdiyi ərazinin bələdiyyə torpaqlarına aid olması müəyyən edilmişdir. İddiaçı qaz xəttinin keçdiyi ərazinin bələdiyyə torpaqlarına aid olmasını qəbul etmiş və şikayətinin olmaması barədə ərizə vermişdir. İddiaçının nümayəndəsi qeyd edilən ərizənin 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Cəlilabad rayonuna səfəri ilə əlaqədar müəyyən şəxsləri xahişlərinin nəzərə alınaraq yazıldığını bildirmiş, lakin qeyd olunan ərizə məhkəmə qaydasında mübahisələndirilməmişdir. X6 rayon xəstəxanasının qazanxanasının qazlaşdırılması üçün Cavabdeh1 İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən işçi layihə hazırlanarkən kanalizasiya xətti mövcud olmuş və tərtib edilmiş sxemdə öz əksini tapmışdır. Hətta iddiaçıya məxsus torpaq sahəsi ilə kanalizasiya xətti arasında kəndin avtomobil yolu da mövcuddur ki, bu da 1-ci instansiya məhkəməsinə təqdim olunmuş fotoşəkillərdə öz təsdiqini tapır. Qeyd edilən qaz xətti isə iddiaçıya məxsus torpaq sahəsinin kənarı ilə çəkilmiş kanalizasiya xəttindən 2 metr aralı məsafədə 1.5 metr dərinlikdə yaşayış evlərinin yaxınlığında çəkilmişdir və iddiaçıya öz mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə heç bir maneçilik törətmir. İddiaçı tərəfindən tikinti işlərini aparan tikinti təşkilatına qarşı deyil, Cavabdeh1 İB-nə qarşı iddia qaldırılması məqsədli xarakter daşıyır, iddiaçı SOCAR-ın imkanları hesabına iddia tələbinin təmin olunmasını güman edir. Cavabdeh1 İB yalnız ödənişli əsaslarla Cəlilabad Mərkəzi rayon xəstəxanasının 7-386-13 nömrəli sifarişi əsasında layihələndirmə işlərini aparmış, hər hansı bir tikinti işləri aparmamış və yalnız nəql edilən qazın keyfiyyətinə və təzyiqinə, istifadə edilmiş qurğu və materialların standartlara cavab verməsinə, layihəyə uyğun istismar olunmasına görə məsuliyyət daşıyır. Qaz xətti Cəlilabad rayon Mərkəzi xəstəxanasının balansındadır, Cavabdeh1 İB-yə heç bir mənsubiyyəti yoxdur. İddiaçı Cavabdeh1nə qarşı qaz kəmərinin çəkildiyi ilə əlaqədar 2013-cü ildən istifadə edə bilmədiyi torpaq sahəsinə dəymiş zərər kimi hər il üçün 15.000 manat olmaqla ümumilikdə 45.000 manat məbləğin ödənilməsi barədə iddia tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 16.03.2016-cı il tarixli 2-1(86)-53/2016 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan verilmiş apelyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 19.07.2016-cı il tarixli 2-1(106)202/2016 saylı qərarı ilə təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 21.12.2016-cı il tarixli 2-1(102)-1912/2016 saylı qərarı ilə təmin edilməmişdir. İddiaçı qeyd olunan məhkəmə qərarlarını nəzərə almadan Cavabdeh1 İB-nə qarşı pul tələbi ilə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia tələbində ona məxsus torpaq sahəsindən qaz xəttinin çəkilməsi nəticəsində əkin sahəsinin yararsız vəziyyətə düşməsini, torpaq sahəsindən istifadə edə bilməməsini formal mülahizələrlə sübut etməyə çalışır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh1 İB-yi tərəfindən İddiaçı heç bir ziyan vurulmaması və onun torpaq sahəsindən istifadəsini məhdudlaşdıran heç bir hərəkətin edilməməsi Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 16.03.2016-cı il tarixli 2-1(86)-53/2016 saylı qərarı ilə tam təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 İB-nin nümayəndəsi X9 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Cavabdeh2“ ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək rədd edilməsinii xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cəlilabad şəhərində yerləşən 1,178101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 157-ci vərəqəsində 18.01.2008-ci il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2020-ci il tarixli 2-1(102)-1774/2020 saylı qərarının məzmunundan müəyyən olunur ki, İddiaçı əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1 İB-nə qarşı 45.000 manat məbləğində ziyan tələbi ilə bağlı məhkəmədə iddia qaldırmış, Şirvan inzibati-iqtisadi Məhkəməsinin 2-1(086)-53/2016 saylı, 16.03.2016-cı il tarixli qərarı ilə iddiası təmin edilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Qeyd olunan məhkəmə aktlarından müəyyən olunmuşdur ki, iddia tələbi ilə sifarişçi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia qaldırılmalıdır. İddiaçı 22.06.2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququnun pozulması nəticəsində torpağın əvəzi kimi 105.600 manat, 6 il üçün əldən çıxmış faydaya görə 90.000 manat, cəmi 195.600 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan inzibati-İqtisadi Məhkəməsinin, 2-1(086)-2753/2017 saylı 14.08.2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 2-1(106)-485/2017 saylı 07.12.2017-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Şirvan inzibati-iqtisadi Məhkəməsinin 14.08.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün yenidən həmin məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həmin qərardaddan verdiyi kassasiya şikayəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-614/18 saylı 14.03.2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin 07.12.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 22.06.2018-ci il tarixli qərardadları ilə məhkəməəmtəəşünaslıq, məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizaları təyin edilmişdir. “Əmlak Ekspert Mərkəzi”nin 24.09.2018-ci il tarixli, ƏEM/S 108-908/18 saylı rəyində qeyd olunmuşdur ki, mülki işin materialları əsasında Cəlilabad şəhəri, Bakı-Astara Magistral yolunun yaxınlığında yerləşən torpaq sahəsinin bazar qiymətini müəyyən etmək üçün ekspert qrupu tərəfindən əraziyə baxış keçirilmiş, hüquqi sənədlər faktiki vəziyyətə uyğun olaraq nəzərdən keçirilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsindən qaz xətti və sonradan kanalizasiya xətti keçirildiyindən istifadə imkanları məhdudlaşmışdır. Torpaq sahəsi infrastruktur baxımından inkişaf etmiş ərazidə yerləşib. Yaxınlıqda fərdi yaşayış evləri, istehsal obyektləri və digər sosial əhəmiyyətli obyektlər mövcuddur. Coğrafi mövqeyi və şəhər nəqliyyatı ilə təminatı əlverişli olaraq qiymətləndirilmişdir. Baxış keçirilən zaman müşahidə edilmişdir ki, torpaq sahəsi əsasən boş sahədən ibarətdir, üzərində heç bir tikili və yaşıllaşdırma işi aparılmayıb, relyefi hamardır, sahə xarici və torpaq suları ilə basılmır və batmır. Seysmikliyi, sürüşmə hadisələri nəzərə çarpmayıb, sanitar-gigiyenik parametrləri qənaətləndiricidir. Ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılmış və təhlil olunmuşdur. Torpağın 1 sot üzrə bazar dəyərini tapmaq üçün analoqlar müəyyən edilmişdir. Düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla qiymətləndirilən torpağın 1 sot üzrə bazar dəyəri müəyyən olunmuşdur. Beləliklə, ******* nömrəli, 18.01.2008-ci il tarixli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyəürsdə dan Cəlilabad şəhərində yerləşən 1,178101 ha. kənd təsərrüfat təyinatlı torpaq safesäradəo qaz borusu çəkilmədən öncəki tarixinə, yəni 2014-cü ilin oktyabr ayına bazar dəyəci 72.220 manat, qaz boruları çəkiləndən sonra, yəni 24.09.2018-ci il tarixə real bazar dəyəri 59.670 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respiblikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 oktyabr 2018-ci il tarixli, C-553 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçıya **********88 reyestr nömrəli çıxarışın torpaq sahəsinin planı və ölçüsünə görə mülkiyyətə verilmiş 1,1781 ha.kənd təsərrüfat təyinatlı torpaq sahəsinin ərazisindən keçən, vizual göstərilən yeraltı qaz boru xəttinin yerləşmə mövqeyi, ölçüləri, koordinatları rəyə əlavə edilmiş ölçü planında öz əksini tapmışdır. Həmin torpaq sahəsinin müəyyən hissəsi həyətyanı tikilialtı və yerüstü beton kanalizasiya quyularının yerləşdiyi ərazi kimi, çox hissəsi isə yol kimi istifadə edilir. Bu səbəbdən də torpağın yararlılıq vəziyyəti dəyişmişdir və kənd təsərrüfatına yararsız vəziyyətdədir. Torpaq sahəsi təyinatına uyğun istifadə edilmir və təyinatına uyğun istifadə edilib-edilməməsi mümkünlüyü çox az ehtimal olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.11,2018ci il tarixli, 17944 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçıya **********88 reyestr nömrəli çıxarışa, torpaq sahəsinin planı və ölçüsünə görə mülkiyyətə verilmiş 1,1781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazisindən keçən, cavabdehin nümayəndəsi tərəfindən vizual göstərilən yeraltı qaz boru xəttinin çəkildiyi müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin müəyyən hissəsi həyətyanı tikilialtı və yerüstü beton kanalizasiya quyularının yerləşdiyi ərazi kimi, çox hissəsi ilə yol kimi stifadə edilir. Torpağın yararlılıq vəziyyətinin, həmçinin təyinatların uyğun istifadə edilib-edilməməsini müəyyən olunması məhkəmə tikinti-texniki ekspertizasının həll etdiyi məsələlərin dairəsinə aid olmadığı üçün bu suallar üzrə tədqiqat aparılmamışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-246/2019 saylı 06.05.2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehdən 72.200 manat tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan Cəlilabad şəhərində yerləşən 1,178101 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, qaz xəttinin çəkilməsi ilə əlaqədar, faktiki olaraq əhəmiyyətsiz və lazımsız bir əmlaka çevrilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kənd təsərrüfatına yararsız vəziyyətə gətirilmişdir və təyinatına uyğun istifadə edilməsinin mümkünlüyü çox az ehtimal olunur. Məhz bu səbəbdən, torpaq sahəsinin qaz boruları çəkildikdən sonrakı real bazar dəyərinin heç bir əhəmiyyəti yoxdur. Yəni hazırki dəyərindən asılı olmayaraq, həmin əmlak təyinatı üzrə istifadəyə yararsız və lazımsızdır. Ona görə də, torpaq sahəsinin qaz borusu çəkilmədən öncəki tarixinə, yəni 2014-cü ilin oktyabr ayına bazar dəyəri olan 72.200 manat pul cavabdehdən tutulmalıdır. Həmin qərardan cavabdeh və üçüncü şəxs tərəfindən apelyasiya şikayətləri verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.11.2019-cu il tarixli qərardadı ilə iş üzrə obyektiv nəticə əldə edilməsi üçün Cəlilabad şəhərində yerləşən 1,178101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qaz və kanalizasiya xəttinin çəkilib-çəkilməməsi, həmin torpaq sahəsindən və ya bir hissəsindən yol kimi istifadə edilib-edilməməsi, həmin torpaq sahəsində hazırda nə kimi qurğular və tikililərin olub-olmaması, qeyd olunan torpaq sahəsindən qaz və kanalizasiya xətti çəkilmişdirsə, yaxud həmin torpaq sahəsindən və ya bir hissəsindən yol kimi istifadə edilirsə, həmin maneələr, o cümlədən maneələrdən hansı maneə, hansı hissədə torpaqdan təyinatı üzrə istifadə edilməsinə maneə yaradıb-yaratmaması, konkret olaraq torpaq sahəsindən qaz xəttinin yeraltı boru xətti ilə çəkilməsinin torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə, torpağın yararlılığına nə kimi maneə yaradıb-yaratmaması, maneələr mövcud olduğu halda torpaq sahəsindən hansı hissədə təyinatı üzrə istifadə edilməsinin mümkün olub-olmaması, torpaq sahəsində kanalizasiya xətti və yolun mövcud olduğu vəziyyətdə olan, həmçinin qaz xəttinin çəkilməsindən sonrakı orta bazar qiymətinin nə qədər olmasını müəyyən etmək məqsədi ilə kompleks məhkəmə tikinti-texniki, torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, müvafiq olaraq mütəxəssis və ekspert rəyləri alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.03.2020ci il tarixli, 2561 nömrəli ekspert rəyindən görünür ki, birinci sual üzrə - "xxxx” MMC-nin mühəndisləri Emin Mehdiyev və Hüseyn İsmayılovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının xüsusi mülkiyyətində olan Cəlilabad şəhəri ərazisində yerləşən 1,178 ha torpaq sahəsindən yeraltı qaz və kanalizasiya xətti çəkilmişdir. Torpaq sahəsi hal-hazırda bütünlüklə gediş-gəliş yolu kimi istifadə olunur, ikinci sual üzrə mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sözügedən torpaq sahəsində hal-hazırda tikili mövcud deyil. Torpaq sahəsinin uzunu boyu kanalizasiya xəttinin qapaqları quraşdırılmışdır. Üçüncü sual üzrə mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsində qaz və kanalizasiya xətləri çəkilərkən torpaq sahəsinin 13 metr eni və 920 metr uzunu olmaqla torpağın bütün sahəsi istifadə olunmuşdur. Hal-hazırda torpaq sahəsi bütünlüklə qəsəbə daxili avtomobil yolu kimi istifadə olunur. Dördüncü sual üzrə mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsindən çəkilən qaz xətti torpağın 1 metr dərinliyindən aparıldığı üçün kənd təsərrüfatı texnikasının ərazidə işləməsinə təhlükə yaradır. Beşinci sual üzrə mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsindən çəkilən qaz xətti torpağın orta hissəsindən tam uzunluğu boyu çəkilmişdir. Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən aztəzyiqli qaz xəttinin hər iki tərəfindən 4 metr mühafizə və təmir zolağı nəzərdə tutulur. “xxxx” MMC-nin 28.12.2019-cu il tarixli G-12/19-386 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan Cəlilabad şəhərində yerləşən 1,178 ha torpaq sahəsinin hazırki orta bazar qiyməti 55.000-60.000 manat arasında dəyişir. Şirvan Apelyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(106)-19/2020 saylı 16.06.2020-ci il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətləri qismən təmin edilərək Şirvan İnzibati-iqtisadi Məhkəməsinin 06.05.2019-cu il tarixli qərarı, üçüncü şəxs və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 55.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apelyasiya şikayətlərinin iddianın təmin olunmaması barədə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Bununla belə cavabdehdən tutulmalı olan məbləğin 72.200 manat həddində müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, həmin məbləğ “xxxx” MMC-nin 28.12.2019-cu il tarixli G-12/19-386 saylı mütəxəssis rəyində qeyd olunan aşağı həddə, yəni 55.000 manat müəyyən edilməlidir. Cavabdeh və üçüncü şəxs Şirvan Apelyasiya Məhkəməsinin 16.06.2020-ci tarixli qərarından kasasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2020-ci il tarixli 2-1(102)-1774/2020 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2020-ci il 16 iyun tarixli 2-1(106)- 19/2020 nömrəli qərarı ləğv edilərək, İddiaçı iddiası mümkün sayılmamışdır. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı Dövlət Neft Şirkətinin “Cavabdeh1" İstehsalat Birliyinə qarşı 45.000 manat ziyan tələbi ilə bağlı məhkəmədə iddia qaldırmış, iddiası təmin edilməmişdir.Qeyd olunan məhkəmə aktlarından müəyyən olunmuşdur ki, iddia tələbi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh1" istehsalat Birliyinə qarşı deyil, sifarişçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia qaldırmalıdır. Odur ki, hazırda cavabdehə qarşı iddiasında cavabdehin təqsirindən mülkiyyətində olan torpaq sahəsi onun istifadəsindən çıxdığına və orada əkilmiş kənd təsərrüfatı məhsulları tamamilə məhv edildiyinə görə kompensasiya ödənilməsini xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçının iddiasında qeyd etdiyi kimi cavabdeh tərəfindən iddiaçıya zərər vurulmamış, qaz xəttinin iddiaçının torpaq sahəsindən çəkilməsi barədə cavabdeh hər hansı qərar qəbul etməmiş, bu barədə ‘Cavabdeh1” İB-yə sifariş verməmişdir. Cavabdeh Cəlilabad rayonunun əhalisinə göstərilən tibbi xidmətin yüksəldilməsi məqsədi ilə xəstəxana üçün yeni bina tikdirmiş və həmin binanın qazla təmin edilməsi üçün qaz xəttinin çəkilməsi məqsədi ilə “Cavabdeh1" istehsalat Birliyinə sifariş vermişdir. Sifarişdə qaz xəttinin cavabdehin göstərdiyi trayektoriya üzrə çəkilməsinə daır hər hansı göstəriş mövcud olmamışdır, iddiaçının mülkiyyətində olan torpaq sadəsindən qaz xəttinin cavabdehin göstərişi əsasında çəkilməsi işdə olan sübutlarla :əsdiq olunmur. Cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta .etmir. Belə olduqda, iddiaçı cavabdehdən zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə aktına əsaslanaraq iddia tələbinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı qaldırdığını bildirmiş, işdə olan məhkəmə qərarlarında Səhiyyə Nazirliyinə qarşı iddia qaldırılmasının zəruriliyi bildirilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddıaçıya ziyan vurulması sübuta yetmədiyindən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilir ki, mülkiyyətində olan torpaq sahəsində qaz xətti çəkmiş şəxslərə (hüquqi şəxslərə) qarşı ümumi məhkəmədə iddia qaldırmaq hüququ vardır. Cəlilabad rayonu Cəlilabad Bələdiyyəsinin 16.05.2021-ci tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Cəlilabad şəhər ərazisində 1,18 ha kənd təsərrüfat təyinatlı pay torpaq sahəsi vardır. Lakin onun mülkiyyətində olan 1,18 ha pay torpaq sahəsindən Cəlilabad şəhərinin su və kanalizasiya kollektoru inşa edilərək keçirilmişdir. Ona görə də sözügedən pay torpaq sahəsini təyinatı üzrə istifadə etmək mümkün olmur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə isə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 12-ci hissəsinə əsasən, ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikintiquraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasına görə sənaye qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qoşulma xidmətinə görə ödəniş həyata keçirir. Həmin Qanunun 15-ci maddəsinin 3-cü hissəsinə görə torpaqda və ictimai istifadədə olan yerlərdə aparılan qaz fəaliyyəti işlərinin ictimai infrastrukturun digər sahələrinə cavabdeh olan podratçı və müvafiq icra hakimiyyəti orqanları ilə planlaşdırılması və uzlaşdırılması, təmir və qəza işləri zamanı ictimai infrastrukturun ayrı-ayrı sahələrində maneələr olduqda, əvvəlcədən həmin sahələrin mülkiyyətçisindən yazılı razılığın alınması podratçının vəzifələrindən biri kimi təsbit edilmişdir. Həmin Qanunun 16-cı maddəsinin 2-ci hissəsinə görə isə qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. “Su təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirmək məqsədi ilə su təchizatı və kanalizasiya qurğularının tikilməsini təmin edir və bu məqsədlərlə müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaqlardan istifadə etmək hüququna malikdirlər. Həmin Qanunun 16-cı maddəsinin 2-ci hissəsinə görə isə torpaq qanunvericiliyinə zidd olmayan hallarda xüsusi mülkiyyətdə olan torpaqlardan qeyd olunan məqsədlərlə istifadə torpaqların mülkiyyətçisi ilə bağlanmış müqaviləyə əsasən onların satın alınması, icarəyə götürülməsi və ya kompensasiyanın verilməsi yolu ilə həyata keçirilir. Həmin Qanunun 46-cı maddəsinə görə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqların dövlət ehtiyacları üçün alınmasına Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 101-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 238, 1096-1099-cu maddələrinin tələblərinə əsasən, dövlət əhəmiyyətli kommunikasiya xətlərində hidrotexniki qurğuların quraşdırılması, torpaq sahələrinin müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə (hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxrnış fayda) ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə gğrə isə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən cavabdehlər Cavabdeh1 İB və “Cavabdeh2“ ASC tərəfindən qanunvericiliklə müəyyən edilmiş prosedura riayət edilməsini gözləmədən qanunvericiliyin tələblərini pozmaqla, torpaq sahəsi üzərində əmlak və qeyri-əmlak hüquqları olan İddiaçı müvafiq razılığını almadan, kompensasiya ödənilmədən onun xüsusi mülkiyyətində olan Cəlilabad şəhərində yerləşən 1,178101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qaz və kanalizasiya xətləri çəkərək torpaq sahəsinin 13 metr eni və 920 metr uzunu olmaqla torpağın bütün sahəsindən istifadə olunmasını, hal-hazırda torpaq sahəsinin bütünlüklə qəsəbə daxili avtomobil yolu kimi istifadə olunmasını, torpaq sahəsindən çəkilən qaz xəttinin torpağın 1 metr dərinliyindən aparılmaqla, kənd təsərrüfatı texnikasının ərazidə işləməsinə təhlükə yaratmasını, bu səbəbdən də torpağın yararlılıq vəziyyətinin dəyişməsini və kənd təsərrüfatına yararsız vəziyyətdə olmasını, torpaq sahəsi təyinatına uyğun istifadə edilməməsini və təyinatına uyğun istifadə edilib-edilməməsinin çox az ehtimal olunmasını, nəticədə iddiaçıya maddi ziyan vurulmasını nəzərə alıb, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dəymiş ziyanın məbləği “xxxx” MMC-nin 28.12.2019-cu il tarixli G-12/19-386 saylı mütəxəssis rəyində qeyd olunan aşağı həddə, yəni 55.000 manat müəyyən edilərək cavabdehlərdən həmin məbləğdə pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı mülkiyyət hüququnun pozulması nəticəsində torpağın əvəzi kimi 105.600 manat, 6 il üçün əldən çıxmış faydaya görə 90.000 manat, cəmi 195.600 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsinin qismən təmin edilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2020-ci il 16 iyun tarixli 2-1(106)-19/2020 nömrəli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2020-ci il tarixli 2-1(102)-1774/2020 saylı qərarı ilə iddianınn maddi ziyan dəyməsi hissəsində əsassız olması səbəbindən deyil, iddianın əsl olmayan cavabdehə qarşı verilməsi və iddiaya inzibati qaydada yox, mülki icraat qaydasında baxılmalı olması səbəbindən ləğv edilmişdir. Həmçinin, məhkəmə Cavabdeh1 İB-nin iddia ərizəsinə etirazdə gətirdiyi dəlillərə tənqidi yanaşaraq, onların əsassız olması qənaətinə gəlir. Belə ki, cavabdehin özünün də etirazda qeyd etdiyi kimi, “xxxx” MMC tərəfindən tikinti-quraşdırma işləri aparılmasına baxmayaraq, Cəlilabad Mərkəzi rayon xəstəxanasının 7-386-13 nömrəli sifarişi əsasında Cəlilabad şəhəri M.Hüseyn küçəsində yerləşən Mərkəzi rayon xəstəxanasının qazanxanasının qazlaşdırılması üçün işçi layihə Cavabdeh1 İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 2013cü ildə tərtib edilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, dəymiş ziyana görə cavabdehliyi “xxxx” MMC yox, layihəni tərtib etmiş layihə Cavabdeh1 İB daşımalıdır.Həmçinin, Cavabdeh1 İB-nin iddiaçının ona qarşı qaz kəmərinin çəkilməsi ilə əlaqədar 2013-cü ildən istifadə edə bilmədiyi torpaq sahəsinə dəymiş zərər kimi hər il üçün 15.000 manat olmaqla ümumilikdə 45.000 manat məbləğin ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 16.03.2016-cı il tarixli 2-1(86)-53/2016 saylı qərarına istinad etməsini də məhkəmə əsassız sayır. Belə ki, iddia tələbləri bir-birindən predmetinə görə fərqli olmaqla, hazırki iddia predmetinin predmetini kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tamamilə əldən çıxmasına görə dəymiş ziyan tələbi təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təxminən 76 faiz həcmində təmin edildiyinə görə iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 22,80 manatı cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 İB-dən və “Cavabdeh2“ ASC-dən müştərək qaydada 55000 (əlli beş min) manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun 22,80 (iyirmi iki manat 80 qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar