Məhkəmə qərarları › İş №2(011)-3138/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3138/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3138/2023 27.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı "xxxx" KB ASC ilə borclu X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə illik 27% ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır.

2. Müqaviləyə əsasən müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir.

3. "xxxx" KB ASC tərəfindən verilmiş sorğu ilə bağlı Bakı şəhəri, 36 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli şəhadətnaməsinə əsasən Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi müəyyən edilmişdir ki, bu da cavabdehin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir.

İddiaçının tələbi:

4. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 476.91 manat əsas, 8.16 manat faiz olmaqla, cəmi 485.07 manat məbləğində borcun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

Cavabdehin şəxsin etirazı:

5. Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. iştirakı olmadan baxmağı mümkün hesab edir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. xx.xx.2020-ci il tarixli, 2V-51 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə ölmüş X1 vərəsəsi Cavabdehdır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.6 kv/m olan fərdi yaşayış evindən ibarətdir.

9. xx.xx.2020-ci il tarixli, 2V-52 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə ölmüş X1 vərəsəsi Cavabdehdır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ban nömrəsi NAAU01FE5ET036419, mühərrikin nömrəsi 160B0066964 və buraılış ili 2013 olan Runna Minik markalı 99GP486 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

10. AZ-İİ № 040789 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2020-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 65 № ilə qeyd edilmiş, ölümün səbəbi kimi klassik hockin limfomasının digər formaları göstərilmişdir.

11. xx.xx.2025-ci il tarixli, 3027tkHAS/15 saylı kredit xətti və bank hesabı müqaviləsinə əsasən, bank borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə illik 27% ödəmək şərtilə 300 manat məbləğində kredit xətti ayırmağı, borcalan isə kredit xəttindən məqsədli təyinatına uyğun istifadə etməyi və krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür;

12. xx.xx.2020-ci il tarixli bildiriş və onun göndərilməsinə dair xx.xx.2020-ci il tarixli poçt göndərişlərinə dair reyestrə əsasən, X3 banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir;

13. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X1 3027tkHAS/15 saylı kredit müqaviləsi üzrə ümumi borcu 485.07 manat məbləğindədir.

14. xx.xx.2020-ci il tarixli "xxxx" ASC tərəfindən Bakı şəhəri 36 saylı Notariat ofisinə göndərilmiş sorğu xx.xx.2020-ci il tarixli poçt qəbzinə əsasən, borc tələbi ilə bağlı məhkəməyə müraciət olunması üçün X1 əmlakı üzərində vərəsənin (vərəsələrin) kimliyi və miras əmlakının həcminin öyrənilməsi barədə məlumat verilməsi xahiş edilmişdir.

15. xx.xx.2023-cü il tarixli bildiriş və onun göndərilməsinə dair xx.xx.2023-cü il tarixli poçt qəbzinə əsasən, Cavabdeh borclunun vərəsəsi təyin edildiyinə görə borclunun banka olan bütün borc məbləğini tam olaraq 5 gün müddətində ödəməsi təklif edilmiş, əks təqdirdə borc məbləğinin və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Zamin və vərəsələrin əsas borca görə hesablanan faizlərə dair məsuliyyətli olub-olmaması məsələsinə gəlincə isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, müqavilənin müddətinin bitməsi, əks hal razılaşdırılmadığı təqdirdə tərəflər arasında müqavilə münasibətlərinin sona çatmasına səbəb olmur, tərəflər arasında öhdəlik münasibətləri davam edir, kreditor yenə də borcludan müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək səlahiyyətinə malik olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

20. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, "xxxx" KB ASC ilə X4 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

21. İş materiallarından görünür ki, borclu tərəf vəfat etmiş, lakin onun qanun üzrə yeganə vərəsəsi mərhumun arvadı Cavabdehdır. MM-in 1309-cu maddəsinə görə vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Lakin Cavabdeh tərəfindən borclunun vəfat etməsi və onun vərəsə kimi çıxış etməsi barədə iddiaçıya heç bir xəbərdarlıq edilməmişdir. Daha sonradan iddiaçı "xxxx" KB ASC tərəfindən Bakı şəhəri 36 saylı Notariat ofisinə göndərilmiş sorğu əsasında müəyyən edilmişdir ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür və onun vərəsəsi Cavabdehdır. Borclunun ölməsi nəticəsində Cavabdeh miras əmlakı qalmış, miras əmlak kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.6 kv/m olan fərdi yaşayış evi və ban nömrəsi NAAU01FE5ET036419, mühərrikin nömrəsi 160B0066964 və buraxılış ili 2013 olan Runna Minik markalı 99GP486 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi müəyyən edilmişdir. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Beləliklə, Cavabdeh X1 vərəsəsi olduğundan, X1 borclarına görə də öhdəlik məhz Cavabdeh məxsusdur. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. MM-in 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Sadalananları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının X1 yeganə vərəsəsi olan Cavabdeh borcu tələb etməsi əsaslıdır və təmin edilməlidir.

22. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən vərəsələrin əsas borca görə hesablanan faizlərə dair məsuliyyətli olub-olmaması məsələsinə gəlincə isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, müqavilənin müddətinin bitməsi, əks hal razılaşdırılmadığı təqdirdə tərəflər arasında müqavilə münasibətlərinin sona çatmasına səbəb olmur, tərəflər arasında öhdəlik münasibətləri davam edir, kreditor yenə də borcludan müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək səlahiyyətinə malik olur. Məhkəmə hesab edir ki, iddiaçının faizlə bağlı tələbi əsaslıdır və təmin edilməlidir.

23. Məhkəmə işin materiallarını, mülki işə əlavə olunmuş sənədləri, qanunvericilik aktlarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 476.91 manat əsas, 8.16 manat faiz olmaqla, cəmi 485.07 AZN məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 mant və dövlət rüsumunun ödənilməsi xidməti üçün 0,40 manat, ümumilikdə 30.40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdeh 476.91 manat əsas, 8.16 manat faiz olmaqla, cəmi 485.07 (dörd yüz səksən beş manat yeddi qəpik) manat pul vəsaiti tutualaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin.

4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar