Məhkəmə qərarları › İş №2(011)-312/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-312/2025

07.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-312/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 21A, mənzil 305 ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 21A, mənzil 307 arasında yerləşən dəhlizdə Cavabdeh tərəfindən tikilmiş zəbt olunmuş yerin sökülməsini, əvvələki vəziyyətə qaytarılaraq ona verilməsini və dövlət rüsumu olaraq 101 manatın Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında 305 nömrəli 2 otaqlı mənzildə yaşayır. O 1985-2015-ci il tarixə kimi olan müddət ərzində «Ulduz» zavodunda sürücü işləmişdir və hazırda yaşila bağlı təqaüddədir. Həmin ev ona «Ulduz» zavodu tərəfindən 1987-ci il tarixdə verilmişdir. Hazırda tərəfindən həmin mənzil özəlləşdirilmişdir. Onunla üzbəüz ünvan 1 ünvanında 307 №-li mənzildə onunla eyni zavodda elektrik işləyən Cavabdeh Müstəcəb oğlu yaşayır. Həmin ev ona «Ulduz» zavodu tərəfindən 1987-ci il tarixdə verilmişdir. Cavabdeh Müstəcəb oğlu tərəfindən həmin mənzillərin girişində dəhlizdə olan yerdə plastikdən əl damı olaraq xeyli müddət olar ki, zəbt olunmuşdur və saxlanc olaraq istifadə etmişdir və o bir neçə dəfə bununla bağlı ona irad bildirmişdir o isə buna əhəmiyyət verməmişdir. Ona görə də onların bir neçə dəfə mübahisəsi olmuşdur. Cavabdeh qeyri-qanuni olaraq ümumi dəhlizdə ona düşən hissə daxil olmaqla 80% dəhlizi zəbt etdiyi yeri boşaltmaq istəmir. O ona aid olan dəhliz hissədən istifadə edə bilmir. Qonşuların və onun müraciətinə baxmayaraq Cavabdeh zəbt etdiyi ərazini boşaltmaq istəmir. O onunla aralarında hər hansı münaqişənin olmasını istəmir. Cavabdeh iddiaya dair münasibəti: Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 21 a saylı ev “Ulduz” EİB-nə məxsus yataqxana binası olmuşdur. 2007-ci ilə qədər həmin yataqxana binası “Ulduz” EİB-in balansında olmuş, həmin tarixdən Dövlət Əmlak Komitəsinin balansında olmuş, artıq bir neçə illərdir ki, Bakı şəhər İH-nin balansında olmaqla özəlləşdirməyə açıq elan edilmişdir. Yataqxana binasında mənzillərin bir otağı 12 kv.m təşkil edir, mənzillər 2 otaqdan ibarətdir. Mənzillər kiçik olduğundan, tədricən ailə üzvlərinin sayı artdığından, həmçinin mənzil növbəsində olan sakinlərin mənzillə təmin olunmaması səbəbindən, 1990-2000-ci illərdə balans sahibi “Ulduz” EİB-in o dövrdəki rəhbərliyinin, həmçinin sakinlərin özlərinin qarşılıqlı razılığı ilə, demək olar ki, bütün sakinlər tərəfindən öz mənzillərinin qarşısında saxlanc yeri inşa edilmişdir. Həmin dövrdə Cavabdeh tərəfindən də özünün mənzilinə bitişik sahədə əşyaların saxlanması üçün yüngül, yəni plastik kostruksiyalı anbar yeri quraşdırılmış və 20 ildən artıq müddətdə istifadə olunmaqdadır. Bu müddət ərzində qonşular, o cümlədən İddiaçı tərəfindən Cavabdeh qarşı heç bir irad bildirilməmiş, lakin bir neçə ay bundan əvvəl, yəni İddiaçı mənzilini özəlləşdirdikdən sonra Cavabdeh qarşı irad bildirməyə başlamışdır. Halbuki, İddiaçı özü də mənzilinə bitişik sahədə əşyaların saxlanması üçün anbar yeri quraşdırmış və istifadəsindədir. Digər qonşuların isə Cavabdeh qarşı, eyni zamanda Cavabdeh də qonşularına qarşı heç bir iradı yoxdur. Xüsusilə qeyd etmək lazımdır ki, iddiaçının özünə düşən hesab etdiyi sahənin onun mülkiyyətində olan sahəyə heç bir aidiyyəti yoxdur. Belə olan halda, iddiaçı hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyil. Digər tərəfdən, qeyd edildiyi kimi, Cavabdeh tərəfindən özünün mənzilinə bitişik sahədə quraşdırılmış sahə 20 il bundan əvvəl quraşdırılmış və ötən müddət ərzində qonşular, o cümlədən İddiaçı tərəfindən Cavabdeh qarşı heç bir irad bildirilməmişdir. Belə olan halda, hətta iddia əsaslı hesab edilsə belə, iddia müddəti ötürüldüyünə görə iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir. Nəhayət, hətta əgər İddiaçı Cavabdeh tərəfindən quraşdırılmış sahə sökülməsini tələb edirsə, onda bütün binada, o cümlədən qonşular, xüsusilə də İddiaçı özü tərəfindən də quraşdırmış və istifadəsində olan sahə də sökülməlidir. Belə ki, iddiaçı hesab edirik ki, onun tikdiyi hissə qanunidir, qonşularınkı isə əksinə. Təbii ki, bu hal məntiqsiz və qəbul edilməzdir. Beləliklə, işin həqiqi hallarından göründüyü kimi, iddia tələbi qanunsuz və əsassız olmaqla yanaşı iddiada göstərilənlər həqiqətə uyğun deyildir. Göstərilənlərə əsasən, Xətai rayon Məhkəməsinin (sədrlik edən: hakim Əminə Abbasova) icraatında olan 2(011)-6600/2024 saylı iş üzrə İddiaçı tərəfindən Cavabdeh qarşı İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 21 a saylı evin 305 saylı mənzil ilə üzbəüz dəhlizdə Cavabdeh tərəfindən tikilmiş zəbt olunmuş yerin sökülməsi, əvvəlki vəziyyətə qaytarılaraq iddiaçıya verilməsi və 101 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə iddianın əsassız olduğuna və iddia müddəti ötürüldüyünə görə rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Lakin eyni zamanda qeyd etmişdir ki, iddia tələbində göstərilən maneə artıq aradan qaldırılmışdır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiyini, iddia tələbində göstərilən maneələrin artıq aradan qaldırıldığını və buna görə iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: ünvan 2 ünvanında yerləşən 305 saylı mənzilə dair mülkiyyət hüququ xx.xx.2020-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********00-05101-093009; qeydiyyat nömrəsi **********). 10/10233 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 3ən 305 saylı və ünvan 3ən 307 saylı mənzillərin girişində dəhlizdə inşa edilmiş plastik əl damının 2.4 metr uzunluqda, 1.0 metr enində və 2.7 met hündülükdə plastik materialdan quraşdıldığı və iddiaçıya məxsus 305 saylı mənzilin giriş qapısından 1.0 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerində baxış zamanı müəyyən edilmişdir ki, ünvan 3ən 305 saylı mənzil ilə ünvan 3ən 307 saylı mənzil 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Həmin mənzillər üzbə üzdürlər və aralarında dəhliz vardır. ünvan 3ən 307 saylı mənzilin yanında plastik əl damı tikilmişdir. Həmin əl damı ilə ünvan 3ən 305 saylı mənzil arasında təxmini 1 metr məsafə qeyd olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 170. Qonşuluq hüququ 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus ünvan 3ən 305 saylı mənzil və Cavabdeh məxsus ünvan 3ən 307 saylı mənzil çoxmənzilli binada yerləşən qonşu mənzillərdir. Həmin mənzillərin aralarında yerləşən dəhliz sahə mülkiyyətçilərinin ümumi əmlakıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik etməyə və ondan istifadə etməyə haqlıdır. Lakin öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə tərəfindən keçirilən yerli baxışa və təyin edilmiş ekspertiza rəyinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyəti olan dəhlizdə Cavabdeh tərəfindən 2.4 metr uzunluqda, 1.0 metr enində və 2.7 met hündülükdə plastik əl damı inşa edilmişdir. İddiaçı iddia ərizəsində həmin əl damının onun mülkiyyət hüquqlarını məhdudlaşdıraraq maneə yaratdığını bildirsədə həmin iddia öz təstiqini tapmamışdır. Cavabdeh tərəfindən inşa edilmiş 2.4 metr uzunluqda, 1.0 metr enində və 2.7 met hündülükdə plastik əl damı ilə İddiaçı məxsus mənzil arasında 1 metr məsafə olduğu qeydə alınmışdır. Həmçinin İddiaçı məhkəmə iclasında bildirmişdir ki, iddia tələbində qeyd etdiyi maneələr cavabdeh tərəfindən aradan qaldırılmışdır və hal hazırda Cavabdeh ilə hər hansısa mübahisəsi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 21A, mənzil 305 ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 21A, mənzil 307 arasında yerləşən dəhlizdə Cavabdeh tərəfindən tikilmiş zəbt olunmuş yerin sökülməsini, əvvələki vəziyyətə qaytarılaraq ona verilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəsi verərək, bildirmişdir ki, cavabdeh ərizəsində tərəfindən özünün mənzilinə bitişik sahədə quraşdırılmış sahə 20 il bundan əvvəl quraşdırılmış və ötən müddət ərzində qonşular, o cümlədən İddiaçı tərəfindən Cavabdeh qarşı heç bir irad bildirilmədiyindən, hətta iddia əsaslı hesab edilsə belə, iddia müddəti ötürüldüyünə görə iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə qiymət verərək qeyd edir ki, hazırki iddia mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələb olduğuna görə iddia müddətinin şamil edilmir. Odur ki, hazırkı iddia ərizəsinə münasibətdə iddia müddətinin tətbiqi yolverilməzdir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilmədiyinə görə, iddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutula bilməz. Eyni zamanda məhkəmə xərclərinə daxil ekspertiza tədqiqatının dəyəri olan 100 manat, iddia təmin edilmədiyinə görə, İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 21A, mənzil 305 ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 21A, mənzil 307 arasında yerləşən dəhlizdə Cavabdeh tərəfindən tikilmiş zəbt olunmuş yerin sökülməsini, əvvəlki vəziyyətə qaytarılaraq ona verilməsini və dövlət rüsumu olaraq 101 manatın Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar