Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3135/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ona məxsus **- DB-*** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtomobilin 21 yanvar 2022-ci il tarixində yanacaq çənində olan torun (setkanın) təmizlənməsi üçün Bakı şəhəri, Fəzail Bayramov 26 küçəsində yerləşən "xxxx" nin servisinə müraciət etmişdir. Servsidə tor təmizləndikdən sonra avtomaşının yanacaq nasosu əvəllər olmayan və köhnə nasoslarda olduğu kimi fit səsini verməyə başlamışdır. Sanki yanacaq nasosu başqa köhnə bir nasosla dəyişdirilmişdir. Üzə çıxan qüsur haqqında servisə xəbərdarlıq etdikdə servis tərəfindən ona nasosu endirimlə 60 manata verəcəklərini, təmir xərcini isə 15 manata görəcəklərini qeyd etmişlər. Daha sonra müraciət etdikdə isə servis tərəfindən ona “bizlik deyil” cavabını verdilər və əlavə olaraq yanacaq nasosunun 445 manat, dəyişdirilməsi xərcinin isə 102 manat olduğunu, nasosu isə ona 10% güzəştlə verə biləcəklərini qeyd etmişlər. O, isə bu qədər xərci ödəməyə imkanının olmadığını bildirmişdir. Bundan əlavə o, hesab edir ki, "xxxx" MMC-nin servisinin səhvi nəticəsində yaranan qüsurun xərcinin onun tərəfindən aradan qaldırılması qanunsuz və əsassızdır. Belə ki, servisin səhvi nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq, cavabdeh "xxxx" MMC-nin servisinin səhvi nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olan 550 manatın, məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın və iddia ərizəsinin yazılması üçün hüquq xidmətinə ödənilmiş 50 manat pul məbləğinin, ümumilikdə 630 manat məbləğində pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və eyni zamanda vəkili X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X2 bildirmişdir ki, iddiaçı avtomobilində yaranmış hər hansı qüsurla bağlı "xxxx" MMC-yə rəsmi müraciət etməmişdir və cavabdeh onun avtomobilində yaranmış qüsurla bağlı məsuliyyət daşımır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı sübut qismində yalnız iş materiallarında olan 21 yanvar 2022-ci il tarixli hesab-fakturanın surətini təqdim etmişdir ki, həmin hesab-fakturadan “X4 Prado” markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobildə həmin tarixdə "xxxx" MMC-nin servisi tərəfindən yanacaq çənin setkasının təmizlənməsi və yanacaq çənin qoruyucusunun təmiri ilə bağlı işlər görülmüş, yekun məbləğ olan 99 manat pul vəsaiti iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı ona 550 manat məbləğində maddi zərərin dəyməsini və həmin zərərin dəyməsində cavabdeh təşkilatın təqsirinin olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3135/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3135/2022
22.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver