Məhkəmə qərarları › İş №2(011)-3175/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3175/2023

26.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3175/2023 26.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 aprel 2009-cu il təvəllüdlü X2 və 13 aprel 2014-cü il təvəllüdlü X3 18 yaşına çatanadək hər ay öz xeyrinə 220 manat, cəmi 440 manat məbləğində aliment kəsilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülki iş üzrə iddia tələbinin azaldılması və hər uşaq üçün 200 manat məbləğində alimentin təyin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3343/2022 saylı Qətnaməsinə əsasən 11 aprel 2009-cu il təvəllüdlü X2 və 13 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat aliment tutulması qət edilmişdir, 6 ildir ki cavabdehlə boşanmışdırlar, iki övladları var, hazırda alimentin artırılmasını istəyir, həmin məbləğ övladlarının haqqıdır, alimenti özünə görə yox, övladlarına görə istəyir, cavabdehin alimentə görə 3000 manata yaxın borcu var, uşaqlarının tərbiyəsinə söz ola biməz, cavabdeh sağlam insandır, evi var, onun qaldığı ev öz atasının evidir, ailəsini də o evə gətirmişdir, cavabdeh restoranlara gedir, gəzir, onun imkanı vardır, özü işləyir, vergi çıxıldıqdan sonra əlinə 400 manat pul gəlir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, aldığı əmək haqqı aşağıdır, imkanı yoxdur, aliment ödənilməsindən imtina etmir, lakin xəstədir, ağır işlərdə işləyə bilmir, bu aliment məsuliyyətindən azad etmir, amma məhkəmə ailə quran, uşağı olan şəxsi də nəzərə almalıdır, 19 il özü dövlətə xidmət etmişdir, dəfələrlə iddiaçı ilə əsassız münaqişələri olmuşdur, alimentə görə borcu olmuşdur, 2021-ci ilin may ayında həmin borcunu bağlamışdır, hazırda da aliment borcu var, gücü çatdığı qədər 150-200 manat aliment ödəyir, iddiaçı da bağçada işləyir, maaş alır, 2019-cu ildə özü evlənmişdir, həmin nikahdan Gülay adında 4 yaşlı uşağı var, 2019-cu ilə qədər xüsusi təyinatlı kəşfiyyatda işləmişdir, yaxşı gəliri olmuşdur, lakin daha sonra iddiaçı tərəf ilə münaqişə olmuş, buna görə də işdən xaric edilmişdir, iddiaçı ilə nikahdan olan uşaqlarının 14 və 9 yaşı var, onlara görə 386 manat aliment ödəyir, hazırda 7 manat artırmaqla, hərəsi üçün 200 ödəyə bilər, hazırda “Dost” xidmətində işləyir, heçnəyi – maşını, evi yoxdur. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3343/2022 saylı Qətnaməsinə əsasən, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4622/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən, 11 aprel 2009-cu il təvəllüdlü X2 və 13 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 200926 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 11 aprel 2009-cu ildə Bakıda anadan olmuşdur. Onun valideynləri - atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 200927 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13 aprel 2014-cü ildə Bakıda anadan olmuşdur. Onun valideynləri - atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “İMS iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 283243 saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh və X4 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır, bu barədə eyni tarixdə 1577 № ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Şükürov”, arvada “Şükürova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli 2-17-7/2-Ş-17624/2023 saylı Arayışdan görünür ki, Cavabdeh 2 mart 2022-ci il tarixindən "xxxx" MMC-də Xətai rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır. Cavabdeh aylıq əmək haqqısı 345 manatdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsində tərbiyəçi, uşaq bağçaları/köməkçi işçilər vəzifəsində çalışır, əmək haqqı 518 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan 11 aprel 2009-cu il təvəllüdlü X2 və 13 aprel 2014-cü il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, uşaqlar hal-hazırda iddiaçının himayəsindədir, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3343/2022 saylı Qətnaməsi əsasında müəyyən olunmuş hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat miqdarında aliment məbləği uşaqların saxlanması məqsəd ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi onların əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsində işləyir, aylıq əmək haqqı 518 manatdır, cavabdeh "xxxx" MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır, aylıq əmək haqqı 345 manatdır, yenidən ailə həyatı qurmuşdur, həmin nikahdan bir uşağı var, iddia tələbini hər uşaq üçün 200 manat ödəməyə razıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 3343/2022 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, iddiaçının işləməsini, onun aylıq əmək haqqını, cavabdehin yenidən nikaha daxil olmasını, həmin nikahdan bir uşağının olmasını, işləməsini, peşəsini, aylıq əmək haqqını, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, habelə cavabdehin razılığını nəzərə alaraq 11 aprel 2009-cu il təvəllüdlü X2 və 13 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3343/2022 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 11 aprel 2009-cu il təvəllüdlü X2 və 13 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq cavabdehdən hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatadək olduğundan (14x12ay) cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3343/2022 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 11 aprel 2009-cu il təvəllüdlü X2 və 13 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar