Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3153/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2020-cı il tarixli, 2(011)- 1542/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin dəyişdirilərək, cavabdehdən 06.08.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 12.02.2020-cı il tarixli, 2(011)-1542/2020 saylı qətnaməsi ilə 06.08.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X1 onun xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği uşağın saxlanmasına kifayət etmir. "Yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən uşaqların saxlanması üçün minumum yaşayış həddi 193 manat müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamənin çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin qəbul etməyərək izahatında hazırda heç yerdə işləmədiyini, digər nikahdan 3 azyaşlı övladının olduğunu göstərdi və iddianın təmin olunmaması barədə qətnamənin çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2020-cı il tarixli, 2(011)-1542/2020 saylı qətnaməsindən görünür ki, həmin məhkəmənin 16.03.2017-cı il tarixli, 2(011)-2804/2017saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiası qismən təmin edilmiş, birgə nikahdan olan 06.08.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh 05.06.2009-cu il tarixdə X3 ilə nikaha daxil olmuşdur və nikahdan üç yetkinlik yaşına çatmamış uşaqları vardır. 09.04.2022-ci il tarixli ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müƏliəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, uşağın mənafeyini, cavabdehin maddi vəziyyətiniƏ onun himayəsində digər nikahdan üç uşağının olmasını nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2020-cı il tarixli, 2(011)-1542/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh 06.08.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2020-cı il tarixli, 2(011)-1542/2020 saylı qətnaməsi ilə təyin edilmiş aliment dəyişdirilsin. Cavabdeh 06.08.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılmasının başlanğıcı qətnamə qanuni qüvvəyə mindikdən sonra hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3153/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3153/2022
24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver